Siyasət

Lavrovun Mirzoyanla görüşdə hərbi əsir mövzusunda sərt tonu… (ŞƏRH)

Sergey Lavrovun Mirzoyanla görüşdə “Azərbaycan hərbi əsirləri (erməni terrorçular) ilkin şərt olmadan qaytarmalıdır” açıqlamasının sərt tonu ermənilərə jestdən daha çox, Bakının sərgilədiyi mövqenin Moskvanı qıcıqlandırmasından qaynaqlanır.

AzToday.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı Lavrovun Mirzoyanla görüşdə səslənən fikirləri şərh edərkən deyib. O, Azərbaycan rəhbərinin bu tip tələbləri qəbul etmədiyini bildirib:

“Birincisi, Əliyev Putinin bu məsələ ilə bağlı istəklərini qəbul etmir: Lavrov özü də deyir ki, Putinin İlham Əliyevlə təmaslarında və digər səviyyələrdə bu siqnalı göndərirlər.

İkincisi, 30 avqustda Moskva Bakıdan istədiyini ala bilməyib. Rusiyanın yeni həmsədri İqor Xovayev Lavrov-Mirzoyan görüşündən bir gün öncə Bakıda Ceyhun Bayramovun qəbulunda oldu və istisna deyil ki, istəklərdən biri də Moskvanın vasitəçiliyi ilə erməni terrorçularla mina xəritələrinin növbəti barteri olub:
1. ruslara öz vasitəçiliyini nümayiş etdirmək üçün növbəti “kiçik uğur” lazımdır;

2. ruslar “əsir-mina xəritəsi” məsələsini birdəfəlik həll etmək və Qərbin bölgədə vasitəçiliyinə zəmin yarada biləcək amili aradan qaldırmaq istəyir.

Bakı rusların istəyini təkcə mina xəritələrinin çox hissəsinin saxta olmasına görə yox, həm də Moskvanın Qarabağda separatçılara dəstəyinə cavab olaraq geri çevirib. Bu, ruslar üçün Qərbin (ABŞ) yenidən “humanitar məsələlərdə vasitəçiliyinə” risk yaratması siqnalıdır.

Görünür, Bakı üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasının yubanması və rusların Qarabağda suverenliyimizə təhdidlər yaratması fonunda oyunu açıq və sərt oynayır. Lavrovun açıqlamasının tonu da “gözləmədikləri reaksiyadan” qaynaqlanır”.

Bənzər yazılar

Back to top button