Hadisə

Bələdiyyə prezidentin qaziyə verdiyi torpağı satdı: “Bir tək qazanc yerimiz ora idi” – ŞİKAYƏT

Quba rayonu Alekseyevka bələdiyyəsi prezidentin göstərişi ilə Qarabağ qazisinə verilmiş torpağı satıb.

Bu barədə Yenicag.az-a Quba rayon Qacar-Zeyd kənd sakini Əliyarov Beybala Bibiqulu oğlu məlumat verib.

Beybala Əliyarov bildirib ki, prezident İlham Əliyevə müraciət edəndən sonra ona Qacar-Zeyd kəndindən 2014-cü ildə 50 sot bələdiyyə torpağı verilib:

“13 il bələdiyyə torpağındakı bağa baxdım. O torpaqda 400 məhsuldar ağac olmalı idi, ancaq bağ bizə veriləndə 100 ədəd məhsuldar ağac var idi. Dəfələrlə bələdiyyə sədrlərinə müraciət etdim ki, bağa yeni ağaclar əkim. Bələdiyyədən bildirdilər ki, müqavilə şərtləri gəlsin, ondan sonra bağı uzun müddətə sizə verəcəyik. 13 il bağa xərc qoymadan baxdım. 2021-ci ilin may ayında Elçin Manfov adlı bələdiyyə sədri bağı bizim icazəmiz olmadan başqa bir vətəndaşa 49 illik müqavilə ilə verib. Niyə şəhid ailəsinə, Qarabağ qazisinə yox, başqa bir vətəndaşa 400 manata satıb?! Əlimdə çeklərim var. Qanunla həmin bağ satışa çıxarılacaqdısa, birinci bizə təklif olunmalı idi. Prezidentin şəxsi göstərişi ilə verilən torpağı bələdiyyə niyə görə əlimdən alıb, başqa bir adama satır? Üstümə şər atırlar ki, bağa baxmamısınız. Dəfələrlə keçmiş bələdiyyələrə müraciət etmişdim ki, bağı inkişaf etdirmək üçün icazə versinlər, o icazəni vermirdilər. İkinci qrup Qarabağ əlili, 4 uşaq atasıyam. Ailə vəziyyətim də yaxşı deyil. Bir tək qazanc yerimiz ora idi, onu da əlimizdən aldılar”.

Əliyarov Beybalanın sözlərinə görə, onunla yanaşı şəhid ailəsi Sinəgül xanımın da torpağını əlindən alıb satıblar:

“Bizə o torpağı prezident verib. Prezidentin verdiyi torpağı bələdiyyə niyə əlimizdən alır? Rayondakı bütün dövlət qurumlarına müraciət etmişəm, hamısı deyir ki, məhkəməyə ver. Prezidentin verdiyi torpağı məhkəmə ilə geri qaytaraq? Bu absurddur”.

Əliyarov Beybala və Sinəgül xanım ölkə rəhbərliyinə müraciət edərək bələdiyyənin bu qanunsuzluğuna qarşı yardım istəyiblər.

Bənzər yazılar

Back to top button