Cəmiyyət

Siyasi məhbusun həyat yoldaşı nazirlik qarşısında aksiya keçirib (VİDEO)

Siyasi məhbus, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətovun həyat yoldaşı fevralın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz aksiyası keçirib.

Aygün Hümbətova piketə üç övladını da gətirib. Onlardan böyüyü, səkkiz yaşındakı oğlan əsəb sisteminin anadangəlmə xəstəliyindən əziyyət çəkir. Hümbətova xəstə övladına aylıq müavinət təyin edilməsi prosesində süründürməçiliklə bağlı şikayətinə baxılmasını, tibbi komissiyadakı bürokratların cəzalandırılmasını, həmçinin həyat yoldaşının azad edilməsini tələb edib.

Onu övladları ilə birlikdə nazirliyə dəvət ediblər. Aygün Hümbətova binadan çıxarkən bildirib ki, ona 88 nömrəli formanı gətirmək təklif olunub, bundan sonra uşağa müavinət təyin edilməsi məsələsi həll ediləcək. Nazirliyin mətbuat xidmətindən bunu Turan-a təsdiq ediblər.

Hümbətovanın sözlərinə görə, ötən il əri həbs edildikdən sonra ailə çıxılmaz vəziyyətə düşüb. Uşağa xəstəliyi ilə əlaqədar müavinət almaq üçün tibbi komissiyadan keçmək, təhlillər vermək və s. lazımdır. Amma onun xəstə övladını əlilliyin müəyyən edilməsi məqsədilə dəfələrlə müxtəlif instansiyalara aparması üçün evdə digər iki övladının yanında qalacaq adam yoxdur.

“Dövlət həyat yoldaşımı 10 il müddətinə həbs edib. Mən analıq məzuniyyətindəyəm, pul almıram, işləmirəm, bizə kömək edəcək heç kim yoxdur, yarımdağılmış evdə yaşayırıq. Nəinki nəqliyyata, heç uşaqların qarını doyurmağa belə vəsait olmadığı halda, uşağa əlillik almaq üçün bütün tibbi instansiyaları necə gəzə bilərəm?”, deyə Aygün Hümbətova Turan-a bildirib.

2021-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətovu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Hökmə əsasən, o, qonşusu Məmmədovu bıçaqladığına görə mühakimə edilib. Ona Azərbaycan Cinayət Məcəlləsinin 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddə tətbiq edilib.

Hümbətov əvvəlcə özünü təqsirli bilib, amma sonradan, istintaq zamanı bildirib ki, münaqişədə iştirak etməyib, dalaşmayıb və heç kimi bıçaqlamayıb, saxta cinayət işi isə onu müxalif fəaliyyətinə görə cəzalandırmaq üçündür. Hümbətov ilkin ifadələrindən imtina edib, onları işgəncə altında verdiyini bildirib.

Xatırladaq ki, Aqil Hümbətov ötən il avqustun 11-də saxlanılıb və CM-in 126.2.4-cü maddə ilə ittiham olunub. Xüsusən, o, Zirə qəsəbəsinin sakini Yəmən Məmmədova bıçaqla zərbə endirməkdə ittiham olunub.

Amma hüquq müdafiəçilərinin qənaətinə görə, Hümbətova qarşı təxribat törədilib, fəalın həbsinin əsl səbəbi isə onun sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid etməsi olub.

Bir il əvvəl Hümbətov İnternetdə hakimiyyətin ünvanına tənqidi çıxışından sonra psixiatriya xəstəxanasına salınmışdı.

Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsində Hümbətov barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılacaq.

Bənzər yazılar

Back to top button