Siyasət

Eldar Həsənov İlham Əliyevdən ədalət gözləyir

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq baş prokuror və səfir Eldar Həsənovun işi üzrə hazırlıq iclası davam edib. Əvvəl də olduğu kimi, zala yalnız hakimiyyətyönlü KİV-lər buraxılıb, onların çəkiliş aparmasına icazə verilib.

Vəkillər buna etiraz edərək, digər jurnalistlərə də şərait yaratmağa çağırıblar. Bundan başqa, müdafiə tərəfi prosessual pozuntular olduğunu və Həsənova iş materialları ilə tanış olmaq üçün kifayət qədər vaxt verilmədiyini qeyd edib. Amma məhkəmə vəsatətləri təmin etməyib və Həsənovun şüşə qəfəsdən çıxarılıb vəkillərinin yanına oturdulması barədə vəsatətə baxmayıb.

Həsənov özü bildirib ki, 7 cərrahi əməliyyat keçirmiş şəxs olaraq həbsdə ona lazımi tibbi yardım göstərilməyib. O, ona qarşı ittihamın əsassız olduğunu və işin “bir qrup şəxsin” təşəbbüsü ilə açıldığını təkrar edib.

O deyib ki, İlham Əliyevdən ədalət, məhkəmədən isə ədalətli qərar gözləyir. Bundan sonra hakim bütün jurnalistləri zaldan çıxarıb.

Bəzi məlumatlara görə, prosesdə Həsənovun vəziyyətinin pisləşməsi ilə əlaqədar fasilə elan edilib.

* Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və büdcə vəsaitindən təyinatı üzrə istifadə etməməkdə şübhəli bilinərək saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz əldə edilmiş vəsaitin leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.1. (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Həsənov 2010-2020-ci illər ərzində Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda səfiri vəzifələrində işləyərkən büdcə vəsaitini mənimsəməkdə və oğurlamaqda ittiham olunur. Söhbət səfirlik binalarının alınması və təmir işlərinin həyata keçirilməsi zamanı ümumilikdə 180 min avrodan çox vəsaitin mənimsənilməsindən gedir. (Turan)

Bənzər yazılar

Back to top button