Siyasət

Murad Həmidov: “Qərblə münasibətləri gərginləşdirmək, ən çox hakimiyyətə ziyan gətərəcək”

Sosxeber.info saytının rəhbəri Murad Həmidovla ölkədəki siyasi vəziyyəti dəyərləndirdik.

Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı ağır vəziyyəti necə qiymətləndirirsiniz?
– Bu sahədə vəziyyət çətinləşib. Söhbət ondan gedir ki, artıq insan haqları müdafiəçiləri və vətəndaş cəmiyyətinin qaymaqları həbs edilir. İkinci məsələ ondan ibarətdir ki, bunlar artıq daha uzun müddətə həbs olunurlar. Əvvəllər Azərbaycan hökumətinin siyasi məhbusları həbsdən azadetmə tendensiyası mövcud idi. Artıq bu yoxdur və siyasi məhbuslar azad edilmir. Digər tərəfdən, həbs edilənlər arasında çoxlu gənc var. Onlar fəal şəkildə sosial mediadan istifadə edirdilər.
Sizcə, bu həbslərdən hökumətin məqsədi nədir?
– Bu hadisələrdə Azərbaycan hökumətinin məqsədinin nədən ibarət olduğunu demək bir qədər çətindir. Xalq diplomatiyasını həyata keçirən insanlara qarşı təzyiq kampaniyası həyata keçirmək, onlara basqı etmək münaqişənin həlli üçün ən pis yolu seçməkdir.
Ölkə başçısı Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması ilə bağlı açıq inkarçı mövqe sərgiləyir. Bu mövqeyi necə dəyərləndirirsiniz?
– Hər hansı hökumətin nümayəndəsi beynəlxalq tədbirdə deyəndə ki, bizdə problem yoxdur, ona inanmırlar. Azərbaycan Avropa Şurasına qoşulanda öhdəlik götürüb ki, ölkədə siyasi məhbus olmayacaq. Siyasi məhbus varsa, öhdəlik onları azad etməkdən ibarətdir. Siyasi məhbus yoxdursa, o zaman bu öhdəliyə də ehtiyac yoxdur. İlham Əliyev bu işlərdən xəbərdar olduğunu və baş verənləri araşdıracaqlarını deməlidir. Yaxud bu qərarı verən hakimlərin işinin araşdırılacağını bildirməlidir. Ancaq bunun əvəzində deyir ki, Azərbaycanda siyasi məhbus yoxdur. Bu da inandırıcı deyil.
Sizcə, siyasi məhbus məsələsində Avropa Şurası daha sərt mövqedə duracaqmı?
Azərbaycanda insan haqları ilə bağlı vəziyyət pisləşir, daha çox tendensiya bundan ibarətdir. Azərbaycanda vəziyyətin pis olması ilə bağlı beynəlxalq qurumlar, dünya dövlətlərinin liderləri o qədər məlumat almalıdırlar ki, hökumətə təzyiq etsinlər. Eyni zamanda vətəndaş cəmiyyəti inkişaf etməlidir ki, ölkə daxilində bu məsələ ilə bağlı hökumətə təzyiqlər etsinlər. Belə bir tanınmış, nüfuzlu qəzet yoxdur ki, Azərbaycandakı insan haqları ilə bağlı nəsə yazmasın. “Əl-Cəzirə” kanalı hətta Azərbaycanda insan haqlarının durumu ilə bağlı sənədli film hazırladı. Bir çox yerdərdə bu haqda danışılır. “Avroviziya” vaxtı çox böyük beynəlxalq ictimai kampaniya getdi.

Təəssüf ki, biz daha yüksək səviyyələrdə təzyiqin şahidi deyilik…

Azərbaycanda vəziyyət o həddə çatıb ki, artıq bundan pis ola bilməz. Analoqu olmayan vəziyyətdir. Həm mediaya olan təzyiqlər, həm siyasi məhbuslarla bağlı vəziyyət bundan o tərəfə pisləşə bilməz. Siyasi qərblə münasibəti gərginləşdirmək, ən çox hakimiyyətə ziyan gətərəcək.

Bənzər yazılar

Back to top button