Hadisə

AzTV sədrini “öldürməyə cəhd” ssenarisi quramadır

“AzTV sədri Arif Alışanovu öldürməyə cəhdlə bağlı aparılmış istintaq işi tamamilə quramadır və heç bir fakta əsaslanmır, ona qarşı dələduzluq etmək iddiası isə gülüncdür” – bunları saytımıza məlum cinayət işində təqsirləndirilən Şücayət Əkbərovun qızı Cəmilə Tağıyeva ibtidai istintaqın yekunlaşıb məhkəməyə göndərilməsi xəbərinə münasibət bildirərkən deyib.

C.Tağıyeva deyib ki, vaxtilə ailəmizin yaxın dostu olmuş A.Alışanov brokerliq fəaliyyəti göstərən atamın vasitəsi ilə Şamaxı rayonunun müxtəlif kəndlərində təxminən 5 milyon manata 185 hektar torpaq sahəsi alıb. Həmin sahələri qızlarının, qohumlarının və sürücüsü Hacı Babayevin adına rəsmiləşdirib. Lakin A.Alışanov sonradan verdiyi pulları müxtəlif üsullarla atamdan geri almağa çalışıb. Bu niyyətini gerçəkləşdirmək, eləcə də borclu qaldığı 860 min manatı ödəməmək üçün o, məlum “öldürməyə cəhd” ssenarisini işə salıb.

Bu ssenari reallaşdıqdan sonra atam həbs olunub, AzTV sədri Şamaxıdakı fermamızı, onlarca mal-qaramızı, yüzlərlə qoyun-quzumuzu, Aqrolizinqdən icarə götürdüyümüz çoxsaylı texnikanı, hətta yaşadığımız evi belə ələ keçirib. Bütün bunları bilə-bilə istintaq formal və birtərəfli aparılıb. Hara və kimə şikayət etmişiksə nəticəsi olmayıb, ona görə də indi heç olmasa, məhkəmənin ədalətli qərar çıxacağına ümid edirik – deyə C.Tağıyeva əlavə edib.

Xatırladırıq ki, AzTV sədri A.Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Adları çəkilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

Bənzər yazılar

Back to top button