Bizim seçimMədəniyyət

Ziya

İstedadlı tələbə-aktyor niyə ən varlı insanlardan biri olmaq istəmir?

Ziya-işıq deməkdir. Memarlıq və İnşaat Universitetinin məzunu, Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, Akademik Milli Dram Teatrının aktyoru Ziya Ağa istedadı, əzmkarlığı, bilik və bacarığı səhnəmizə, kinematoqrafiyamıza gur bir işıq gətirməyə çalışır.

Gənc aktyor filmlərə, teleseriallara tez-tez dəvət alır, əsas rollara çəkilir. Ziya bu yaxınlarda daha bir sənət uğuruna imza atıb, Moskvada tələbələr arasında keçirilən beynəlxalq teatr festivalında mükafat qazanıb. Münsiflər onun yaratdığı Otello obrazını yüksək qiymətləndiriblər və Ziya Ağa festivalda “Ən yaxşı aktyor” üçün nəzərdə tutulan mükafata sahib çıxıb. Ümid edək ki, Ziyanın belə uğurları bol olacaq, səhnəmizdəki, kinomuzdakı işığı daha gur yanacaq.

Ziya Ağa həyat, teatr və kino haqqında düşüncələrini oxucularımızla bölüşür:

“Müğənni olmaq, məşhurlaşmaq istəyirdim”

Türk müğənnisi Tarkanın yeni populyar olan vaxtları idi, mən də müğənni olmaq, stadionlarda konsertlər vermək, məşhurlaşmaq istəyirdim. Amma məktəbdə oxuyanda elə bir mənəvi zərbə aldım ki… Yaşayış yerimizi dəyişdiyimiz üçün başqa bir məktəbə getməli oldum. İlk dərs günü müəllim soruşdu ki, kim mahnı oxuya bilər? Dərhal əlimi qaldırıb irəli keçdim. Necə oxudumsa hamı gülməyə, məni lağa qoymağa başladı. Məktəbi bitirənə qədər daha bir də lövhə qarşısına çıxmadım, elə dərslərimi də oturduğum yerdən danışdım. Müğənni olmaq arzusundan vaz keçsəm də düşündüm ki, kino aktyor kimi də məşhurlaşmaq, qırmızı xalçanın üstündən addımlayıb mükafatlar almaq da pis deyil. Bu dəfə valideynlərim razı olmadı, onlar məni dövlət qulluqçusu görmək istəyirdilər. Mən də sənədlərimi ikinci qrupa verməli oldum.

Memarlıq və İnşaat Universitetinə qəbul olunsam da hiss edirdim ki, sevmədiyim işlə məşğulam. Uşaqlıq dostum, indi rejissor və ssenarist kimi tanınan Pərviz Seyidli məni tez-tez teatr tamaşalarına aparmaqla sanki depressiyadan çıxmağıma yardımçı oldu, həm də teatr sənətinə məndə maraq oyatdı. YUĞ teatrının əməkdaşı Səidə Süleymanovanın köməyi ilə teatrın o zamankı baş rejissoru Gümrah Ömərlə tanış oldum və Gümrah müəllim “YUĞ”un qapılarını necə deyərlər, üzümə taybatay açdı. Və gördüm ki, teatr tamam fərqli bir məkandır, həyatda mənim kimi qapalı, utancaq adam səhnədə rəqs edə bilir, kimisə qucaqlamağı bacarır…

“Bala, sənin ağlın yoxdur deyəsən…”

Memarlıq və İnşaat Universitetini bitirmişdim, biznesimi qurmuşdum. Bütün bunlara baxmayaraq 2015-ci ildə sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə verdim və qəbul olundum. Əməkdar artist, istedadlı pedaqoq Vidadi Həsənov bütün bunları öyrənən kimi ilk sözü bu oldu-Bala, sənin ağlın yoxdur deyəsən… Amma sonra hər zaman mənə dəstək oldu. Sındırmaq istəyənlər ətrafımı bürüyəndə Vidadi müəllim mənə arxa-dayaq durdu. O, olmasaydı bu yerlərə gəlib çıxa bilməzdim. Əsl pedaqoq kimi məndə nələrisə hiss etmişdi, yeni yaratdığı müstəqil “M. Teatr Production” teatrında hazırladığı “Tıq-tıq xanım” tamaşasında mənə Tülkü rolunu mənə tapşırdı. Səhnəyə çıxanda bir Allah bilir ki, necə gərgin idim… Peşəkar aktyorların əhatəsində, tamaşaçılar qarşısına çıxmağım mənə yuxu kimi gəlirdi. Yalnız evimizin qarşısına çatanda nə baş verdiyini anladım və özünmü dünyanın ən xoşbəxt adamı saydım. Çünki həyatda keçirə bilmədiyim hissləri səhnədə yaşamışdım. Vidadi müəllim pedaqoq kimi məndə sənətə sevgini oyada bilmişdi.

İkinci kursda oxuyanda Xalq artisti Pərviz Məmmədrzayevin dəvəti ilə onun “Human” müstəqil teatrında hazırladığı “Üçüncü” tamaşasında Nəvə obrazını oynadım. Bu, mənim səhnədə ilk böyük rolum idi və deyə bilərəm ki, mənə uğur gətirdi. Tamaşaya baxan Firəngiz Mütəllimova, Ramiz Novruz, Kazım Abdullayev kimi sənətkarlar çıxışımı bəyəndilər və onların xeyir-duası ilə Akademik Milli Dram Teatrına qəbul olundum. Teatrın bədii rəhbəri, Xalq artisti Azər Paşa Nemətin quruluş verdiyi “Sinif yoldaşları” tamaşasında Dmitri, Əlif Cahangirin hazırladığı “Bir, iki- bizimki”, “Çipollino”da O və Xəfiyyə rollarını oynayıram.

“Allaha yalvarırdım ki, ermənilərin adı qalib kimi çəkilməsin…”

Hazırda təhsil aldığım Mədəniyyət və İncəsənət Universitetinin “SABAH” qrupu rejissor Gümrah Ömərin quruluşunda “Otello əfsanəsi” tamaşasını hazırlayıb. Gümrah müəllim Şekspirin məşhur “Otello” pyesi əsasında ərsəyə gətirdiyi tamaşada mənə baş rolu etibar edib.

Biz həmin tamaşa ilə bu il martın 15-dən 20-dək Moskvada keçirilən “QİTS-ustad dərsi” beynəlxalq teatr festivalında iştirak etdik. Festivala Belarusdan, Moldovadan, Qazaxıstandan, Özbəkistandan və Ermənistandan tələbələr öz tamaşalarını gətirmişdilər. Ermənilər də “Otello” ilə təmsil olunurdu.

Özünəməxsus teatral mühiti ilə dünyada tanınan Rusiya paytaxtında Şekspir əsərini oynamaq böyük bir risk idi, şadam ki, altı aylıq əziyyətimizin bəhrəsini gördük, tamaşamız maraqla qarşılandı. Mükafatlandırma mərasimi çox həyəcanlı keçdi, bizim “Otello” “Ən orijinal tamaşa” nominasiyasının qalibi oldu. “Ən yaxşı kişi” rolu üçün mükafatın qalibi elan olunanda ürəyimdə Allaha yalvarırdım ki, təki ermənilərin adı qalib kimi çəkilməsin… Otellonu oynayan erməniyə uduzsaydım daxilən sına bilərdim. Səhnədən “Ən yaxşı kişi rolu”nun qalibi kimi öz adımı eşidəndə donub qaldım. Səmimi deyim ki, sevinə də bilmədim, çünki ummadığım bir şeyə nail olmuşdum…

Festivalda qazandığım bu mükafat tək mənim deyil, çünki Otellonu müəllimlərim deyən kimi yox, öz bildiyim kimi oynasaydım heç nə qazana bilməzdim. Mükafatı Gümrah Ömər, Mehriban Zəki, Nadir Hüseynov, Fikrət Məlikov, Vidadi Həsənov və Bella Məmmədbəyova kimi müəllimlərimin əməyinə verilən qiymət hesab edirəm.

“Bizim özümüzdə günah çoxdur”

Rusiya paytaxtında olanda onların teatr institutlarının tədris prosesi ilə də maraqlandıq. Tələbələr saat 8-dən axşam 11-ə qədər məşğul olurlar, aktyor məhz belə mühitdə yetişə bilər.

Bizim universitetdə bacarıqlı pedaqoqlar çoxdur. Səhnə danışığı müəllimimiz Nadir Hüseynovdan çox şey öyrənmək olar. Nadir müəllim həmişə tələbələrə deyir ki, öyrənmək istəyənlər üçün mobil telefonum 24 saat açıqdır, nə zaman, nə maraqlandırırsa soruşun, lazım olsa lap gecə də gəlib universitetə. Sadəcə, bizim özümüzdə günah çoxdur, öyrənmək istəmirik. Bəziləri elə bilir ki, bizim işimiz ilham pərisindən asılıdır, oxumaq, öyrənmək o qədər də vacib deyil…

“Fuad Poladovun Kral Liri”

Şekspiri dərindən anlamaq üçün onun pyeslərini, sonetlərini oxuyuram. Otello barədə yetərincə danışdıq, onun başqa bir əsərində də oynamışam. Azər Paşa müəllim Akademik Milli Dram Teatrında Şekspirin “12-ci gecə, yaxud hər nə istəsəniz” tamaşasında mənə rol verib. Görkəmli sənətkarımız Həsənağa Turabovun yubiley tədbirində Hamleti oynamışam. Aktyorlardan əksəriyyəti istəyir ki, Hamlet kimi səhnəyə çıxsın, amma mənim ürəyimdən daha çox “Kral Lir”dəki Təlxəyi oynamaq keçir. Arzulayırdım ki, böyük sənətkar Fuad Poladovun Kral Lir oynadığı tamaşada Təlxək rolunda səhnəyə çıxım, amma çox təəssüf bu istəyim reallaşmadı… Səhnədə canlandırmaq istədiyim bir obraz da var, lakin o Dostoyevski yaradıcılığındadır, Roskolnikovu oynamaq arzusundayam.

“Rejissorlar bu sözümdən incimir”

Bu günə kimi “Sus”, “Arzuların ardınca”, “Qız qalası”, “Dalan” bədii filmlərinə çəkilmişəm, “Məryəm”, “Ögey ana”, “Könül yarası” teleseriallarında rol almışam. Açıq deyim ki, teleseriallarda özümü çox pis hiss edirəm, çünki səhnədə keçirdiyim yaşantıları kinoda duya bilmirəm. Etiraf edək ki, içi mən qarışıq teleseriallarda hamı kəmiyyət ardınca qaçır, bəzən öz-özümdən iyrənirəm. Fikirlərimi gənc rejissorlarımıza da demişəm və onlar bu sözümdən incimirlər, reallığı onlar da yaxşı anlayırlar. Ona görə də məni narahat edən neqativ şeylərə çox gedib gileylənmək istəmirəm…

Serialda çəkildiyin qəhrəmanın başına min oyun gəlir, ata-anası, bacı-qardaşı ölür, özü evlənib-boşanır və sən də bütün bunları oynayıb tükənirsən. Sabah ciddi bir obraz yaratmaq istəyəndə özünü təkrar etməyə məcbur olursan. Festivalda qalib olan Otello rolu üzərində aylarla çalışmışam, lakin yenə də narazıyam, 1-2 günə hazırlanan hansısa rolumdan necə razı qala bilərəm?

Bəzən imtina edə bilmirsən, çünki iki seçim qarşısında qalırsan. Ya özünü incitməlisən, ya da ailəni. Mən bəziləri kimi eqoistlik edib ailəmi incitmək istəmirəm. Yeni televiziya mövsümü üçün bir neçə serialdan təkliflər var, amma yəqin ki, imtina edəcəyəm. Sağ olsun, dövlət başçımız teatrda çalışanların maaşını artırdı. Düzdür, məişət problemlərini tam həll etmək olmur, amma puldan da dəyərli şeylər var. Mənə görə sənət namusu olanlarla bir kollektivdə çalışmaq, eyni səhnəni bölüşmək daha önəmlidir.

Həyata baxışım bir az fərqlidir. Tutaq ki, telefon almaq istəyirəm, düşünürəm gərək telefon da bunu istəsin. Mən, telefon və Allah arasında üçbucaq yaranmalıdır ki, sonda məqsədimə çatım. Bu günə qədər məhz bu üçbucağın sayəsində arzularıma yetmişəm. Bəzən dost-tanış deyir ki, niyə var-dövlət sahibi deyilsən? Cavabım çox sadədir-çünki heç vaxt bunu arzulamamışam. Əgər istəsəm ən varlı adamlarından biri də ola bilərəm…

Etibar CƏBRAYILOĞLU

Mənbə: adalet.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button