İqtisadiyyat

Asif Əsgərovdan prezidentə qarşı təxribat (ŞİKAYƏT)

Bakı şəhəri 4-cü mkr. Ə.İsgəndərov küçəsindəki binaların sakinləri İcra başçısı Asif Əsgərovun çoxillik ağacları kəsdirərək yerində göydələn tikdirməsindən Prezidentə şikayət etdilər…
«Təzadlar»ın 13 fevral 2018-ci il tarixli sayında “Nəsiminin İcra başçısı kimdir: Asif Əsgərov, yoxsa qardaşı?” başlıqlı yazı dərc olunmuşdur. Yazıda Nəsimi rayonu 4-cü mkr. Ə.İsgəndərov küçəsindəki binaların sakinlərinin kəsilən ağacların ah-naləsini əks etdirən haqq səsi işıqlandırılmışdır. Belə ki, Ə.İsgəndərov küçəsinin 1, 3/1, 7, 5, 3, 1a saylı binaların əhatəsində olan yeganə yaşıllığın məhv edilib, yerində bina tikilməsi sakinlərin haqlı olaraq narazılığına səbəb olmuşdur. Həmin yaşıllıq ərazi isə adları qeyd olunan binanın sakinləri tərəfindən hələ 1970-ci illərdə salınmışdır. Həmin yerdə sakinlər tərəfindən çoxsaylı Eldar şamları, küknar və meyvə ağacları əkilmişdir. Neçə illərdir bu yaşıllıq ərazi böyüklərin və uşaqların istirahət məkanı olub. Ancaq Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun xeyir-duası ilə onun qardaşı həmin 40-50 illik ağacları kəsərək yaşayış binası tikməyə başlayıb. Bu ərazidə başqa bir yaşıllığın olmadığından sakinlər haqlı olaraq haray çəkirlər. Bu harayı isə heç kəs eşitmək istəmir.
Əlbəttə, söhbət Nəsimi RİH-in başçısı Asif Əsgərovun qardaşından gedirsə, kimin həddi var ona güldən ağır söz desin. Necə deyərlər, kəndxudanı gör, kəndi çap. A.Əsgərovun da qardaşı bu prinsipə əməl edərək, sakinlərin yeganə istirahət məkanı olan bağı çapıb, talayıb, tikinti meydançasına çevirib.
Sakinlər işi belə görüb, redaksiyamıza müraciət etmişdilər. Biz də onların müraciəti əsasında ərazidə olub, şəkillər çəkərək, qeydlər götürdük, sakinləri dinlədik. Bütün bunlar da həm tezadlar.az saytında və qəzetdə işıqlandırıldı. Bu yazılardan sonra redaksiyaya çoxsaylı xahiş dolu zənglər gəlməyə başladı ki, Asif Əsgərov yaxşı adamdır, onun haqqında belə yazmaq yaxşı deyil və sair.
Ancaq biz Ə.İsgəndərov küçəsinin 1, 3/1, 7, 5, 3, 1a binanın sakinləri- 76 yaşlı ağsaqqal Mübariz Mirzəyevin, İlham Məmmədovun, Asif Məmmədovun, Mahmud Cəfərovun və digər sakinlərin ah-naləsinə biganə qala bilmərik. Elə bu səbəbədən də həmin sakinlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış və bu gün redaksiyaya təqdim edilmiş müraciətini olduğu kimi təqdim edirik:
“Hörmətli cənab Prezident!
Biz həmişə Sizin siyasətinizi dəstəkləmiş və Prezident seçkilərində də həmişə Sizə səs vermişik. Bu il aprelin 11-də olacaq Prezident seçkilərində hamımız bir nəfər kimi Seçki Məntəqəsinə gedib, yalnız Sizə səs verəcəyik. Ancaq çox təəssüf ki, əhaliyə xidmət üçün təyin etdiyiniz Nəsimi RİH-in başçısı Asif Əsgərov Sizin etimadınızı nəinki doğrultmur, hətta əleyhinizə gedir, seçkiqabağı təxribatla məşğuldur. Nəsimi rayonu 4-cü mkr Əlisgəndər İsgəndərov küçəsinin 1, 3/1, 7, 5, 3, 1a binanın bütün sakinləri adından bildiririk ki, rayonun icra başçısı Asif Əsgərov Sizin tapşırıq və göstərişlərinizin əleyhinə gedir. Bunu bir neçə faktla sübut etmək istəyirik. Siz məmurlarla hər görüşünüzdə dəfələrlə demisiniz ki, hər bir məmur xalqa xidmət etməlidir. Xalqın bir nömrəli xidmətçisi isə özünüzün olduğunuzu demisiniz. Amma Nəsimi RİH-in başçısı Asif Əsgərov Sizin dediklərinizin əksinə olaraq, xalqa yox, qohum-qardaşına xidmət edir. Elə ona görə də bizim binaların əhatəsində olan yeganə yaşıllıq ərazisini qardaşı üçün tikinti meydançasına çevirərək, əhalidə böyük narazılıq yaradıb. O, elə bilir ki, belə şeylərdən Sizin xəbəriniz olmayacaq. Asif Əsgərov hələ Səbail RİH-nin başçısı olanda oğlunun törətdiyi cinayət hadisəsindən xilas oldu və Nəsimiyə başçı göndərildi. Görünür o, yenə də hesab edir ki, qanunsuz hərəkətlərindən xilas olacaqdır…
 
Hörmətli cənab Prezident!
Bizim yaxşı yadımızdadır ki, ötən il Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşıllıqları məhv etməklə tikilən yaşayış binasının tikintisi dayandırıldı. Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsi idi. Tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv etmişdi. Məsələ ətraf binalarda yaşayan sakinlərin bizim kimi ciddi narazılığına səbəb olmuşdu. Məhz Sizin məsələyə müdaxilənizdən sonra tikinti dayandırıldı və ərazi əvvəlki vəziyyətinə gətirildi. Elə buna görə də tikintiyə icazə vermiş Yasamal RİH-in sabiq başçısı İbrahim Mehdiyev vəzifəsindən uzaqlaşdırıldi.
Hörmətli cənab Prezident!
Asif Əsgərovun Sizin əleyhinizə getməyinin daha bir sübutu 40-50 illik ağacların kəsilməsinə rəvac verilməsidir. Axı Siz hər çıxışınızda demisiniz ki, yaşıllığı məhv etmək olmaz. Sanki Sizin bu göstərişinizi Asif Əsgərov ya eşitmir, ya da eşitmək istəmir. Ancaq biz inanırıq ki, Nəsimi RİH-in başçısı Asif Əsgərov da keçmiş həmkarı İbrahim Mehdiyev kimi cəzalanacaq. Sizdən artıq dərəcədə xahiş edirik ki, ərazidə yeganə olan yaşıllıq ərazinin sakinlərə qaytarılmasına kömək edəsiniz və bu qanunsuzluğa yol verənləri cəzalandırasınız”.
NƏSİMİNİN İCRA BAŞÇISINDAN PREZİDENTƏ QARŞI TƏXRİBAT-YENİLƏNİR
Göründüyü kimi, sakinlər çox ciddi narahat olublar. Ərazidə olarkən biz də gördük ki, bəlkə də 10-15 bina sakinlərinin yeganə istirahət yeri məhz həmin ərazidir. 40-50 illik ağacların qırılıb, daşınması Prezident cənab İlham Əliyevin ağac kəsimi ilə bağlı 13 aprel 2014-cü ildə, Nazirlər Kabinetinin iclasındakı çıxışını yada salır. Əgər Nəsimi RİH-in başçısı Asif Əsgərovun bu vəzifəyə xalqa xidmət üçün təyin edən Prezidentin ağac kəsimi ilə bağlı kəskin xəbərdarlığı yadından çıxıbsa, onu bir daha yada salırıq. Prezident İlham Əliyevin məlum iclasdakı çıxışından sitat:
«Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.
Prezidentin bu cür kəskin, məntiqli və samballı çıxışına mən heç bir şərh vermək iqtidarında deyilik. Bəs görəsən, bu çıxış barədə Nəsimi RİH-in başçısı Asif Əsgərov nə düşünür? Ancaq neçə illik ağaclar kökündən kəsilib, daşınaraq, yaşıllıq məhv edilirsə, deməli, Asif Əsgərovu Prezidentin məlum kəskin çıxışı yox, başqa şeylər düşündürür. O da maraqlıdır ki, gözlənilən böyük seçki kompaniyası ərəfəsində o qədər sakinləri dövlətdən narazı salmaqda A.Əsgərovun məqsədi nədir? Yəqin ki, bu suallara yalnız A.Əsgərov özü cavab verə bilər. Amma bizə yox, çıxışlarının əleyhinə getdiyi və onu bu vəzifəyə təyin edən Prezident cənab İlham Əliyevə cavab verəcək.
P.S. Sakinlərdən aldığımız son məlumata görə bizim yazılarımızdan sonra Prezident Administrasiyasının məsul şəxsləri işə qarışıb və artıq 3 gündür tikinti dayandırılaraq, ağır texnikalar ərazidən uzaqlaşdırılıb. Sakinlər onu da bildirdilər ki, RİH başçısının adamları əsəbi halda deyiblər ki, eybi yoxdur, tikinti seçkiyə qədər dayandırılıb, seçkidən sonra öz işlərimizə davam edəcəyik.
P.P.S. Biz də öz növbəmizdə bildiririk ki, seçkiyə qədər bəlkə də Asif Əsgərovun adamlarına həmin tikinıtini bir də görmək qismət olmadı. Çünki Prezident cənab İlham Əliyevə xalqın əleyhinə gedib, narazılıq yaradan yox, xalqa xidmət edən başçı lazımdır.
image here
NƏSİMİNİN İCRA BAŞÇISINDAN PREZİDENTƏ QARŞI TƏXRİBAT-YENİLƏNİR

Bənzər yazılar

Back to top button