GündəmManşetSiyasət

Bakının mühüm etirafı: Rusiya sülhməramlılarının Qarabağda mandatı razılaşdırılmayıb

Bakı və Moskva hələlik Rusiya sülhməramlılarının Qarabağda mandatını razılaşdırmayıblar, Azərbaycan prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib.

“Əlavə razılaşmalar və sülhməramlıların mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər barədə müzakirələr hələ davam edir”, – o deyib.

Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti və əməliyyatları Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən həyata keçirilir.

“Bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər”, – Hacıyev qeyd edib.

Bu bəyanatla rəsmi Bakı ilk dəfə təsdiq edib ki, Rusiya sülhməramlılarının səlahiyyətlərinə dair mandatı imzalamayıb. Ötən 10 ay ərzində sülhməramlıların əməllərinin dəfələrlə tənqid olunması və onların hüquq və səlahiyyətləri barədə razılaşmaların davam etməsi ondan xəbər verir ki, Bakı Moskvanın əldə etmək istədiyi hüquqlarla razı deyil. Moskva isə Bakıya Azərbaycanın tələb etdiyi səlahiyyətləri vermək istəmir.

Xatırladaq ki, Bakı Laçın dəhlizində özünün iştirakının və nəzarətinin vacibliyini dəfələrlə bəyan edib. Bundan əlavə, Bakı Ermənistandan hərbçilərin Qarabağa göndərilməsinə son qoyulmasını və orada qalan erməni qüvvələrin Qarabağdan çıxarılmasına tələb edib.

Beləliklə, hazırda Qarabağda sülhməramlıların mövcudluğunun hüquqi əsası yoxdur və şifahi razılaşmalar əsasında həyata keçirilir ki, bu da onların statusunu dayanıqlı etmir.

* 2 min nəfərədək Rusiya sülhməramlısı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından sonra Qarabağa gətirilib. Onlar faktiki olaraq erməni əhalini və “müstəqillik uğrunda və Azərbaycanın təcavüzünə qarşı” mübarizəni davam etdirəcəklərini bəyan edən separatçıların rəhbərliyini qorumaqla məşğuldurlar. (TUran)

Bənzər yazılar

Back to top button