Dünya

Saakaşvili Gürcüstana qayıtdı: Xalqı Rusiyameylli hakim qüvvələrə qarşı “hücum”a çağırdı

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəsinə qayıdıb.

Ovqat.com xəbər verir ki, sabiq prezident oktyabrın 2-də keçiriləcək bələdiyyə seçkilərində Rusiya yönümlü Bidzina İvanişvili əleyhdarlarını dəstəkləmək üçün geri döndüyünü bəyan edib.

“Bu, tarixi bir seçkidir, Bidzina İvanişviliyə (hakim Gürcü Arzusunun qurucusu) etimadın olub-olmaması ilə bağlı referendumdur”, – deyən sabiq prezident geri qayıdışını “Gürcüstanı xilas etmək üçün özünün vətənpərvərlik borcu” kimi qiymətləndirib.

Qeyd edək ki, Gürcüstan məhkəməsi Saakaşvilinin qiyabında iki müxtəlif prosesdən 3 və 6 il həbs cəzası kəsib. Məqsəd sabiq prezidentin Gürcüstan həndəvərinə yaxınlaşdırmamaq, əks təqdirdə onu həbsə atmaqla təhdid etməkdir. Saakaşvili isə bu təhdiddən çəkinmədiyini və dünyada heç bir dövlətin Gürcüstan məhkəməsinin ona qarşı çıxardığı hökmləri tanımadığını vurğulayıb. Tutulacağı təqdirdə isə, “gürcü xalqı tərəfindən azad ediləcəyinə” inanır. Gürcü lider xalqı və öz tərəfdarlarını rəqib komandaya “zorakılığa əl atacaqları təqdirdə “hücum”la cavab verməyə çağırıb.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dünən Saakaşviliyə “ilişərək” onun Kiyevə qayıtmasını çox arzuladığını bildirmişdi. Qaribaşvili onu da vurğulamışdı ki, Saakaşvili üçün “gözəl bir qalstuk kolleksiyası” hazırlayıb, Gürcüstana qayıdacağı təqdirdə, tutularsa, əsəblərini soyutmaq üçün həbsxanaya göndərəcək.

Gürcü Baş nazirin bu sözləri 2008-ci ildə Rusiyanın Gürcüstanı işğal edərkən prezident olan Saakaşvilinin hirsindən qalstukunu çeynəməsinə işarədir.

Qaribaşvili sabiq prezidenti bu cür aşağılamaqla kifayətlənməyib, onu qorxaqlıqda günahlandıraraq deyib: “Qorxaq dovşan olduğu üçün Gütrcüstana gəlmir”.

Saakaşvili isə gəldi. Və bu qayıdış Gürcüstanda yeni inqilabi mərhələnin başlanğıcı ola bilər.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button