Cəmiyyət

Qadınlar üçün məlumatlandırma sessiyası təşkil edildi

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Tərtərdə qadınlar üçün məlumatlandırma sessiyası təşkil edib. “Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı qadınlar arasında ictimai məlumatlandırma sessiyalarının keçirilməsi” layihəsi çərçivəsində təşkil olunan tədbirdə 30 nəfər iştirak edib. Tədbirdə çıxış edən təşkilat sədri Sevil Allahverdiyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilir: “Layihənin məqsədi respublikamızda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə illik hesabat məlumatlarının region sakinlərinə çatdırılması, HSŞ-nin mahiyyəti, hasilat sənayesindən əldə olunan gəlirlər və onların xərclənməsində şəffaflığın təmini üçün əhalinin maarifləndirilməsi və HSŞ-nin tətbiqi sahəsində vətəndaş cəmiyyəti iştirakçılığının gücləndirilməsidir. Layihə çərçivəsində Tərtər, Bərdə, Goranboy, Ağdaş və Mingəçevir şəhərində məlumatlandırma xarakterli seminar keçirilməsi nəzərdə tutulur. Bu gün keçirilən tədbirdə sizlərə respublikamızda Hasilat Sənayesində Şəffaflıq prinsipinin mahiyyəti, hasilat sənayesindən əldə olunan gəlirlər və onların xərclənməsində şəffaflığın təmini üçün ictimai nəzarətin artırılmasının əhəmiyyəti, 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq Hesabatı ilə bağlı məlumat veriləcək”.

Daha sonra tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisadçı Azər Mehtiyev məruzə ilə çıxış edib.

Ekspert vurğulayıb ki, Azərbaycanın dövlət büdcəsinin formalaşmasında hasilat sənayesindən əldə edilən gəlirlərin böyük rolu var: “Tədqiqatlar göstərir ki, zəngin mineral resurslara malik ölkələr arasında yalnız Norveç, ABŞ və Kanada bu resurslardan əldə edilən gəlirlərin istifadəsində effektivlik nümayiş etdirə bilib. Bu, həmin ölkələrin oturuşmuş keyfiyyətli institutlara malik olmaları ilə bağlıdır. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər və bir qədər də Küveytdə neft ehtiyatlarının adambaşına düşən həcminin son dərəcə yüksək olması hesabına renta yönümlü dövlətə çevrilərək yüksək istehlak səviyyəsinə çıxıblar, lakin bu ölkələrdə də iqtisadiyyat neft sektorunun asılılığına düşüb. Demək olar, qalan bütün ölkələrdə “resursların lənəti” sindromu bu və ya başqa formada özünü güstərib. Bu problemlərlə qarşılaşmamaq üçün mədən hasilatından əldə olunan gəlirlər üzərində şəffaflığın təmin edilməsi vacibdir. Təbii resurs gəlirlərində şəffaflıq ictimaiyyətin və ümumiyyətlə hər bir vətəndaşın məlumatlılığının, neft gəlirlərinin əldə olunması və onların istifadəsi proseslərinə ictimai nəzarətin təmin edilməsindən asılıdır”.

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi ilə bağlı məlumat verən Azər Mehtiyev ölkəmizin təşəbbüsə qoşulan ilk ölkə olduğunu vurğulayıb: “Azərbaycan 2005-ci ildə MHŞT sahəsində ilk hesabatını açıqlayıb. 2013-cü ildə isə MHŞT sahəsində yeni standart qəbul edildi. 2015-ci ildə statusu aşağı salınsa da, yeni standartın tələbinə uyğun hazırlanan MHŞT hesabatını ictimaiyyətə açıqlayan ilk ölkə də Azərbaycan olub. 2017-ci ildə Azərbaycanın MHŞT-dəki fəaliyyətinin dayandırılması barədə qərar qəbul olundu. Bu qərardan sonra Azərbaycan hökuməti ölkənin MHŞT-ni tərk etdiyini bəyan etdi. Amma Azərbaycan MHŞT prinsiplərinə sadiq qalacağını elan etdi. Prezident İlham Əliyevin 2017-ci il 5 aprel tarixli fərmanı əsasında Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Bu gün Azərbaycan hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini beynəlxalq prinsiplər əsasında davam etdirir”.

“Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı qadınların məlumatlı olmasının əhəmiyyətinə toxunan A.Mehtiyev sonda mövzu ilə bağlı sulları cavablandırıb.

Bənzər yazılar

Back to top button