Cəmiyyət

Rəşad Mahmudov: Nadan siyasətbazlar nəticəni düşünmədən sadəcə məqsədlərini güdürlər

“Əvvəla, onu qeyd edim ki, YAP Cənubi Qafqazın ən böyük partiyası, Azərbaycanda xilaskarlıq missiyasını üzərinə götürən və buna şərəflə, ləyaqətlə nail olan qurtuluş partiyasıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də YAP-ın öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir. Ölkəmizi vətəndaş müharibəsindən, etnik separatizmdən, hərc-mərclikdən YAP-ın qurucusu, ulu öndər Heydər Əliyev xilas etdi. Bununla yanaşı Azərbaycan Respublikasının prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik Qarabağ həsrəti bitdi, Vətən bütövləşdi”.

Bunu açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. Son günlərdə VİP sədri Əli Əliyevin mənasız və arqumentsiz açıqlamaları bir həkim – cərrah kimi məni narahat etməyə bilməzdi:

“Xalqın gözü tərəzidir, hər şeyi görür və özünün dəmir iradəli lideri İlham Əliyevin yanındadır. Mən bir millət vəkili kimi qürur duyuram bu gün ölkəmizdə demokratik mühit, ifadə azadlığı, sağlam vətəndaş cəmiyyəti var. Görünür, bəzi siyasətbazlar bu imkanlardan şər və böhtanla istifadə edərək gündəmdə qalmaq istəyir. Özləri bilərlər. Amma Əli Əliyevin bir müddət bundan öncə ölkəmizdə və dünyada “COVİD-19” infeksiyası əleyhinə aparılan vaksinasiya prosesinə inanmadığını, peyvənd olunmayacağını bildirməsi, siyasi fəaliyyətində olduğu kimi cəmiyyəti manipulyasiya etməyə və onların həyatı üçün təhlükə yaratmağa hesablanıb. Bu təsadüfi bir səhv ola bilməz . Çünki ixtisası tibb olan və Tibb Universitetini “əla” qiymətlərlə bitirən bir şəxsin müasir, sübuta yetirilmiş statiskaya əsaslanan elmə deyil, sosial şəbəkələrdəki heç bir elmi əsası olmayan fikirlərə və dedi-qodulara istinad etməsi gülünc və absurd səslənir”.

Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib ki, bütün dünya ölkələri içərisində koronavirusa qarşı ən effektiv mübarizə aparan Azərbaycanın bu sahədəki fəaliyyəti hətta , ÜST səviyyəsində də etiraf edilib və dəstəklənib:

“Dünyanın və eləcə də, Avropanın bir sıra ölkələri vaksinasiya prosesində maliyyə imkanlarına görə ciddi problemlər yaşayırlar. Bunu Qərb mətbuatına nəzər salmaqla aydın görmək olur. Hamıya məlumdur ki, koronavirusa qarşı ən effektiv mübarizə metodu vaksinasiya prosesindən keçir və o vaksinə həsədlə baxan, lakin imkansızlığa görə vətəndaşını vaksinlə təmin edə bilməyən ölkələr var. Azərbaycan dövləti isə, bütün problemlər və əngəllərə baxmayaraq vətəndaşının yanındadır, daima xalqını və millətini düşünür! Siyasi məqsədləri üçün bu effektiv metoda qarşı antitəbliğat aparanlar unutmasınlar ki, onlar məhz vətəndaşların təhlükəsizliyinə qarşı çıxır, onların həyatı üzərində oyun oynayırlar. Bu məsuliyyətsiz çıxışlar cəmiyyəti çaşdırmaqdan başqa bir şey deyil. Çirkin siyasi məqsədlərinin əsirinə çevrilən bu tip adamların hətta “koronavirus infeksiyası Azərbaycan hökuməti tərəfindən yaradılıb” demək potensialı da var”.

Milli Məclisin deputatı Rəşad Mahmudov qeyd edib ki, VİP sədri Əli Əliyevin peyvəndə qarşı çıxmasını nadanlıq adlandırıb:

” Gözümüzün önündə yaş fərqindən asılı olmayaraq insanlar virusdan əziyyət çəkirlər, həyatlarını itirirlər, dünya bu dəhşətli xəstəliklə üz-üzə qalıb . Amma sıradan biri deyil, ali tibbi təhsili olan Əli Əliyev kimi birisi antipeyvənd çağırışı edir. Buna nə ad vermək olar? Bunu necə edə bilər? Məsuliyyətsizlik deyil, bəs nədir bunun adı? Ona görə də bir həkim olaraq xalqa çağırış edirəm: uğursuz birinin bu kimi məsuliyyətsiz iddialarına uymayın, sağlam və təhlükəsiz gələcəyimiz naminə vaksinasiya prosesində fəal iştirak edin. Məsuliyyətli olsaq, bacaracağıq, necə ki bu sahədə qonşu ölkələrlə müqayisədə çox öndəyik! Rəqəmlər ortadadır. Onları sadəcə gözlə görmək yox, həm də dərk etmək, anlamaq lazım. Xülasə, dövlət sosialyönümlü siyasəti ilə vətəndaşını düşünürkən, bu nadan siyasətbazlar isə nəticəsini düşünmədən sadəcə məqsədlərini güdürlər. Əli müəllimə həkim kimi bir sualım var. Bu şəkildə vaksin əleyhinə təbliğatınıza inanıb peyvənd olunmayan, amma indi və yaxud payız aylarında gənc yaşlarda reanimasiyalarda ölüm ayağında olan yüzlərlə insanlara, xəstəliklə can çəkişib o çətin günləri görüb geri dönənlərə və onların ailəsinə nə cavab verəcəksiniz? Peyvənd olunub olunmamaq sizin azad seçiminiz ola bilər, amma bunu sosial şəbəkələrdə qəhrəmanlıq kimi bəyan etmək məsuliyyətsizlik, bir az tibbi savadsızlıq və xoş olmayan niyyətinizdən irəli gəlir. Ali savadlı bir həkim və siyasi partiya sədri kimi bunu etməyə haqqınız yoxdur.”

Bənzər yazılar

Back to top button