Həbsdə olan jurnalistlə bağlı film – VİDEO

Print Friendly, PDF & Email

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması Prezident İlham Əliyevə və Əfv Məsələləri Komissiyasına müraciət ünvanlayıb.

Bu barədə “Kanal13”-ün yaydığı məlumatda bilirilir.

Müraciətin məqsədi ötən ilin may ayındna həbs edilən və dekabrın 15-də Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 il azadlıqdan məhrum edilmiş Əziz Orucovun əfv edilməsi ilə bağlıdır.

Platformanın bununla bağlı yaydığı bəyanatında deyilir:

“Biz bu müraciəti imzalayan Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu, Azərbaycan Milli Platforması olaraq Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında mövcud olan münasibətlərin artan temp üzrə inkişafını dəstəkləyir, bu prosesdə vətəndaş cəmiyyətinin töhvə verəcəyinə inanırıq. Bu münasibətlərin daha da səmərəli, vətəndaş iştirakçılığı, vətəndaş cəmiyyəti təşkilatlarının sərbəst və maneəsiz fəaliyəti imkanları baxımından effektiv olması üçün bır sıra zəruri tədbirlərin görülməsi mümkünlüyünü də istisna etmirik.Bununla yanaşı, onu da diqqətinizə çatdırırıq ki, 15 Dekabr 2017-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun üzv təşkilatı olan Qafqaz Media Tədqiqatları Mərkəzinin İdarə Heyətinin üzvü Əziz Orucov 6 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Buna əlavə olaraq, nəzərinizə çatdırmaq istəyirik ki, Əziz Orucov barəsində irəli sürülmüş ittiham və qəbul edilmiş məhkəmə hökmü, 2014-cü ildə ‘Qafqaz Media Tədqiqatlar Mərkəzinə qarşı başladılıb və sonra xitam verilmiş cinayət işi üzrə davam etdirilib.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Milli Platforma onu da qeyd etməyi zəruri hesab edir ki, Əziz Orucov barədə çıxarılmış bu hökm Azərbaycan Respublikası Prezidentinin 10 Fevral 2017-ci il tarixli”Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam ilə bəyan etdiyi yeni hüquq islahatları siyasəti ilə də uzlaşmır.

Milli Platforma hesab edir ki, “Qafqaz Media Tədqiqatları Mərkəzi” İdarə Heyətinin üzvü Əziz Orucov barəsində başladılmış cinayət işi və çıxarılmış itihamedici məhkəmə hökmü Şərq Tərəfdaşlığı Proqramında iştirak edən vətəndaş cəmiyyəti təşkilatları və onların nümayəndələrinin azad fəaliyyəti üçün əlverişsiz mühit yaratmaqla bərabər, Azərbaycan və Avropa İttifaqı arasında mövcud münasibətlərin ruhuna da kölgə salmaqdadır. Bütün bunları nəzərə alaraq, Əziz Orucovun növbəti əfv sərəncamı ilə cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə müraciətmizi nəzərə almağınızı xahiş edirik”.

Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb.

Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Orucova 6 il həbs cəzası verib.

Ə.Orucov ittihamları qəbul etmir. Almaniyada mühacir olan Anar Orucov da bildirib ki, qardaşı onun özünün və rəhbərlik etdiyi media orqanının tənqidçi fəaliyyətinə görə həbs olunub.