Ceyms Coyssayağı şüur axını bizi hara apara bilər?

Print Friendly, PDF & Email

Xalid Bağırov

Silah. Müzakirə. Mülkiyyət. Demokratiya.

(Hər şeydən bir az)

Bir neçə gün öncə ABŞ-ın Florida ştatında bir gənc vaxtı ilə qovulduğu məktəbdə 17 nəfəri gülləbaran edərək ölümünə səbəb oldu. Məktəb qətliamları ABŞ-da çox yayğınlaşıb. Bu da ciddi ictimai müzakirələrə səbəb olur. Silah gəzdirmək hüququ məhdudlaşdırılmalıdır, ya yox?

Bir dəfə Niyazi Mehdi azərbaycanlıların düşüncə arxetipləri haqqında yazmışdı. O hesab edirdi ki,bizim düşüncəmiz iki arxetipə bağlıdır: cənnət və cəhənnəmə. Bizə görə demokratiya cənnətdir, demokratiyasızlıq cəhənnəm (bəlkə də, bu səbəbdəndir ki, biz cənnət qurmaqdansa, ora köç etməyə üstünlük veririk))) X.B.). Əsl həqiqətdə demokratiya cənnət deyil, orada da problemlər olur. Sadəcə, demokratiya problemin həllini də təklif edir…

Baxın, ABŞ-dakı müzakirələr də ona görə (bu müzakirələri bizim nəticəsi olmayan “facebook” isterikamızla qarışdırmayın.) belə aktualdır.

ABŞ-da silah məsələsi, eynən demokratiya kimi birbaşa mülkiyyət anlayışına bağlıdır. Maraqlı olanlar Tom Kruz və Nikol Kidmanın iştirakı ilə “Far and Away” filminə baxa bilər. Yaşamaq hüququ və ya mülkiyyət hüququ disskursu orada yeni deyil.

Nayl Ferqüson Latın Amerikasına və Şimali Amerikaya gedən köçmənlərin qurduqları cəmiyyətləri müqayisə edərək demokratiyanı yaradan əsas səbəblərdən birinin məhz mülkiyyətə münasibətin olması nəticəsinə gəlir…

Yeri gəlmişkən, “Maqna Karta”nın yaranma səbəbi də mülkiyyətə münasibət idi. Bu sənəd meşələr üzərində mülkiyyət hüququndan doğdu. Zadəgan statusları torpaq və qəsrə ( malikanələrə) bağlı idi. Amma sənayeləşmə torpaqların gəlirliyini azaltdı.

19-cu əsrdə statusu qorumaq üçün bahalı malikanələri saxlamalı olan zədagənlar burjualara borclandılar, əvəzində malikanələr ipoteka altına getdi. Ödənilməyən borclar isə kütləvi şəkildə malikanələri burjuaziyanın əlinə keçirdi. Beləliklə, burjua sinfinin siyasi sistemdə status əldə etdiyi yeni demokratiya mərhələsi başlandı…

Avropa qitəsində də demokratiyanın inkişafında mülkiyyətə münasibəti stabilləşdirən Napoleonun diriltdiyi Roma hüququnun (Mülki Məcəllələrin) rolu danılmazdır.

Bir neçə il öncə Erkin Qədirli “sovetlər bizi mülkiyyətsizləşdirməklə şəxsiyyətsizləşdirdi” deyəndə “trolçubəyçilik” növbəti tuğyanını edirdi…

Ona görə də postsovet məkanında demokratiya probleminin əsas səbəblərindən birini sovet milliləşdirməsinin reversiv forması olaraq meydana çıxan özəlləşdirmələrin eybəcərliyində və bu eybəcərliyin davamı olan mülkiyyətə münasibətdə axtarmaq lazımdır.

Bir də demokratiya üçün Mülki Məcəlləmizin “hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır” (maddə 164) ölü norması ilə “Mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır” (maddə 561) arasında ziddiyyət həll edilməlidir.

164-cü maddə ölü maddə olmaqdan çıxaraq, real maddə olduqda, “Hello, demokratiya” deyəcəyik.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.