Əli Həsənovun özündən əminliyi növbəti dəfə Bakını pis vəziyyətdə qoydu

Print Friendly, PDF & Email

Dövlət başçısının köməkçisi Əli Həsənov tərəfindən Luka Volonte işi ilə əlaqədar Qərb KİV-lərinin ünvanına tənqid və hədələr Qərbdə cavab reaksiyası doğurub.

Belə ki, Həsənovun Milan məhkəməsinin Luka Volonteyə bəraət verəcəyini və Bakının Qərb KİV-lərini və təşkilatlarını məsuliyyətə cəlb etmək üçün bundan istifadə edəcəyini bəyan etmək cəhdləri mənfi reaksiyaya səbəb olub. Turan-ın Vaşinqton müxbirinin verdiyi məlumata görə, bir sıra nüfuzlu KİV-lər bu mövzuya qayıtmaq və yaxın günlərdə Luka Volonte işi üzrə Azərbaycan hakimiyyətinin ünvanına tənqidi materiallar dərc etmək niyyətindədirlər.

Həsənovun Volontenin Milan məhkəməsində reabilitasiya olunması haqqında iddiası həqiqətə uyğun deyil, iş davam edir və rüşvət alma faktı sübuta yetirilib. ABŞ-ın maliyyə departamenti fevralın 14-də Volontenin Azərbaycan pullarının yuyulması işində adı keçən Latviya bankına qarşı sanksiya qəbul edib, deyə vəziyyətlə tanış olan ekspertlər qeyd edirlər.

Beləliklə, Həsənov vaxtından əvvəl prezident seçkilərinin elan edilməsindən sonra rəsmi Bakıya qarşı tənqidi nəşrləri minimuma endirməyə müvəffəq olmuş Azərbaycan lobbiçilərinin işinə zərbə endirib.

Dövlət Departamenti missiyasının ötən həftə Bakıya səfərindən sonra Amerikanın aparıcı KİV-lərinə Azərbaycanın ünvanına tənqiddən qaçmaq tövsiyəsi verilib, amma Həsənov sayəsində vəziyyət dəyişir. Vaşinqtonun Azərbaycanda siyasi məhbusları dəstəkləməsi zərurəti haqqında məsələnin Konqresdə dünənki müzakirələrini ilk qaranquş hesab etmək olar.(turan.az)