Bizim seçimDünyaManşetSiyasət

Azərbaycanlı diplomat Ermənistan prezidentinə sual verdi (Audio)

Fevralın 17-də Almaniyadakı konfransda azərbaycanlı diplomat Ermənistan prezidentinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual verib.

Münxendə düzənlənən Təhlükəsizlik Konfransında Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Sədi Cəfərov və Ermənistan prezidenti Serj Sarkisyan qarşılıqlı ittihamlar səsləndiriblər.

Bu,”Rusiya və Avropa arasındakı” ölkələrə aid müzakirələr zamanı baş verib.

Sədi Cəfərov Sarkisyana ünvanladığı sualda soruşub ki, “Cənab prezident, sizcə, Ermənistan Cənubi Qafqazda reallaşdırılan regional inkişaf layihələrdən, xüsusən enerji və nəqliyyat layihələrindən niyə kənarda qalıb? Əgər Qarabağ problemi olmasaydı, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunmasaydı, etnik təmizləmə siyasəti yürüdülməsəydi, yəqin bu gün Ermənistan həmin layihələrdən bəhrələrdi. Mən özüm Qarabağ kökənliyəm. Siz anlamalısız ki, Qarabağ problemi həll olunmasa, Azərbaycan əhalisi öz yurdlarına qayıtmasa, Ermənistan belə layihələrdə iştirak edə bilməyəcək. Mənim sualım odur ki…”.

Bu yerdə tədbirin moderatoru azərbaycanlı diplomatın sözünü kəsib və ona “iki suala vaxtımız yoxdur” deyib.

Sədi Cəfərov buna baxmayaraq sualını səsləndirib: “Mənim sualım odur ki, Ermənistan həmin layihələrə nə vaxt qoşulmağı planlayır və mən öz torpağıma nə vaxt qayıda biləcəm?”

Sarkisyan suala görə təşəkkürünü bildirəndən sonra deyib ki, “Azərbaycan rəhbərliyi ayılmalı”, Qarabağla bağlı “qeyri-real gözləntilərdən əl çəkməlidir”.

“Siz azad yaşamaq istəyirsiz, mən sizi əmin edirəm ki, Qarabağ xalqı da (Ermənistan Dağlıq Qarabağdakı qondarma separatçı rejimi dövlət sayır – red.) azad yaşamaq istəyir. Onlar öz tarixi vətənlərində yaşamaq istəyirlər”.

Sarkisyan 1991-ci ildə Qarabağda keçirilən “müstəqillik referendumu”nu xatırladıb, deyib ki, bu “sivil seçimlə” “erməni xalqı öz seçimini edib”.

Azərbaycan rəhbərliyi dəfələrlə bildirib ki, Qarabağda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

Bənzər yazılar

Back to top button