Biləsuvar müəllimlərindən ölkə başçısına şok müraciət: “Bizdən pul yığırlar”

Print Friendly, PDF & Email

Biləsuvar rayonunda abadlıq işləri üçün müəllimlərdən pul yığmağa başlayıblar.

Bu barədə müəllimlərin bir qrupu şikayət məktubu yazıblar.

AzToday.az-a daxil olan şikayət məktubunda bildirilir ki, hazırda rayonda quruculuq işləri aparılır və Bəydilli istiqamətində yollar, küçələr təmir olunur, yol kənarındakı evlərin üstü dəyişdirilir.

Bu işlərə rayonun məmurları, təhsil və səhiyyə və digər qurumların işçiləri də cəlb edilib. Hətta məktəb direktorları bu işdə briqadir kimi fəhlələrin üzərində saxlanıldığı iddia edilir.

Müəllimlərin müraciətində qeyd olunur ki, abadlaşdırılan sahələr rayondakı qurumlar – təhsil, səhiyyə, mədəniyyət və digər orqanlar arasında bölüşdürülüb: “Hər kəs, hər qurum ona ayrılan sahənin təmir olunmasına nəzarət edir və cavabdehdir”.

Müəllimlər bu tapşırığın şəxsən icra başçısı Mahir Quliyev tərəfindən verildiyini deyirlər.

Onların sözlərinə görə, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazimov da ona qoyulan tələbi yerinə yetirməyə çalışır. Belə ki, məktəb direktorlarını yanına çağıran Kazımov müəllimlərdən pul yığmağı tələb edib.

Müraciət edən müəllimlər qeyd ediblər ki, hər məktəbin üzərinə müəllim və işçi kontingentinin sayına uyğun – 1000-1500 manat ödəmək öhdəliyi qoyulub. Bu da rayonda ciddi narazılıq yaradıb: “Məktəb var ki, orada müəllim 50 manat pul verməlidir. Gəlin, diqqət edin, baxın. Direktorları briqadir kimi işlədirlər. Ölkədə müəllimə qoyulan hörmət bundan artıq ola bilməzdi”.

Müəllimlər bildiriblər ki, onlar bununla bağlı ölkə başçısına da müraciət edəcəklər və yaxın günlərdə prezidentin sözügedən rayon səfər edəcəyi gözlənilir. Əslində, abadlıq işlərinin sürətləndirilməsi də məhz ölkə başçısın səfəri ilə bağlıdır.

Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımovla əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

AzToday.az