Siyasət

Fransa Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə 400 000 avro ayıracaq

Fransa azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 000 avro bağışlayacaq. Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz “Twitter” hesabında yazıb.

“Beynəlxalq əməkdaşlığa ehtiyac duyulan başqa bir sahə məcburi köçkünlərin öz torpaqlarına qayıda bilmələri üçün ərazilərin minalardan təmizlənməsidir. Qarabağda minalardan təmizlənməni tələb edən ərazilər çox böyükdür. Buna görə rəsmi olaraq ANAMA-ya bu məlumatı verməkdən məmnunam. Fransa ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 000 avro bağışlamaq niyyətindədir”, deyə səfir qeyd edib.

Bundan öncə, sentyabrın 2-də Böyük Britaniya minalardan təmizləmə işlərində texniki dəstək məqsədi ilə BMT İnkişaf Proqramının həyata keçirəcəyi tədbirlərə dəstək olmaq üçün 500 000 funt sterlinq maliyyə yardımı ayırıb.

ABŞ-ın Marşal İrsi İnstitutunun (Marshall Legacy Institute, MLI) prezidenti Perri Baltimor avqustun sonlarında Azərbaycanda olub.

O, minaaxtaran itlərlə bağlı görülən işlərə dair müzakirələr aparıb və gələcək əməkdaşlıq əlaqələrini müzakirə edib. Razılaşmaya görə, ABŞ-ın Marşal İrsi İnstitutu Azərbaycana 30 minaaxtaran it təhvil verəcək. Bu itlərin 18-i Marşal İrsi İnstitutu tərəfindən donorlar hesabına maliyyəşdiriləcək.

Artıq 10 minaaxtaran it Azərbaycana təhvil verilib.

ANAMA-nın məlumatına görə, 2005-ci ildən bü günədək Azərbaycanın minatəmizləmə proqramına ABŞ Dövlət Departamentinin və fərdi donorların dəstəyi ilə Marşal İrsi İnstitutu tərəfindən 50 baş minaaxtaran və partlayıcı axtaran it hədiyyə edilib.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan bu il avqustun 11-dək həmin ərazilərdə minaya düşmələri nəticəsində 23 mülki şəxs həlak olub, 36 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, azad edilmiş ərazilərdə yüz minlərlə mina var. (Turan)

Bənzər yazılar

Back to top button