Dünya

Amerika erməniləri türk restoranına hücuma görə 15 ilədək həbs oluna bilərlər

Kaliforniyalı erməni ötən il Beverli-Hillsdə türk restoranında 5 nəfərə hücumla bağlı cinayət ittihamı üzrə özünü təqsirli bilib, bu barədə çərşənbə günü ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.

Turan-ın Vaşinqton müxbirinin verdiyi məlumata görə, yayın əvvəllərində hakimiyyət ötən ilin noyabrında türk restoranında qurbanlara hücum və onları təhdid etməkdə iki kişiyə ittiham irəli sürüb. Təqsirləndirilən şəxslər Türkiyə əleyhinə təhqirlər səsləndirir, oturacaqları atır və restoran sahiblərini və ziyarətçilərini öldürməklə təhdid edirdilər.

23 yaşlı Uilyam Stepanyan əlibir olmaq və ədavət zəminində cinayət törətmək ittihamını qəbul etməyə razılaşıb. Bu barədə o, bazar ertəsi ABŞ Əyalət məhkəməsinə verilən təqsirin etiraf edilməsi haqqında razılıqda bildirib.

“Onun yaxın həftələrdə cinayət törətməkdə özünü təqsirli biləcəyi gözlənilir”, deyə ABŞ prokurorluğundakı mənbə Turan-ın müxbirinə bildirib.

Ədliyyə Nazirliyinin press-relizinə əsasən, 2020-ci ilin sentyabrında Qarabağda müharibə zamanı bütün dünyada, o cümlədən ABŞ-da türk və erməni icmaları arasında gərginlik artıb. Los-Ancelesdə çoxsaylı küçə aksiyaları keçirilib, erməni və türk əsilli şəxslər arasında qarşıdurmalar baş verib.

Stepanyan təqsirin etiraf edilməsi haqqında razılıqda etiraf edir ki, 2020-ci il noyabrın 4-də “türk ovuna çıxmağı” planlaşdırdığı barədə mətn mesajı göndərib. Elə həmin gün, bir qədər sonra Stepanyan Türkiyəyə nifrətini ifadə etmək və Ermənistana dəstək nümayiş etdirmək üçün digər təqsirləndirilən şəxslər – 24 yaşlı Arutyun Harri Çalikanyan və digər Amerika erməniləri ilə görüşüb.

Daha sonra Stepanyan, Çalikyan və digər ermənilər ailəvi restorana gediblər, burada Stepanyan və Çalikyan içəri giriblər, orada olan şəxslərə hücum ediblər. Stepanyan və Çalikyan hücum zamanı maska taxmışdı, onlar oturacaqları insanların üstünə atır, türklərin ünvanına alçaldıcı təhqirlər səsləndirirdilər. Hücumun beş qurbanından dördü türk əsilli idi. Müttəhimlərdən biri qurbanları öldürməklə hədələyir, “Sizi öldürməyə gəldik! Sizi öldürəcəyik!” deyə qışqırırdı.

Hücum zamanı Stepanyan restoranın kompüter terminallarını qırıb və bir ziyarətçinin iPhone-nu oğurlayıb. Restorana 20 000 dollar məbləğində ziyan vurulub və restoran müvəqqəti olaraq bağlanıb.

Təqsirini etiraf etdikdən sonra Stepanyanı federal həbsxanada saxlanmaqla 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Çalikyan bu iş üzrə oktyabrın 26-da məhkəmə qarşısına çıxarılmalıdır. O, ittihamın əlbir olma və ədavət zəminində cinayətlərlə bağlı digər bəndi üzrə özünü təqsirli bilməyib.

Federal Araşdırmalar Bürosu bununla bağlı araşdırma aparıb və Beverli-Hillsin polis idarəsindən böyük kömək alıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button