Hadisə

“Abidə” yaşayış binasının təhvil veriləcəyi vaxt məlum deyil, ASK maliyyələşmə mənbəyi axtarır

“Abidə” mənzil-tikinti şirkətinin payçıları olan bakılıların çoxsaylı müraciətlərinə baxmayaraq, tikintinin başlanmasından keçən 20 il ərzində onlar binaya daxil ola bilməyiblər. Azərbaycan Sənaye Korporasiyasının (ASK) balansına verilmiş binanın tikintisi tamamlanmayıb. Tikintinin ünvanı: Bakı, Yasamal rayonu, Muxtarov, Tolstoy, Tağızadə, Zərğərpalan küçələrinin kəsişməsi, 252-ci kv.

Sakinlər Turan-a məktub göndəriblər:

Bizə yardım göstərməsi xahişilə prezidentin adına göndərdiyimiz məktublara AKS-dan cavab alırıq, ancaq onlarda əsas suala cavab yoxdur – ASK 2017-ci ilin sonunda prezidentin sərəncamı ilə ona verilmiş evi nə zaman təhvil verəcək.

ASK-nın tikintiyə kuratorluq edən və bizim də çətinliklə əlaqə yarada bildiyimiz yüksək vəzifəli məmurunun sözlərinə görə, mənzil sahiblərinin siyahılarının dəqiqləşdirilməsilə binanın tam başa çatması, təhvil verilmə prosesi, tikinti işlərinin tamamlanması iki il çəkəcək.

O vaxtdan bəri çətinliklə, adamların ASK-da bir saat gözləməsindən sonra şirkət nümayəndələrilə bir neçə dəfə görüşmək mümkün olub. Ancaq binanın başa çatmasının vaxtı ilə bağlı heç bir vəd özünü doğrultmayıb.

2020-ci ilin martında şirkətin həmin yüksək vəzifəli məmuru (sonradan vəzifəsi artıb) əminliklə vəd edib ki, binanın tikintisi 2020-ci ilin iyununda tamamən başa çatacaq və 2020-ci ilin payızında təhvil veriləcək. Beləliklə, yeni alıcılar cəlb edilib. Bəs niyə şirkət yeni adamları çaş-baş salıb?

2020–ci ilin payızında narahat olan sahiblərə bildirilib ki, bina 2020-ci ilin sonuna qədər, daha sonra 2021-ci ildə Novruz bayramına qədər təhvil veriləcək. Və bu hələ də davam edir, hər il 3-4 aydan sonra evi təhvil verəcəklərini vəd edirlər. Müxtəlif səbəblər göstərilib – kovid, vəsaitlərin pambıqçılığın inkişafı üçün yönəldilməsinin ASK üçün prioritet olması, vəsait olmaması və s.

Ötən il yayın əvvəlindən sahibləri mənzillərin təmirinə başlamağa çağırıblar, əminliklə vəd ediblər ki, bina ilin sonunda təhvil veriləcək və təmir edənlər dekabrda mənzilə köçə bilər. Deyiblər ki, bina tamamlanıb və həyətdə xırda işlər qalıb, bu həqiqətən belədir. Ancaq dekabrda məlum olub ki, praktik olaraq iş getmir və yeni tarix – bu ilin yanvar – fevral ayları səslənib. Bu il işlər dayandırılıb və hər şey daha da qeyri-müəyyən olub. Təmir edənlər başa düşə bilmirlər ki, onları davamlı olaraq təmir etməyə çağıranlar niyə onları aldadır?

Biz öz mənzillərimizi çoxdan və nisbətən aşağı qiymətə almışıq, belə ki, kimsə 2004-cü ildə, tikintinin başladığı vaxt alıb, kimsə daha sonra. Başa düşə bilmirik ki, ASK kimi böyük bir şirkət ayrı-ayrı işlər, həyətdə infrastrukturun yaradılması istisna olmaqla nisbətən kiçik bir obyekti bu illər ərzində təhvil verə bilmir. Belə çıxır ki, ASK üçün bu layihə prioritet deyil. Ancaq başqa bir şey də aydındır ki, şirkət binanı təhvil verməklə orada satılmamış mənzilləri, qarajları, birinci mərtəbədəki ticarət obyektlərini yüksək bazar qiymətlərinə sata bilər və bu pulla yeni layihələr həyata keçirə və ya ölkə büdcəsinə töhfə verə bilər.

Təxminən 20 ilə yaxındır cavabını ala bilmədiyimiz suala cavab almaq istəyirik – nəhayət, mənzillərimizi bizə nə vaxt təhvil verəcəklər? Bu illər ərzində bizimlə birlikdə yeni mənzilə köçəcəyimiz günü gözləyən doğmalarımızın bəziləri həyatda yoxdur, uşaqlarımız böyüyüb, biz yaşlanmışıq. Əgər əvvəllər Beynəlxalq Bankın məmurları laqeyd idilər və binanın ən qısa zamanda təhvil veriləcəyinə söz verirdilərsə, indi biz ASK tərəfindən bizə qarşı laqeyd münasibət görürük. Şirkət illərdir prezidentin sərəncamının icrasını ləngidir”, dəfələrlə aldadılmış bakılılar Turan-a yazırlar.

ASK Turan-ın sorğusuna cavab olaraq geniş məktub göndərib. Məktubda “Abidə” MTK binasının 2015-ci ildə “Aqrarkredit” Səhmdar Cəmiyyətinin balansına verilməsindən danışılır. Sonra ASK 2017-ci il tarixli 665 saylı fərmanda prezidentin korporasiyanın qarşısında qoyduğu vəzifələr barədə ətraflı məlumat verir. Tapşırıqların uzun siyahısında (dövlət əmlakının effektivliyinin artırılması, cavabdehlik və nəzarət sisteminin formalaşdırılması, aqrar-sənaye sahəsində müasir idarəetmənin yaradılması və s.) yaşayış binasının tikintisi göstərilməyib.

2019-cu ilin noyabrında Azərbaycan Beynəlxalq Bankı “Aqrarkredit” Səhmdar Cəmiyyətinin götürdüyü problemli kreditlərin əvəzinə sözügedən ünvandakı yarımçıq qalmış yaşayış binasını ASK-ya verib. Üstəlik, binanın verilməsi ASK-nın təşəbbüsü ilə həyata keçirilib.

Sonra ASK gördüyü işləri sadalayır: damın tikintisi başa çatıb, qapılar qoyulub, daxili kommunikasiyaların çəkilməsinə başlanılıb və s. “Abidə” evinin tikintisinə mane olan digər yaşayış binasının sökülməsi üçün FHN ilə əməkdaşlıq davam edir. FHN “Abidə” binasında inşa edilmiş su-kanalizasiya sisteminin istismarına icazə verib. Liftlər quraşdırılıb.

Tikinti üçün zəruri olan işlərin (layihədə nəzərdə tutulmuş və nəzərdə tutulmamış) smetada qeyd olunmadığı müəyyən edilib. Məktubda bu işlər sadalanıb. 19 illik tikinti müddətini nəzərə alaraq, ASK köhnəlmiş sənədləri yeniləyib.

ASK üçüncü özəl və dövlət şirkətləri tərəfindən yerinə yetirilən işlərin müddətini qeyd edir. Bunların arasında layihələrin hazırlanması və müxtəlif təşkilatların razılığının alınması da var. Obyektin təhvil verilmə müddətinə covid dövrünün çətinlikləri təsir göstərib.

Məktubun sonunda ASK Turan-dan onu da nəzərə almağı xahiş edir ki, yuxarıda göstərilənlərdən əlavə, korporasiya smetada qeyd olunmayan və məktubda göstərilən işlərin dəyərinin müstəqil ekspertizasının alınmasının son mərhələsindədir. Tikintinin tamamlanması üçün lazım olan məbləğ dəqiqləşdirildikdən sonra tikintini maliyyələşdirmə mənbəyi müəyyən ediləcək, – ASK bildirir.

Sənaye Korporasiyasının məktubunda uzun sürən tikintinin başa çatma müddətli göstərilməyib.

Bənzər yazılar

Back to top button