İqtisadiyyat

Yüz min manatdan çox olan tenderlər yeni metodla keçiriləcək

Satınalan təşkilat satınalmaları açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma metodlarını tətbiq etməklə bu Qanunla müəyyən edilən qaydada həyata keçirir.

AzToday.az “Trend”ə istinadla xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Yalnız nəzarət orqanının razılığı ilə tətbiq edilən satınalma metodları nəzərə alınmaqla, ehtimal olunan qiymət 100 000 manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilir.

Ehtimal olunan qiymət 100 000 manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər.

Ehtimal olunan qiymətdən asılı olmayaraq, aşağıdakı satınalma metodları yalnız nəzarət orqanının razılığı ilə tətbiq edilə bilər:

– qapalı tender metodu;
– bir mənbədən satınalma metodu;
– çərçivə sazişinin bağlanması ilə nəticələnən açıq tender və ya kotirovka sorğusu metodları.

Nəzarət orqanı yuxarıda qeyd olunan razılığın verilməsi ilə bağlı müraciətlərə 20 (iyirmi) iş günü ərzində baxır.

Qüvvədə olan qanuna görə isə Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının məcburiliyi halında dövlət satınalmaları açıq tender və ya kotirovka sorğusu metodları tətbiq edilməklə elektron satınalma vasitəsilə həyata keçirilir.

Malların (işlərin) satın alınması zamanı satınalan təşkilat açıq tender prosedurlarından əlavə, digər satınalma metodlarından yalnız bu Qanunda nəzərdə tutulmuş şərtlər əsasında istifadə edə bilər.

Aşağıdakı hallar istisna olmaqla satınalan təşkilat xidmətlərin satın alınması zamanı Xidmətlərin satınalınmasının əsas metodundan istifadə edir:
– xüsusiyyətlərin müfəssəl tərtibi əməli cəhətdən mümkün olduqda və satın alınan xidmətlərin texniki xarakterinə görə açıq tender prosedurlarının həyata keçirilməsi daha məqsədəuyğun olduqda;
– bu Qanunda nəzərdə tutulmuş satınalma metodlarından istifadə edilməsi daha məqsədəuyğun olduqda, həm də onlardan istifadə şərtləri yerinə yetirildikdə.

Satınalan təşkilat hər hansı satınalma metodundan istifadə edirsə, satınalma prosedurları haqqında hesabata həmin metodun seçilməsi üçün əsas götürülmüş halların şərhini daxil edir.

Bənzər yazılar

Back to top button