CəmiyyətSiyasət

Ramin Bayramlının atasından açıqlama: “Sübut göstərsinlər ki, rüşvətlə iş görüb” (MÜSAHİBƏ)

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının atası Baba Bayramlı oğlunun rəhbərlik etdiyi qurumdan istefa verməsi ilə bağlı Qaynarinfo-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

– Baba bəy, oğlunuzun istefa verməsi ilə bağlı nə deyə bilərsiz?
– Biz ata-oğul olsaq da, Raminin şəxsi işinə qarışmıram. Özü-özünə bunu məsləhət bilib. Nəticədə öz istəyi ilə ərizəsini yazıb və işdən çıxıb. Heç nəyə də ehtiyac yoxdur. Şükür Allaha, oğlum qabiliyyətli oğlandır, inşallah özünə bir iş də tapar.

– İstefa verməsi ilə bağlı Ramin bəylə bir ata kimi danışmısınızmı?
– Səhər gedib, axşam gəlirdi. Nə ailə görürdü, nə də uşaq. Həm də yazılanlar da buna təsir etdi. Səhərdən axşama kimi işinin başında olurdu. Evi-eşiyi qalmışdı kənarda. Qədir bilirlər ki… Söhbət eləmişəm. Dedim, nəyə görə istefa verdin? Dedi, “Ay ata, vallah nə deyim. Gördüm həqiqətən ətrafda narazılıqlar çoxdur. Buna görə istefa verdim ki, yuxarıdan bunu görsünlər. Mən bu vəzifəyə layiqəm, ya yox. Sonra ləkənənməmiş bu istefanı qərarlaşdırdım. Qoy ləkəsiz işdən çıxım”.

– Oğlunuz sizinlə qalır?
– Mən bir ata olaraq hər zaman öz zəhmətimlə yaşamışam. Atam da müəllim olub. Uşaqlıqdan arı təsərrüfatı ilə məşğul olmuşam. Ailəmi də zəhmətə alışdırmışam. Halal zəhmətimlə təhsil almışam. Bu oğlum Raminə də aiddir. Oğlum Tibb Universitetinin yataqxanasında qala-qala müəllim təyin olunmuşdu. Elə yataqxanada da tələbələrinə dərs deyirdi. Ata kimi onun şəraitindən hər zaman narahat olurdum. Qərbi Azərbaycanın (İndiki Ermənistan) Göyçə mahalında, keçmiş Çəmbərək rayonunun Toxluca kəndindən Şəmkirə məcburən qaçqın kimi gəlib, yaşamışdıq. Oğluma görə Şəmkirdən Bakıya köçdüm. Burda bir il kirayədə qaldıq. Sonra zəhmətimizlə bir ev aldıq. Ramin mənimlə bir həyətdə yaşayır.

– Ramin bəyin fəaliyəti ilə bağlı bir sıra tənqidlər səsləndirilirdi. Siz bir vətəndaş olaraq onun işini necə qiymətləndirirdiz?
– İş olan yerdə yəqin ki, tənqid olacaqdı. Amma haqsız tənqidlər də çoxdur. Raminin səhvi varsa, ondan nəticə çıxarsın. Amma ümumi şəkildə desəm, bir ata kimi hər zaman Raminə uğurlar arzulamışam. Elin gözü tərəzidir. Əgər haqlı tənqiddisə, bu ayrı məsələdir. Gəlib, Raminin təzə tikdiyi evlə bağlı çəkiliş ediblər. Hardasa 10 il bundan əvvəl oğlum öz zəhmət ilə 4 sot torpaq almışdı. İndi istəyirdik ki, özünə yurd yeri düzəltsin. Çünki Ramin hələ də mənim həyətimdə yaşayır. Yaşadığı mənzili də vaxtı ilə öz zəhmətimlə düzəltmişdim. İndi də deyirdik ki, artıq özünə ayrı bir şərait düzəldib, yaşasın.

– Yəqin ki, siz Ramin bəyin mətbuatda yayılan villasından danışırsınız?
– Bəli. Sonra da gördük mediada Raminin villası ilə bağlı xəbərlər dərc edilir. Bu məsələdə haqsız yerə onun adını hallandırırlar. Gəlib görsünlər ki, bu adamın doğurdan da nəyi var, nəyi yox… Zərrə qədər bir göstərsinlər ki, bu adam dövlət işində rüşvətlə hər hansı bir iş görüb. Əstəğfürullah. İnanın ki, belə bir hal ola bilməz. Özümdə olmayıb, onda da ola bilməz. Mən ailəmi müəllimliklə bərabər, həmçinin arıçılıqla da saxlamışam. İndi də arıçılıq təsərrüfatı ilə məşğulam. Buyurun, gəlin, sizi bal qonaqlığına dəvət edirəm.

Bənzər yazılar

Back to top button