GündəmManşetSiyasət

Ekspert İranın yükdaşıyıcılarına verilmiş qəbzlə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə aydınlıq gətirib

İrandan Azərbaycanın 21 kilometrlik Qafan-Gorus avtomobil yolu sahəsilə hərəkət edən yük maşınlarının sürücülərindən pul tutulması barədə sosial şəbəkələrdə yayılan xəbər Azərbaycan ictimaiyyətində maraq doğurub. 11 sentyabr 2021-ci ildən Azərbaycan gömrükçüləri İranın yük maşınlarından, əsasən yanacaq daşıyan maşınlardan rüsum alır. Gömrükçüləri Azərbaycan Daxili İşlər Nazirliyinin çevik reaksiya alayının dörd avtomatçısı qoruyur.

Dövlət Gömrük Komitəsinin mətbuat xidməti telefon zənglərinə cavab vermir. Dünən Dövlət Gömrük Komitəsi bəyanat yayaraq məsələyə bir qədər aydınlıq gətirib. Bildirilir ki, Azərbaycan Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən xarici dövlətlərdən ölkəyə gələn və ölkədən gedən avtonəqliyyat vasitələri vergiyə cəlb olunur. Onlar yol vergisi, həmçinin ölkə ərazisilə beynəlxalq daşımalara görə dövlət rüsumu ödəməlidirlər.

İran şəbəkələrindən götürülmüş qəbzin fotoşəkli ilə bağlı qeyri-müəyyənliklər qalır. Orada görünür ki, Dövlət Gömrük Komitəsinin Cənub İdarəsinə məxsusdur, halbuki, Gorus-Qafan yolunda Dövlət Gömrük Komitəsinin postunun yerləşdiyi Qubadlı rayonu Azərbaycanın cənub-qərbində yerləşir.

Adının açıqlanmasını istəməyən gömrük əməliyyatları üzrə mütəxəssis Turan-a açıqlama verib. O deyib ki, sosial şəbəkələrdə 51 manat məbləğində yol vergisinin ödənilməsi barədə qəbzin və digər ölkə vasitəsilə tranzit daşınmaya icazə verən blanka görə ödəniş qəbzinin təsviri yerləşdirilib. Sürücü mühitində bu, “dazvol” adlanır – 171 manat.

“Ölkələrin gömrük idarələri belə blanklarla mübadilə edirlər. Məsələn, Azərbaycan Dövlət Gömrük Komitəsi İrana 1000 blank verir, İran da bizim Dövlət Gömrük Komitəsinə o qədər blank verir. Hər bir ölkədə bu blanklar öz yükdaşıyıcılarına verilir və onlar sərhəddən ödənişsiz keçirlər. Həmin blankları olmayan xarici sürücülər isə Azərbaycanda 171 manat ödəyirlər. İranda başqa tarif tətbiq edilir”, – ekspert bildirib.

Onun sözlərinə görə, məhz Qarabağa gedən İran maşınlarından rüsumun yığılmasını (bu versiya sosial şəbəkələrdə yayılıb, amma Dövlət Gömrük Komitəsinin bəyanatı ilə təsdiqlənməyib) düşünməyə əsas yoxdur.

Azərbaycan qanununa görə, tranzit yüklə bizim ölkənin ərazisinə daxil olan bütün xarici yük avtonəqliyyat vasitələri qaydalara riayət etməli və bu vergini ödəməlidir. Məlum olduğu kimi, rüsumlar Azərbaycanın Qubadlı rayonunda yerləşən yolun bir hissəsində tutulur.

Blankın Cənub regionu Baş Gömrük İdarəsinə aid olmasının səbəbi barədə suala ekspert belə açıqlama verib: bu idarənin əsas ofisi Astarada yerləşir, Masallı, Lənkəran, Biləsuvar və Xudafərin gömrük postları onun tabeliyindədir. Azad edilmiş ərazilərdə hələ ki bu cür idarə və müvafiq gömrük məntəqəsi yaradılmadığından həmin sahəyə məhz Cənub Regional İdarəsi xidmət göstərir.

Mərkəzi Gəncədə yerləşən Qərb Regional İdarə də var. Gürcüstanla sərhəddə olan bütün gömrük postları onun tabeliyindədir. Həmçinin Xaçmazda Şimal İdarəsi fəaliyyət göstərir və Rusiya ilə sərhəddəki bütün postlar onun tabeliyindədir.

Görünür, Qubadlıya Cənub Regional İdarəsinin işçiləri ezam ediliblər, – ekspert deyib.

Bənzər yazılar

Back to top button