Bizim seçimGündəmHadisə

8 ay əvvəl baş verən səs-küylü qətlin üstü niyə açılmır? (PREZİDENTƏ MÜRACİƏT)

Ötən ilin dekabr ayında Bakının Xətai rayonunda baş verən səs-küylü qətl hadisəsinin üstü hələ də açılmayıb.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirvahid oğlu 20 dekabr 2019-cu il tarixində Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus “Hyundai” markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib. Həmin vaxt rayon prokurorluğunun yaydığı məlumata görə, cinayət Vahabovun yaşadığı evin həyətində baş verib. O, saat 19:26-da evə qayıdıb maşınını parklamaq istəyərkən naməlum şəxs ona bir neçə dəfə atəş açıb. Güllələrin ikisi Vahabova dəyib, biri sifətindən, digəri isə sinəsindən. O, hadisə yerindəcə keçinib. Qatil hadisə yerindən qaçıb gizlənib.

Hadisənin üzərindən 8 aydan çox vaxt keçməsinə baxmayaraq, qatilin yaxalanmaması Vahabovun yaxınlarını narahat edir.

Mərhumun anası Səbirə Vahabova məsələ ilə bağlı Prezident İlham Əliyevə məktub yazıb. Məktubun surəti o cümlədən respublikanın Baş prokuroru Zakir Qaralova, Daxili İşlər Naziri Vilayət Eyvazova və Bakı şəhər prokuroru İlqar Abbasova ünvanlanıb.

Qaynarinfo-ya daxil olan məktubda deyilir:

“Möhtərəm Prezident!

Oğlum, Vahabov Fariz Mirzaid oğlu 20.12.2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu Sadığcan 15/4 ünvanda yaşadığı binanın həyətində bizə məlum olmayan şəxs və ya şəxslər tərəfindən güllələnməklə qətlə yetirilmişdir. Lakin 8 (səkkiz) ay vaxt keçməsinə baxmayaraq Azərbaycan Polisi və Prokurorluğu həmin cinayəti aça bilmirlər. Nəticədə cinayətkar şəxs və ya şəxslər azadlıqda öz həyatlarını yaşayırlar.

Yaşlı və xəstə canımla dəfələrlə cinayətkarların həbs olunduğunu eşitmək ümidi ilə Bakı şəhər prokurorluğuna gedərək cinayət işini aparan müstəntiq Emin Cəlilovla görüşsəm də, ancaq Emin Cəlilovun bildiyi yeganə iş hələ də cinayəti aça bilmədiklərini deməkdir.

Möhtərəm Prezident!

Siz mənim yeganə ümidimsiz. Sizdən bu cinayət işini şəxsi nəzarətinizə götürməyinizi və Azərbaycan Polisi və Prokurorluğundan keçən 8 (səkkiz) ay ərzində nə iş gördükləri baradə hesabat vermələrini tələb etməyinizi yaşlı, xəstə, dərdli ana olaraq artıq dərəcədə xahiş edirəm”.

Qeyd edək ki, Vahabov əvvəllər MTN-in əməkdaşı olub. Lakin səhhətində yaranmış problemlə əlaqədar olaraq oradan çıxıb. Sonra Vahabov bizneslə məşğul olub.

Bənzər yazılar

Back to top button