Dünya

Kim Çen İnin bacısı haqda bilmədikləriniz: Kim Yo Çjon kimdir?

Son günlərdə beynəlxalq mətbuatda adı tez-tez hallanan Şimali Koreya lideri Kim Çen İnin bacısı Kim Yo Çjon haqqında bəzi gerçəklər üzə çıxıb. Qardaşı Kim Çen İnin sirdaşı və Şimali Koreyanın “İvanka Trampı” adlandırılan və sərt açıqlamaları ilə dünyanın diqqət mərkəzində olan Kim Yo Çjon əslində kimdir?

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen İnin öldüyü barədə mətbuatda yayılan xəbərlərin ardından ölkənin başına keçəcəyi iddia edilən bacı Kim barəsində də bir çox dövlət rəsmisi kimi məlumat azdır. Onun 30 yaşlarında olduğu ehtimal edilir. Belə ki, Cənubi Koreya Kəşfiyyat İdarəsinin məlumatına görə, 1987; ABŞ hökumətinin məlumatına görə isə 1989-cu ildə doğulub.

Bu ay Şimali Koreya İşçi Partiyasının Mərkəzi Komitəsinin birinci katibinin müavini vəzifəsinə gətirilən Kim Yo Çjon həm qərb, həm də Asiya mətbuatında gərginlik artırıcı siyasətin memarı adlandırılır.

Blumberq nəşri yazır ki, 1940-ci illərdən bəri kişi idarəçiliyi altında olan cəmiyyəti idarə etmək üçün qadın rəhbərin gətirilməsi Kim ailəsi üçün də önəmli bir irəliləyişdir. O, ailənin ən yüksək vəzifəyə sahib qadın üzvü olması ilə yanaşı belə önəmli bir mövqedə qalmasına icazə verilən və mətbuatda adı bu qədər hallanan çox az üzvündən biridir. 2018-ci ildə Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarında iştirakı ilə diqqəti öz üzərinə çəkən Yo Çjon Şimalla Cənub arasındakı siyasi əlaqələrdə təsirli rola malikdir.

O, qardaşının sirdaşı və ən yaxın ailə üzvü kimi göstərilir.

Vaşinqton Post nəşrinin Tokio bürosunun rəhbəri Anna Fifield “Böyük Xələf” adlandırdığı Kim Çjonun bioqrafiyasında onun uşaq vaxtı rəqsi sevən bir qız olduğunu və atası tərəfindən “Şahzadə” ləqəbi ilə böyüdüldüyünü yazıb.

Qardaşı ilə eyni dövrdə İsveçrə də internatda oxuduğu, 2000-ci ilə qədər orada birlikdə yaşadıqları və atalarının iqtidarda olduğu vaxt Şimali Koreyanın şərq sahilində yerləşən Vonsan liman şəhərindəki bir malikanədə qaldıqları məlumdur. Cənubi Koreya ilə bağlı aparılan siyasətdə önə çıxarılmadan öncə 2011-ci ildə qardaşının iqtidara keçməsi ilə birgə Kommunist Partiyanın daxilində yüksək vəzifələrdə yer alıb. Cənubi Koreyalı rəsmilərin fikrincə partiya daxilində ilk olaraq Təbliğat və Təşviqat Şöbəsində qardaşının ictimaiyyət qarşısındakı imicinin formalaşdırılması üzrə işləyib.

Ölkə siyasətində üzərinə götürdüyü bu aktiv roluna görə 2017-ci ildə adı ABŞ tərəfindən “insan hüquqlarının pozulması və senzura” ittihamı əsasında sanksiya tətbiq olunan şəxslərin siyahısına daxil edilib.

Kim Yo Çjonun xarici siyasətdə parlaması isə Cənubi Koreya və ABŞ-la münasibətlərin tənzimləməsi istiqamətində vəzifəyə gətirilməsindən sonra başlayıb. O, 2018-ci ildə Cənubi Koreyada Qış Olimpiya Oyunlarının açılış mərasiminə qardaşını təmsil etmək üçün qatılıb.

İlk dəfə beynəlxalq mətbuat qarşısına çıxmasına baxmayaraq, bacı Kim heç bir sualı cavablandırmayıb və Cənubi Koreya prezidenti Mun Cey İnlə bir araya gələrək, onu Pxenyana dəvət edib.

Media qeyri-adi xarakterə sahib olduğunu yazarkən, prezident iqamətgahı olan Mavi Evdəki ziyarətçi dəftərinə yazdığı qeyddən qəribə əl yazısına malik olduğuna da diqqət çəkilib.

Son günlərdə tez-tez açıqlama verən Kim Yo Çjon ilk açıqlamasını mart ayında verib. Burada Cənubi Koreyanı tənqid edən Kim Çjon “qorxan it hürər” ifadəsini işlədib. Daha sonra isə Trampın koronavirus pandemiyası zamanı yardım təklifinə təşəkkürünü ifadə edib.

Son günlərdə verdiyi açıqlamalarında Cənubi Koreya ilə əlaqələrin kəsilməsinin əsl vaxtı olduğunu deyib və eyni zamanada Seulu düşmən adlandıraraq, bundan sonrakı həmlənin orduddan gələcəyini bildirib.

Bənzər yazılar

Back to top button