Cəmiyyət

Distant təhsil: TN-in əlində monitorinqin nəticələri yoxdur

“Bizdə hər bir ailənin izahatı, yaxud da monitorinqinin ümumi nəticəsi yoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasıında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. Nazirlik rəsmisi bildirib ki, monitorinqlər vaxtaşırı aparılır və onun nəticəsinə uyğun olaraq tövsiyələr də verilir:

“Problemlərə uyğun adekvat addımlar atmaq lazımdır. Bu davamlı iş prosesidir, burada hansısa bir müddəti gözləməyə ehtiyac yoxdur. Bununla bağlı bütün məktəb rəhbərlərinə Təhsil Nazirliyi tərəfindən tapşırıqlar verilib ki, problemlər olmasın və böyük miqyasda bu işlərə yardımçı olsunlar”.

Cəsarət Valehov hər bir şagirdin evində kompüter təminatı və internetin olub-olmaması ilə bağlı monitorinqin nəticəsinin olmadığını bildirib:

“Deyə bilmərəm ki, var ya yox. Çünki bizdə hər bir ailənin izahatı, yaxud da monitorinqinin ümumi nəticəsi yoxdur. Bilirsiniz ki, burada təhsil təkcə bir istiqamətdə deyil, həm də televiziya vasitəsi ilə tele-dərslər yayımlanacaq. Şagirdlərin televiziya vasitəsi ilə dərsləri izləmək imkanı var. Eyni zamanda ayrı-ayrı günlərdə də əyani formada dərslər keçiriləcək”.

Cəsarət Valehovun fikrincə, bu təhsil sistemində söhbət distant təhsilin təşkilindən getmir:

“Mövcud reallıqlar şəraitində daha münasib formanın axtarışından istifadə etməliyik. Pandemiya bizə yeni reallıq gətirib”.

Qeyd edək ki, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Azərbaycanda hələ də TN və NRYTN şagirdlərin və tələbələrin kompüter təminatının və internetə əlçatanlığın vəziyyəti ilə bağlı aparılan monitorinqin nəticələrinin açıqlanmadığını və bu istiqamətdə vəziyyətin xoşagələn olmadığını qeyd edib.

Bənzər yazılar

Back to top button