Rusiya Ukrayna ərazisində seçki keçirir (ŞƏRH)

by Aztoday Xəbər Portalı

Rusiyada bu gündən başlayaraq 3 gün ərzində parlamentə – Dövlət Dumasına seçkilərə start verilib. 450 yerlik parlamentə seçkilər qarışıq – majoritar və proporsional (partiya siyahılarıyla keçirilir) əsasda keçirilir. Seçkidə 14 partiya iştirak edir. Həsbxanada olan Aleksey Navalnının simasında sistemdən kənar müxalifət seçkidə iştirak etmirlər.

Bu seçkidə iki ilk yaşanır. Birincisi, seçki onlayn əsasda da keçirilir, yəni seçki məntəqəsinə getmək istəməyən Rusiya vətəndaşı internet vasitəsilə də səsini verə bilər. İkincisi, Rusiyada parlament seçkisində Ukraynanın tərkib hissəsi olan Donbass sakinləri də iştirak edirlər. Məsələ burasındadır ki, Moskva Donbass sakinlərinə Rusiya pasportları paylayıb və onlar bu pasportlarla Dövlət Dumasına seçkilərdə namizədlərə səs verirlər. Donbassda seçki məntəqələri yaradılmasa da, sakinlər onlayn səsvermədə iştrak edə bilərlər. Rusiya Krımı 2014-cü ildə ilhaqından sonra yarımada sakinləri Rusiyanın 4-cü seçkisində iştirak edirlər. Krım sakinləri bundan əvvəl bir dəfə 2016-cı ildə Rusiya parlament seçkisində, 2018-ci ildə prezident seçkisində iştirak ediblər, 2020-ci ildə Rusiya Konstitussiyasına dəyişikliklərə səs veriblər.

Ukrayna parlamenti – Ali Rada sentyabrın 8-də Krım və Donbasda keçiriləcək seçkilərə artıq etirazını bildirib. Ukraynalı deputatlar BMT, NATO, Avropa Parlamenti və dünya dövlətlərinin parlamentlərinə müraciət edərək Rusiyada keçirilən seçkilərin nəticələrini tanımamağa çağırıblar. Sentyabrın 15-də Avropa Parlamentinin Litva, Polşa və Estoniyadan olan deputatları bu məsələ ilə bağlı çıxışlar edib etirazlarını bildiriblər. Avropa Parlamentinin xarici əlaqələr komitəsi Avropa İttifaqı Komisarlığına müraciət edərək Rusiyada parlament seçkilərinin nəticələrini tanımamağa çağırış edib.

Rusiya beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyü prinsipinə yenə hörmətsizliyini ortaya qoyub. Kreml bir tərəfdən sözdə Donbass böhranının həlli məqsədilə Minsk formatının davamını tələb edir, digər tərəfdən əməldə Donbasda qanunsuz seçki keçirməklə faktiki bu bölgənin də Krım kimi işğalını rəsmiləşdirir. Rusiyanın Krım və Donbası əhatə edən seçkiləri legitim sayıla bilməz və Ukraynaya dost dövlətlər bu məsələdə prinsipial mövqelərini ortaya qoyacaq, müvafiq bəyanatlar yayacaqlar. Ukrayna keçmişdə Dağlıq Qarabağda separatçıların keçirdiyi “seçkiləri” tanımadığını və Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini bildirib. Kiyev eyni yanaşmanı Bakıdan gözləyir.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər Yazılar