Hadisə

Nuridə Atəşidən Həsən Həsənovun ünvanına İTTİHAMLAR – “Nüfuzundan istifadə edib, mənə mane oldu”

Azərbaycanlı yazar, mədəniyyətşünas və tarixçi Nuridə Atəşi Qədirova özünün facebook səhifəsində həyatında üç böyük çətin andan keçdiyini yazıb. Onlardan biri də dediyinə görə, AMEA Arxeologiya, Antropologiya və Etnoqrafiya İnstitutu tərəfindən edilən ədalətsizlik nəticəsində bütün rəsmi elmi instansiyaları keçdiyi halda tarix üzrə elmlər doktorluğunu müdafiə etməsinə qoyulan qadağa ilə bağlıdır.

Mövzu ilə bağlı Nuridə Atəşilə əlaqə saxladıq.

Tarixçi Bizim.Media-ya açıqlamasında bildirdi ki, özünün haqlı olduğunu göstərmək üçün bütün rəyləri ictimailləşdirəcək:

“Xocalı-Gədəbəy mədəniyyətini ilk öncə sovet arxeoloqları tədqiq edib. Qarabağda almanlar da uzun müddət arxeoloji qazıntılar aparıb. Almanlar isə bütün Qarabağı, Naxçıvanı, Gədəbəyi erməni torpaqları kimi təqdim edirdilər. Bəzi azərbaycanlı arxeoloqlar da bunu götürüb, tədqiqatlarında almanlar dediyi kimi yazırdılar. Guya Qarabağda yaşayanlar ermənilərdir, gəlmələr isə bu günki azərbaycanlılardır. Sonradan yazdıqları bütün bunları Azərbaycan elmindən gizlətdilər və yazmağa başladılar ki, orada yaşayanlar qədim azərbaycanlılardır. Bu Azərbaycan elmini aldatmaqdır. Bu saxtakarlıqların hamısını üzə çıxardım.

Sankt-Peterburqdan həmin almanların orijinal arxiv sənədlərini ortaya çıxartdım. Bu zaman üstümə hücum etdilər ki, bunları yayma.

Lakin onları dinləməyərək, çap etdim. O zaman məndən donoslar yazmağa başladılar. Amazonlardan da yazırdım. Onlar isə heç bir bəhanə tapa bilmədiklərindən, amazonların əxlaqsız qadınlar olduğunu, Nuridə Atəşinin də onları təbliğ etdiyi və bu halın nənələrimizin namusuna xələl gətirdiyini yazmağa başladılar. Yəni qeyri-elmi, yalanlar, iftiralarla dolu donoslar yazırdılar. Bütün rəylərin ictimailəşdirilməsinə razıyam. Haqsızamsa, diplomumu təsdiq etməsinlər”.

Həmsöhbətimiz bu istiqamətdə ünvan göstərməklə, kimlərin ona maneə yaratdığını da dedi:

“Arxeologiya İnstitutundan professor Hidayət Cəfərov Xocalı-Gədəbəy mədəniyyətini özünün tədqiq etdiyini iddia edərək, dəfələrlə mənə hücum edib. Halbuki, Peterburq arxivində aylarla tədqiqatlar aparmışam. O isə heç bir tədqiqat aparmayıb. Peterburq arxivi ona heç bir arxiv sənədi verməyib. Çünki aparılan tədqiqatlar, kimlərin tədqiqat apardığı arxiv sənədlərində qeyd edilir. Həsən Həsənov isə səfir mövqeyindən istifadə edərək akademiyaya, instituta təsir edirdi. Amma arxeologiya institutunun 77 alim məni dəstəkləyib”.

Nuridə Atəşi elmi işini hansı üsulla apardığına da aydınlıq gətirdi:

“Avropa muzeylərində tədqiqatlar aparmışam. Xocalı-Gədəbəy mədəniyyətini 1865-ci ildən 2011-ci ilə qədər kimlərin tədqiq etdiyini araşdırmışam. 6 ölkənin, Gürcüstan, Azərbaycan, Rusiya, Almaniya, Avstriya və Fransa muzeylərinin arxivləri və fondlarının materialları üzərində çalışmışam”.

Bənzər yazılar

Back to top button