8 mənzil ələ keçirdi, şəhid və qazi ailələrinə yığılan pulları mənimsədi – “İmam Mehdi”nin film kimi dələduzluğu

by Aztoday Xəbər Portalı

Famil Cəfərov da sensasiyalı hadisənin qurbanlarındandır. Söhbət özünü “12-ci İmam Mehdi” kimi tanıdan və hazırda həbsdə olan Aqil Babayevdən gedir.

Famil Cəfərov da uzun illər Aqil Babayevin təsiri altında zərərçəkənlərdəndir:

“Mən Aqilin təşkil etdiyi dini söhbətlərdə, toplantılarda iştirak edirdim. Təxminən 2014-cü ilin əvvəllərində o, ilk dəfə məni üzbəüz qəbul edərək, məndən “mənim İmam Mehdi olduğuma inanırsanmı və məni bu cür qəbul edirsənmi?” deyə soruşdu, mən də həmin vaxt onu “12-ci İmam Mehdi” kimi qəbul etdiyimi, ona inandığımı bildirib, əlini öpdüm. Onun ətrafında olan hər kəs ona bu cür biət edirdi. Aqil bizə nə deyirdisə, biz əməl edirdik. Onun sözündən çıxmağa nə mənim, nə də digər inananların cürəti yox idi. Mən hər nə iş görürdümsə, Aqildən icazə alırdım. Aqilin tapşırığı ilə kasıb, dindar insanlara yardım göstərilməsi üçün müxtəlif məbləğlərdə vəsait yığılırdı. Aqil bizə deyirdi ki, qazancımızın 2,5 faizi ona verilməlidir ki, o da öz növbəsində həmin pulları kasıblara paylasın. Mən də 2013-cü ildən başlayaraq hər ay qazancımın müəyyən hissəsini zəkat qismində ona verirdim.

Bu illər ərzində, bir nəfər şərikimlə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində 5 mərtəbəli 20 mənzilli binanı satış məqsədi ilə tikməyə başladıq. Bundan əvvəl, Aqil Babayevdən həmin binanın tikintisi üçün icazəsini almışdıq. Binanın tikintisi hələ davam etdiyi dövrdə təxminən 2015-2016-cı illərdə mənzilləri satışa çıxardıq. Həmin vaxt Aqil bizə bildirdi ki, öz ailə üzvləri ilə birgə yaşaması üçün həmin binanın ikinci və üçüncü mərtəbəsindəki mənzilləri alır, pulunu ödəyəcək. Mənzillərin ümumi sahəsi 560 kvadrat metr idi, hər mərtəbədə 4 mənzil olmaqla ümumilikdə 8 mənzili Aqil Babayev bizdən aldı. Mənzillərin kvadrat metri 800 manat idi. Həmin mənzillərə görə Aqil Babayev 210.000 manat pul versə də, yerdə qalan 238.000 manatı verəcəyini bildirdi, lakin bu günədək pulları verməyib. Biz heç ağlımıza gətirmirdik ki, o bizi aldadır. Pulu da qorxumuzdan istəmirdik. Həmin 8 mənzili Aqilə təhvil verdik. Mən və şərikim elə bilirdik ki, Aqil orada bizim imamımız olaraq öz ailə üzvləri ilə birlikdə yaşayacaq, lakin sonradan bizə məlum oldu ki, Aqil həmin mənzilləri satıb, pulunu mənimsəyib. Saytlarda, sosial şəbəkələrdə onun biznesmen olduğu deyilir, amma, o, biznesmen deyildi. Aqil Babayev bu günə qədər heç bir biznes fəaliyyəti ilə məşğul olmayıb.

Hətta, o, 44 günlük Qarabağ müharibəsində fonda pul köçürənləri şeytan adlandıraraq, dindar şəhid və qazi ailələrinə ev tikib paylayacağını bildirərək, həmin pulları da mənimsəyib”.

Şikayətçinin sözlərinə görə, Aqil Babayev 2019-cu ildə yüksək sürətlə qəza törədib, 1 nəfərin ölümünə səbəb olub və hadisə yerini tərk edib. O, cinayət məsuliyyətndən və cəzadan boyun qaçırmaq məqsədi ilə ölkədən qaçıb, Rusiya Federsiyasına getmək istəyərkən hava limanında yaxalanıb.

Hal-hazırda da Aqil Babayevin özünün və yaxınlarının adı ilə sosial şəbəkələrdə həqiqətə uyğun olmayan yalan məlumatlar yayılmaqdadır. Bununla da, Aqil Babayev ictimaiyyətdə yanlış fikir formalaşdırmaq, zərərçəkmiş şəxslərə təsir göstərmək, hüquq mühafizə orqanlarının işinə kölgə salmaq, beləliklə cinayət məsuliyyəti və cəzadan boyun qaçırmağa çalışır.

Bənzər Yazılar