Siyasi müxalifətdə olduguna görə tanınmış hakimin təqaüdləri əlindən alınır

by Aztoday Xəbər Portalı

Bakı İnzibatı Məhkəməsi Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamalın təqaüdə cıxdıgı gündən indiyədək ödənilmiş rütbə pulunun qanunsuz olması və ödənilmiş 103 min manat məbləgin geriyə alınması haqda qərar verib. Vidadi Mirkamal məhkəmənin bu qərarına qarşı iddia qaldırıb, amma şikayətə baxılmadan məhkəmə həmin qərarı icraya yönəldib və məhkəmə məmurları Mirkamalın əmlakının siyahıya alınmasına başlayıblar. Bu barədə Turan-a 25 il Bakı Dövlət Universitetinin hüquq fakültəsində mühazirə oxuyan, hüquqa dair 14 kitab və 200-ə yaxın məqaləsi olan, Ali Arbitraj Məhkəməsinin (sonralar İqtisad Məhkəməsi adlandırılıb) sədr müavini vəzifəsində işləyən hüquqşünas Vidadi Mirkamal bildirib.

Vidadi Mirkamal 2008 ildən təqaüd alır. Ali Məhkəmənin sədr müavini olub. Qanunla bu ixtisas dərəcəsi alan hakimin maaşına və təqaüdünə beş minimum əməkhaqqı məbləgində vəsait əlavə edilməlidir. Əmək pensiyaları haqqında qanuna əsasən mövcud hakimlərin maaşına edilən əlavələr təqaüdə çıxan hakimlərə də tətbiq edilməlidir. Onunla birlikdə işləyən kolleqaları haqlı olaraq bu bu müddəadan yararlandığı halda Mirkamala münasibətdə bu norma tətbiq edilməyib.

«Bu yanlışlıqla baglı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi rütbəlilərin pensiya təminatı şöbəsinə ərizə ilə müraciət etdim. Aylarla ərizəmə cavab verilmədi. Şifahi olaraq bildirdilər ki, ərizəm öyrənilir və baxılacaq. Sonda mən məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Məhkəməyə müraciət edən kimi şöbənin rəisi ərizəyə mahiyyəti üzrə cavab vermək əvəzinə mənə indiyədək ödənilmiş rütbə pulunun qanunsuz olması və indiyədək ödənilmiş 103 min manat məbləgin geriyə alınması haqda inzibat qərar verdi və həmin qərarla aldığım təqaüdün məbləği minimuma endirildi.

Təbii ki, həmin qərardan da məhkəməyə şikayət verdim və ondan sonra hakimiyyət absurd bir hərəkət etdi. Məhkəmədə şikayətimə baxılmamış həmin qərarı icraya yönəltdi və məhkəmə məmurları dərhal mənim əmlakımın siyahıya alınmasına başladı. Bu qanunsuz və absurd hərəkətlərin qarşısı uzun hüquqi prosedurlardan sonra müvəqqəti dayandırıldı. Lakin Bakı İnzibati Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi mənim qanuni tələblərimin əsassız olması barədə absurd qətnamə qəbul etdilər», – Mirkamal açıqlama verib.

Oktyabrın 10-da Bakı İnzibati Məhkəməsində 103 min manat məbləgin ondan tutulması barədə işə baxılacaq.

İttiham olunan təqaudcu hesab edir ki, yüksək instansiyalardan gələn sifariş əsasında bu işdə də onun ziyanına qətnamə qəbul ediləcək. Təqaüddə olan hüqüqşunas bunu özünün sisasi müxalifətdə olması ilə izah edir: «İcra hakimiyyətinin əlində oyuncağa çevrilən məhkəmələrdən başqa qərar da gözləmək olmaz».

Dövlət başçısı İlham Əliyev çıxışlarının birində Mİlli Şura üzvlərinin nə ilə dolanması haqda tarixi bir sual vermişdi. Bu çıxışın əks- sədası fonunda yerli icra orqanlarının və cəza orqanı kimi fəaliyyət göstərən məhkəmələrin belə absurd və vətəndaşların hüquqlarını pozan hərəkətləri təəccüblü görünməməlidir, bunu da Mirkamal Turan-a deyib.

Maraqlısı budur ki, Mirkamal guya qanunsuz aldıgı pulların hansı tarixdən və hansı meyarla hesablandığını bilmir və bu, məhkəmə prosesində də acıqlanmır. Bu barədə vəkil Namil Haciyev İnzibatı Məhkəməyə sual verib. Oktyabrın 10-də bu suala cavab verilməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsində Vidadi Mirkamalın işilə bağlı Turan-ın sualını dinləyiblər və aidiyyatı üzrə məlumatlandıracaqlarına söz veriblər.

Bənzər Yazılar