Bir ay əvvəl yaranan iki şirkət ləğv olundu – 110 milyon manat nizamnamə kapitalları olub

by Aztoday Xəbər Portalı

Bir ay əvvəl yaradılan 2 şirkət ləğv olunaraq “PMD GROUP” MMC-yə qoşulduğunu elan edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “A-GRADE REAL ESTATES” MMC (VÖEN:1405640551) və “AMAL ƏMLAK” MMC (VÖEN:1405623841) fəaliyyətlərinə xitam verdiklərini və “PMD GROUP” MMC-yə qoşulduqlarını elan ediblər.

Məlumat üçün bildirək ki, “A-GRADE REAL ESTATES” MMC 23.08.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 17 milyon 75 min 668 manat təşkil edir. Qanuni təmsilçisi Mikayılov Ruslan Şamil oğludur. MMC-nin hüquqi ünvanı ölkənin ən böyük şirkətlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər prospekti ev 153-də yerləşir.

“AMAL ƏMLAK” MMC isə 09.08.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 93 milyon 529 min 136 manat təşkil edir. Qanuni təmsilçisi Sədullayev Dəyanət Bayrambəy oğludur. “AMAL ƏMLAK” MMC-nin də hüquqi ünvanı Neftçilər prospekti ev 153-də yerləşir.

Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “PMD GROUP” MMC-nin “Paşa Holdinq”ə bağlı olduğu bildirilir. Şirkətin rəsmi veb-saytında qeyd olunur ki, “PMD GROUP” aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.

Bənzər Yazılar