Siyasət

Üçtərəfli bəyannamənin tələblərinin tezliklə tam yerinə yetirilməsini istəyirik – DİP bəyanat verdi

Demokratik İslahatlar Partiyası (DİP) bəyanat yayıb.

AzToday.az bəyanatı təqdim edir:

“Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin 20%-ni işğal altında saxlayıb və etnik təmizləmələr həyata keçirib. Mülki əhaliyə qarşı müxtəlif hərbi cinayətlərə imza atıb, Xocalı qətliamını törədib. Nəticədə Azərbaycanın 800 min nəfərdən artıq vətəndaşı öz doğma yurd-yuvasından məcburi köçkün düşüb.

İşğal dövründə Ermənistan Azərbaycanın kənd və şəhərlərini viran qoyub, bölgə əhalisinin mal və mülklərini talan edib, tarixi və mədəni abidələri barbarcasına dağıdıb, mədəni irsi məhv edib. Ermənistanın işğalçılıq siyasəti, bölgədə sülh və əmin-amanlığa, onun ümumi inkişafına ciddi zərbə vurub.

Lakin 27 sentyabr 2020-ci il tarixində erməni silahlı birləşmələrinin törətdiyi təxribatlara qarşı Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun başladığı uğurlu əks-hücum əməliyyatlarında – 44 günlük Vətən Müharibəsində xalqımızın, hərbi qulluqçularımızın, könüllülərin göstərdiyi şücaət sayəsində ərazilərimizin əksər hissəsi işğalçılardan azad edilib.

Bu müharibənin gedişində də Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlər törətməkdən çəkinməyib. Gəncə və Tərtər başda olmaqla Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulub. Nəticədə aralarında uşaq və qadınların da olduğu 100-ə yaxın mülki vətəndaş həlak olub, dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb.

Ali Baş Komandanın və rəşadətli ordumuzun qətiyyəti sayəsində cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edilib.

Müharibədə hər iki tərəfdən çoxsaylı itkilər olsa da, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-ci ildə qəbul etdiyi dörd qətnaməsinin (822, 853, 874 və 884 saylı) tələblərini təkbaşına yerini yetirib. ATƏT-in Minsk qrupunun illərlə davam edən nəticəsiz danışıqlarının predmeti olan məsələ öz həllini tapıb. Azərbaycan Ermənistanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməni imzalamağa vadar edib.

Ermənilər bu gün də öz terrorçu mahiyyətindən əl çəkmir, vaxtaşırı Azərbaycana qarşı təxribatlar törədir, milli ordumuzun mövqelərini atəşə tutur, dövlət sərhəddimizi pozmağa çalışırlar. Bütün bunlara baxmayaraq, bəzi xarici qüvvələrin hələ də Ermənistanın bölgəmizdə sülhü təhdid edən siyasətinə dəstək verməsi, qondarma Dağlıq Qarabağ subyektindən danışması böyük təəssüf və təəccüb doğurur.

Bu gün Azərbaycanın qarşısında “Böyük qayıdış” layihəsinin icrası dayanır. İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi, ətraf mühitin, su ehtiyatlarının qorunması şərtilə infrastrukturun inşası, məcburi köçkünlərin öz yurdlarına qaytarılması Azərbaycanın əsas hədəfidir. Bunun üçün Azərbaycana uzunmüddətli sülh lazımdır. Azərbaycan dəfələrlə Ermənistana kommunikasiyaların açılması, qonşu dövlətlər arasında münasibətlərin normal məcraya dönməsi ilə bağlı çağırış edib. Biz tezliklə üçtərəfli bəyannamənin tələblərinin tam yerinə yetirilməsini istəyirik”.

Bənzər yazılar

Back to top button