“Bütün Azərbaycan erməniləri vətənə qayıtmağı arzulayırlar” – Bakıda olan erməni qadın

Print Friendly, PDF & Email

Ötən bazar Rusiya vətəndaşı, Stavropol sakini İrina Yakovlevna Berçiyan 30 il sonra Bakıya gəlib. Onun səfəri müraciətinə baxan “Ermənistan və Azərbaycan arasında Sülh Platforması” ictimai təşkilatı tərəfindən təşkil olunmuşdu.

“Rusiyada yaşayan ermənilər, elə bütün keçmiş Azərbaycan sakinləri doğma havanı udmaq, evlərini yenidən görmək, doğmalarının qəbirlərini ziyarət etmək üçün heç olmasa bir neçə günlük Vətənə qayıtmaq istəyirlər. Ən yaxşı illərimi keçirdiyim Bakıma yenidən gəlməyi çox istəyirdim.

Mən 1 nömrəli məktəbdə oxumuşam, burada çox sayda dostlarım qalıb. Özümə gələ bilmirəm, dünyanın ən yaxşı şəhərinə ilk addımımı atdığım andan çox sevincliyəm”, deyə Berçiyan Turan-ın müxbirinə bildirib.

İrina Yakovlevna və valideynləri Bakıdan 1989-cu ildə gediblər. Əvvəlcə Rusiyaya köçüblər, daha sonra “tarixi vətənə” – Ermənistana yerləşməyə qərar veriblər. Amma üç ilə yaxın orada yaşadıqdan sonra həmişəlik Stavropola köçüblər.

“Ailəmizdə rus dilində danışırdılar. Mən erməni dilini kifayət qədər bilmirdim, indi də bilmirəm, dili bilmədən isə Ermənistanda karyera qurmaq mümkün deyil. Buna görə Rusiyaya köçmək qərarı verildi”, deyə Berçiyan bildirib.

Bakıda olduğu bir həftə ərzində o, qəbirstanlığı ziyarət etmək və doğmalarını və tanışlarını Bakıdakı kilsənin sökülmədiyinə inandırmaq üçün erməni kilsəsinin şəklini çəkmək niyyətindədir.

Berçiyan qeyd etdi ki, bu arada, mətbuatın azərbaycanlıları və onların ermənilərə münasibətini əks etdirməsi ilə həqiqət arasında böyük fərq var. Bakıda olduğu müddətdə o, nəinki düşməncəsinə münasibətlə qarşılaşmayıb, hətta təyyarədəki yol yoldaşı – cənub bölgəsindən olan azərbaycanlı təyyarə endikdən sonra qonağı qarşılayacaq şəxsləri görənə qədər onu müşaiyət edib.

“Ermənistan və Azərbaycan arasında Sülh Platformasına əslən erməni olan keçmiş Azərbaycan sakinləri tərəfindən çox sayda şikayət daxil olur. İmkan daxilində onların istəklərini həyata keçirməyə çalışırıq”, deyə təşkilatın koordinatoru Dilarə Əfəndiyeva Turan-a bildirib.