“Navalnı siyahısı” işə düşdü – Putin rejimi üçün sonun başlangıcı (ŞƏRH)

by Aztoday Xəbər Portalı

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya müxalifətinin lideri Aleksey Navalnın təqibində rol oynamış 35 nəfər yüksək vəzifəli məmura və ən zəngin şəxsə qarşı sanksiyanın tətbiq edilməsini gündəmə gətirən qanun qəbul edib. Nümayəndələr Palatasından sonra qanun Senatda da qəbul olunarsa, prezident 6 ay müddətinə bu qanundan irəli gələn vəzifələri dəyərləndirməlidir.

Putinin hibrid rejiminin dayağı olan bu 35 nəfərə qarşı sanksiya tətbiq edilməsi təklifini ilk dəfə Aleksey Navalnı təklif edib. Rusiyalı politoloqları “qızıl trilyon” adlandırdıqları bu 35 nəfəri ən azı bir trilyon dolları Rusiyadan çıxarmaqda ittiham edirlər. Rusiyada bir çoxları hesab edir ki, “qızıl trilyon” sanksiya təhlükəsi ilə üzləşsə Putinlə yollarını ayırmağa çalışacaq.

“Navalnı siyahısı”na milyaderlər Roman Abramoviç, Əlişir Usmanov, Oleq Deripaska, Gennadi Timçenko, “Rosneft”in direktorlar şurasının sədri İqor Seçin, “Qazprom”un idarə heyyətinin sədri Aleksey Miller,“VTB”-nin Baş direktoru Andrey Kostin,“VEB”-in sədri İqor Şuvalov, Baş nazir Mixail Mişustin, səhiyyə naziri Mixail Muraşko, Moskvanın meri Sergey Sobyanin, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Prezident Adminstrasiyasının rəhbəri Andrey Vayno, Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova, prezidentin sözçüsü Dmitri Peskov, Prezident Adminstrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Federal Penitensiar Xidmətin rəhbəri Aleksandr Kalaşnikov, Birinci kanalın baş direktoru Konstantin Ernst, RT-nin baş redaktoru Marqarita Simonyan, teleaparıcı Vladimir Solovyov, Federal Milli Qvardiya Xidmətinin direktoru Viktor Zolotovun və başqalarının adları var. Əgər, “Navalnı siyahısı”na sanksiya tətbiq edilsə Putinin hibrid rejimi, onunla bərabər həm də Rusiya çökməyə başlayacaq.

Xaqani Cəfərli, politoloq

Bənzər Yazılar