Bizim seçimMədəniyyət

Azərbaycan dilinin qanunla qorunmasına ehtiyac var

Paşa Məmmədov,

Hüquqşünas

Orfoqrafiya lüğətinin yeni layihəsində təklif olunan bəzi lüzumsuz maddələrin ictimaiyyətdə ciddi narazılıq və narahatlığa səbəb olması əsassız deyil. Hər işin bir dəlil və məntiqi olmalıdır, dilin tarixi və ədəbi yaddaşında artıq yüzillər boyu sabitləşmiş sözlərin yazılış qaydalarının zərurət olmadan, birdən-birə dəyişdirilməsi, daha dəqiq desək, pozulması, nə ilə izah olunur?

Dəyişiklik tərəfdarları bir yandan dil haqqında dövlət qanununu öz məqsədlərinə uyğun yozaraq hərəkətlərinə hüquqi don geyindirməyə çalışır, digər yandan isə bunu dilin inkişaf qanunları, cəmiyyətdə baş verən ictimai-siyasi və texnoloji hadisələrlə izah etməyə cəhd göstərirlər. Məsələnin elmi tərəfi ilə bağlı mətbuatda kifayət qədər ciddi müzakirələr gedib, mütəxəssislər və ziyalılar tutarlı elmi-məntiqi dəlillərlə bu yersiz dəyişikliklərin Azərbaycan dilinə, onun istifadəçilərinə, bütövlükdə xalqın ədəbi dil yaddaşına vuracağı zərərlər və cəmiyyətdə törədəcəyi fəsadlar barədə xəbərdarlıq ediblər. Ancaq müşahidələr göstərir ki, problemə inzibati-amiranə üsulla yanaşanlar ictimai tənqidə əhəmiyyət vermək istəmirlər. Belə halda isə Azərbaycan dilinin dövlət tərəfindən qanuni-hüquqi və ictimai-siyasi müstəvidə qorunmasına ciddi ehtiyac yaranır.

Bu məqamı nəzərə alaraq məsələnin qanuni və ictimai-siyasi tərəfinə nəzər salaq:
Layihə müəllifləri rəsmi açıqlamalrada dilin təkmilləşdiriliməsi adı altında irəli sürülüən dəyişikliyi “Azərbaycan Respublikasında dövlət dili haqqında” 30 sentyabr 2002 tarixli qanunun 13-cü maddəsinin 2-ci bəndi ilə ilə əsaslandırmağa çalışır, bir yandan qanun maddəsini öz məqsədlərinə uyğun təfsir etməyə cəhd göstərir, digər tərəfdən isə həmin maddənin birinci bəndini və digər maddələri unudurlar. Həmin maddə tam olaraq belə səslənir:

Maddə 13. Dövlət dilinin normaları

13.1. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər.

13.2. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq, yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir.

Göründüyü kimi, ikinci bənddə söhbət orfoqrafiya qaydalarının dəyişilməsindən deyil, orfoqrafiya lüğətinin beş ildə bir dəfə nəşrindən gedir. Artıq bu normalar qanunla təsbit edilmişdir və kimsə onu istədiyi kimi təhrif edə bilməz. Sağlam məntiqlə düşünəndə orfoqrafiya qaydalarının beş ildən bir Akademiya və İnstitut rəhbərliyinin şəxsi istəyinə uyğun dəyişilməsi ağlasığmazdır.

Qanunun digər maddələrinə diqqət yetirək:

Maddə 1. Dövlət dilinin hüquqi status

1.3. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir.

Maddə 3. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri

3.0.4. Dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi;

Bu iki maddədə həm dövlət dilinin hüquqi statusu və onun qurunması, həm dövlət dilinin saflığının qorunması dövlət qarşısında vəzifə kimi qoyulur. Deməli, dövlət dilinə və onun saflığına zərər gətirmək cəhdlərinin qarşısı qanunla alına bilər. Həmin qanunun digər maddəsinə diqqət yetirək:

Maddə 18. Dövlət dilinin qorunması və inkişafı

18.1. Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır.

Bu maddəyə görə dövlət dilinə qarşı gizli və ya aşkar təbliğat və onun tarixən müəyyənləşmiş hüquqlarının məhdudlaşdırılması, o cümlədən tarixən təsbitləşmiş qaydalarının pozulması və ya təhrif edilməsi yolverilməzdir.

Mövcud vəziyyət göstərir ki, dil dövlət tərəfindən və qanun əsasında ciddi şəklidə qorunmalıdır. Belə olmasa, müvafiq vəzifə başına gələn hər yeni müdir müxtəlif bəhanələrlə dilin tarixən təsbitləşmiş qaydalarını öz istəyinə uyğun dəyişə, təhrif edə və poza bilər. Bu isə ana dilimiz üçün olduqca təhlükəli bir haldır.

Məsələnin qanuni və hüquqi tərəfi ilə yanaşı, ictimai-siyasi əhəmiyyəti də vardır. Belə təsəvvür yaranır ki, bəzi lüzumsuz əlavələri ortaya atanlar bilərəkdən və ya bilməyərəkdən ictimaiyyətdə çaşqınlıq və qarşıdırma yaratmaq, yenilik pərdəsi altında dilimizə dolayısı ilə yersiz müdaxilə etmək istəyirlər. Bəlkə də bu məsələ dövlətin və xalqın, savadlı və düşünən zümrəsinin öz dilinə və kimliyinə nə qədər bağlı və ya nə qədər laqeyd olduğunu aşkar etmək üçün bir sınaqdır. Belə ki, 22 və 37-ci maddələr açıq-aşkar şəkildə Türkiyə və Osmanlıya xas dil qaydalarının süni şəkildə Azərbaycan dilinə tətbiqindən başqa bir şey deyildir. Buna nə qədər elmi don geydirməyə çalışsalar da, hər şey göz önündədir və cidanı çuvalda gizlətmək olmur. Bu barədə mətbuatda kifayət qədər xəbərdarlıq edilib. Diqqətlə baxdıqda ehtimal etmək olur ki, bu işin müəyyən ictimai-siyasi kökləri vardır. Gəlin bir qədər geriyə, 6 fevral 2003-cü ildə qüdrətli siyasətçi və dövlət xadimi, ulu öndər Heydər Əliyevin TÜRKSOY təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri daimi şurasının Bakı toplantısının iştirakçılarını qəbul edərkən etdiyi çıxışdan bir parçaya nəzər salaq:

“Milləti yaşatmaq və millətin indiyə qədər olduğu kimi əzilməsi imkanlarının qarşısını gələcəkdə almaq üçün dilimizi qorumalıyıq. İndi türkdilli millətlərin dillərində bir qədər fərq var. Amma bu dillərin kökü birdir. Mən belə düşünmürəm ki, biz gərək dilimizi tatar dilinə oxşadaq. Yaxud da ki, qırğızlar dillərin bizim dilə oxşatsınlar. Yox!. Əsrlər boyu dillərimiz belə yaranıbdır. Azərbaycan dilinin bundan sonra da inkişaf etməsi mənim həyatımın ən birinci vəzifəsidir. Çünki millətin dilini əlindən alsan, onu öz dilindən məhrum etsən, o millət çox şey itirər. Amma millətin öz doğma dili, ana dili olanda, onu heç nə dəyişdirə bilməz. Allaha şükürlər olsun, bizim Azərbaycan dili çox mükəmməlləşib, çox genişlənibdir. Dilimizin çox böyük lüğət ehtiyatı var”. Sonda TÜRKSOY-a belə müraciət edir: “Mən bunu sizə ona görə deyirəm ki, dili inkişaf etdirmək TÜRKSOY-un əsas vəzifələrindən biridir. Dilimizi bir-birinə bağlamaq, yaxud da ki, bənzətmək lazım deyildir”.

Sual olunur: Heydər Əliyev bu iradı nəyə görə deyib? Yəqin ki, bu heç də təsadüfi və ya səbəbsiz deyildir. Biz hələ 1995-ci ildə Konstitusiyada dövlət dilinin təsbitləşməsi məsələsində də ulu öndərin bir azərbaycanlı kimi dəqiq mövqedə olduğunun şahidiyik. O zamanlar Azərbaycan dilini Türkiyə türkcəsinə bənzətmək meylində olan insanlar var idi və bu işdə TÜRKSOY-un aşkar və ya gizli təsiri olub, şübhəsiz ki, Heydər Əliyevin həmin məsələni xüsusi olaraq vurğulaması buradan qaynaqlanır.

Belə ehtimal edilir ki, indi bu planın arxasında dayanan kənar güclər və onun yerli havadarları fürsətdən istifadə edərək yeni qaydalar adı altında Azərbaycan dilini yavaş-yavaş təhrif etməklə tarixən müəyyən edilmiş özünəməxsus ahəngindən, gözəlliyindən və incəliyindən qoparmaq və onu Osmanlı və Türkiyə türkcəsinin təqlidçisinə çevirməyə girişmişlər. Maraqlı haldır ki, dilimizin tarixən təsbitləşmiş ahəngini tənzimləyən apostrofun mexaniki şəkildə götürülməsi də Heydər Əliyevin vəfatından sonraya təsadüf edir ki, indi onu bərpa etmək əvəzinə 69-cu maddə ilə ahəng pozulmasını qanuniləşdirmək istəyirlər.

Onu da qeyd edək ki, türkdilli ölkələrin heç biri öz dilinini qaydalarını beş ildən bir dəyişərək başqa dili təqlid etmək fikrində deyil. Deməli, dilimizin təhrif edilməsinə yönələn hərəkət planının qarşısı dövlət və qanun səviyyəsində alınmalıdır. Bu planın arxasında dayananlar isə bilməlidirlər ki, başda Prezidentimiz İlham Əliyev olmaqla Heydər Əliyevin Vətənə, xalqa və saf doğma dilinə sədaqət yolunu əzmlə davam etdirənlər Konstitusiyada təsbit edilmiş dövlət dilinin təhrif edilməsinə mövcud qanunlar çərçivəsində imkan verməzlər.

pressday.az

Bənzər yazılar

Back to top button