Siyasət

Putinin Ağasandyanı KTMT-də daimi nümayəndə təyin etməsinin arxasında nə dayanır?

“KTMT-yə İrəvanın sədrlik etməsi fonunda, Kremlin baş qa bir ermənini Rusiyanın qurumdakı daimi və səlahiyyətli nümayəndəsi təyin etməsi iki erməni arasında münasibətlərin qurulması və bütün prosesə Moskvanın daha rahat nəzarət edə bilməsi üçündür”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri KTMT-yə rəhbərliyin 2 illiyə Ermənistana keçməsi ilə paralel olaraq Rusiya Prezidentinin erməni əsilli Mikael Ağasandyanı ölkəsinin bu təşkilatda daimi və səlahiyyətli nümayəndəsi təyin etməsinə münasibət bildirərkən deyib.

Həmsöhbətimiz qeyd edir ki, bu cür təyinatlar Putin üçün sıradan, təsadüfi təyinatlar deyil:

“Hər təyinatın arxasında konkret məqsədlər olur. Bu zaman da əsasən xüsusi xidmət orqanlarının keçmiş əməkdaşlarından istifadə olunur. Ermənistanın KTMT-yə rəhbərlik etməsi fonunda İrəvanın bütün plan və addımlarını əvvəlcədən hesablamaq üçün Rusiya tərəfindən adətən belə addımlar atılır. Moskvanın təyin etdiyi erməni mənşəli bu şəxsin özü də xüsusi xidmət orqanlarının tör-töküntülərindən biridir”.

N. Mirinin fikrincə, Moskvanın KTMT-yə təyin etdiyi Ağasandyanın qurumda əsas vəzifəsi isə İrəvanın bütün addımlarını qabaqcadan öyrənməkdən ibarət olacaq:

“Bu, həm də iki erməninin daha rahat dil tapa bilməsi xüsusunda düşünülmüş addımdır. Ancaq hər bir halda nə Rusiya, nə də bütövlükdə KTMT üçün Ermənistandan hər hansı bir ciddi təhlükə gəlmir. Sadəcə, bütün qərarlar qurumda birgə qəbul olunur. Hər hansı bir qurum üzvü məsələyə “veto” qoyursa, qərar qəbul olunmamış sayılır. Məhz bu cür problemlərin ortaya çıxmaması üçün Moskva KTMT-dəki səlahiyyətli nümayəndəliyini erməniyə həvalə edib”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Mikael Ağasandyanı ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) daimi və səlahiyyətli nümayəndəsi təyin edib. Ötən həftədən KTMT-yə sədrlik isə rotasiya qaydasında 2 illiyinə Ermənistana keçib.

Bənzər yazılar

Back to top button