İqtisadiyyat

Mədəniyyət Nazirliyi ilə “13” şirkəti arasında 63 minlik müəmmalı müqavilə

Mədəniyyət Nazirliyinin “13” MMC (VÖEN- 1903366791) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Mədəniyyət Nazirliyi bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.

Müqavilənin şərtlərinə görə “13” MMC Mədəniyyət Nazirliyinin sifarişi əsasında Xorvatiya Hökümətinin nümayəndə heyəti üçün ziyafət təşkil edəcək və qarşılığında 8 min 330 manat alacaq.

Qeyd edək ki, 24 oktyabr 2017-ci il tarixində dövlət qeydiyyatına alınan “13” MMC-nin hüquqi ünvanı Suraxanı rayonu, Vüqar Quliyev (Qaraçuxur qəs.) ev 20, m. 4-də yerləşir. Qanuni təmsilçisi Sadıqzadə Əli Əhmədağa oğlu olan MMC-nin nizamnamə kapitalı 1 000 manat təşkil edir.

Onu da bildirək ki, “13” MMC bu ilin fevral ayında Mədəniyyət Nazirliyi ilə daha bir satınalma müqaviləsi imzalayıb. Dəyəri 55 min 200 manat olan müqavilənin şərtlərinə görə “13” MMC Azərbaycanda Belarus Mədəniyyət Günlərinin keçrilməsi ilə əlaqədar qonaqları qidalanma, nahar və şam yeməkləri ilə təmin edəcək.

Satınalma müqaviləsində diqqət çəkən məqamlardan biri odur ki, göstəriləcək xidmətin başlama tarixi 13 mart 2024-cü il tarixi göstərilib. Lakin, Mədəniyyət Nazirliyinin 20 fevral 2024-cü ildə açıqladığı məlumatda Xorvatiya nümayəndə heyəti ilə görüş keçirildiyi qeyd olunub (https://twitter.com/culture_gov_az/status/1759805078633103423).
Tender müsabiqəsində diqqət çəkən başqa bir məqam isə odur ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsi ilə həyata keçirilir.

Başqa bir məqam satınalmanın bir mənbədən satınalma metodu əsasında keçirilməsidir.

Bildiyimiz kimi, “Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsində açıq şəkildə qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;

– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

– Satınalma predmetinə təcili tələbat yarandıqda;

– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qeyd edək ki, qonaqlar üçün ziyafət təşkil etməyin Qanunda göstərilən bu şərtlərdən hansına uyğun gəldiyi başa düşülən deyil.

Bənzər yazılar

Back to top button