AnalitikaManşetSiyasət

Ərdoğan və Putinin Qarabağdan İdlibə uzanan müzakirə masası

Soçidə Ərdoğan-Putin zirvəsi gündəmin əsas, həm də bizim bölgənin siyasi mənzərəsinə təsir edəcək məsələsidir. İki liderin müzakirə masasındakı olanlar da sirr deyil, hərçənd, rəsmi açıqlamalar iki mövzunun daha aktual olduğundan yanadır:

– Suriya: İdlib məsələsi;
– Cənubi Qafqaz: “altılıq platforması”, Zəngəzur dəhlizi, Qarabağ;

Görüşün bir nömrəli məsələsi İdlibdir: Putinin Əsədi Kremldə qəbul etməsi, “xarici silahlı qüvvələr Suriyanı tərk etməlidir” açıqlaması, ardınca rusların havadan, Əsəd ordusunun qurudan hücumlarını intensivləşdirməsi məsələni daha da aktuallaşdırdı;

Moskva Suriyada tərəf kimi Türkiyənin olmasında maraqlıdır, lakin sual yaranır: ruslar niyə 2020-ci ilin 5 martında atəşkəs anlaşmasını pozur?

Bunun birdən çox tərəfi var.

1. ABŞ-ın Əfqanıstandan çıxması:
– Moskva Vaşinqtonun Əfqanıstandan çıxmasını güc itirməsi olaraq qəbul edir və bunu güc balansında önə çıxmaq fürsəti olaraq görür: Suriyada, Qarabağda, Liviyada “aqressiv hücum taktikası”na keçir;

2. Suriyada Türkiyənin təklənməsindən yararlanmaq:

– Baydenin PKK-nın Suriya qanadı olan PYD/YPG terror təşkilatını dəstəkləməyə davam etməsi Ankara-Vaşinqton xəttində həll edilməyən məsələ olaraq qalır və Moskva Türkiyənin Suriyada təklənməsindən istifadə edərək, güc balansını xeyrinə dəyişmək istəyir;
– Türkiyənin İdlibdə sıxışdırılması ən pis halda Ankaranın güzəştə getməsi ilə nəticələnə bilər və ruslar güzəşti təkcə Suriyada yox, Qarabağda da, Liviyada da istəyirlər;
– İdlib Rusiya üçün Mərkəzi Asiyanın da təhlükəsizlik nöqtələrindən biri hesab olunur: ABŞ-ın Əfqanıstandan çıxması və Talibanın gəlişindən sonra Mərkəzi Asiyanın təhlükəsizliyinə təhdidlər yaranıb; Moskvada hesab edirlər ki, İŞİD-in Suriyada olduğu dövrlər Mərkəzi Asiya ölkələrindən terror təşkilatına qoşulmaq üçün gedənlərin istifadə etdiyi Fərqanə-İdlib marşrutu indi İdlib-Fərqanə olaraq, “qayıdışda” istifadə oluna bilər; Lavrovun Türkiyəyə “İdlibdə terrorçuları təmizlə” iddiası ilə çağırış etməsi də bununla bağlı idi;

3. Rusiya Şərqi Avropadan Mərkəzi Asiyaya uzanan coğrafiyada gücə çevrilən Türkiyə ilə daha münasib şərtlərdə anlaşmaq üçün önündə maneələr yaradır:

– Ankara Moskvanın “yumşaq qarnı” olan Mərkəzi Asiyada alternativə çevrilir: Türk Şurası növbəti ay Türk Dövlətləri Birliyi olacaq; Türkmənistanın tamhüququlu üzv olması ilə 6 türkdilli dövlət bu çətir altında birləşəcək; 15 ölkə müşahidəçi statusda birliyə qəbul olunacaq və istisna deyil ki, bunlar arasında türkdilli olmayan post-sovet ölkələri də var; beləliklə, rusların ölməkdə olan MDB formatına TDB güclü alternativ olaraq gəlir;
– TDB-yə Ukraynanın da müşahidəçi statusda qoşulması mümkündür, Ankaranın Krım məsələsində intensiv dəstəsi bu gözləntini artırır; Kiyevin bu addımı post-sovet məkanında rusların yaratdığı münaqişədən əziyyət çəkən digər ölkələr, misal üçün, Moldova, presedent yarada bilər;
– Əfqanıstanda Talibanın varlığı Türkiyə-Azərbaycan-Pakistan üçbucağının Mərkəzi Asiya regionu üçün təhlükəsizlik qurşağına çevrilə və rusların “qalxan” missiyası zədələnə bilər;

Ərdoğan Soçidə Putinə Türkiyənin genişlənməsinin Rusiya üçün təhdid olmadığını izah etməyə və ilk növbədə İdlibdə atəşkəsin qorunmasına nail olmağa çalışacaq.

Türkiyə prezidentinin ABŞ səfərinin sonunda Baydeni tənqid etməsi, Putinə müsbət siqnallar ötürməsi, Soçidə Rusiya prezidenti ilə razılaşmağa gedəcəyini açıq şəkildə deməsi və bütün bunların məhz Amerika torpaqlarında bəyan etməsi təsadüfi deyildi: Ərdoğan Putinə “Baydenlə razılaşmadığının”, Baydenə “istədiyimiz vermirsinizsə, alternativinin olduğunun” mesajını verirdi;

Türkiyə prezidenti rusiyalı həmkarı ilə Suriyada iki məsələ üzərindən anlaşmaq, daha doğrusu, mövcud anlaşmaların davam etməsinə nail olmaq istəyir:

– Soçi razılaşmasının icra edilməsi: 2019-cu ildə əldə edilən razılaşmaya görə, PYD/YPG terror təşkilatı Fərat çayının 30 kilometr cənubuna çəkilməli idi, lakin indiyə qədər bu icra edilməyib; Ankara Rusiya ilə bu anlaşmanı həm də Vaşinqtonun terror təşkilatına dəstəyini dayandırmamasına qarşı əldə etmişdi; Baydenlə heç bir nəticə əldə edə bilməyən Ərdoğan Putinlə dil tapıb, ABŞ-ın terror kartına qarşı əlini gücləndirmək niyyətindədir;

– Suriya münaqişəsi üzrə Astana formatının davam etdirilməsi: 2017-ci ildə Türkiyə, Rusiya və İranın imzaladığı Astana anlaşması İdlib də daxil olmaqla Suriyanın bir çox bölgəsində “təhlükəsiz bölgələrin” yaradılmasını nəzərdə tuturdu; İŞİD-in “məhv edilməsi”ndən sonra Əsəd rejiminin Rusiya və İranın dəstəyi ilə atdığı addımlar bu anlaşmanı da arxa plana keçirdi; Türkiyənin bu anlaşmanı yenidən gündəmə gətirməyə ehtiyacı var, həm İdlibin təhıükəsizliyini qorumaq, həm də yeni qaçqın axının qarşısını almaq;

Ankaranın Cənubi Qafqazda təklif etdiyi “altılıq platforması” Suriya böhranında yenidən anlaşma əldə olunmasında qapı rolunu oynaya bilər.

Və Ərdoğanın elə Nyu-Yorkda Cənubi Qafqazı da Putinlə müzakirə edəcəyini açıqlaması bu kontekstdə diqqət çəkir.
Qarabağdan İdlibə uzanan müzakirə masası: Ərdoğan-Putin görüşünün gündəminə bu bucaqdan baxa bilərik.

Ərdoğanın çantasında Cənubi Qafqazla bağlı nələr var?

“Altılıq platforması”: Soçidə Gürcüstana görə vaxt itirmədən bu platformanın “beşlik” formatında (Türkiyə, Rusiya, İran, Azərbaycan, Ermənistan) reallaşmasının müzakirə olunacağı və qərar veriləcəyi gözləniləndir;

1. Türkiyə, Rusiya və İranın bu platformada yaxınlaşması Suriya məsələsində də Ankaranın əlini gücləndirəcək: üç ölkənin Suriyada ortaq nöqtə tapması ABŞ-ın varlığı və maraqlarına risklərin yaratması idi; Trampın dövründə Vaşinqton bölgədə müəyyən qədər “əlini çəkmə” taktikasını izlədi və hədəf Türkiyə, Rusiya və İranı birləşdirən amilin arxa plana keçirilməsi, onların bir-biri ilə üz-üzə qoyulması idi, çünki üç ölkənin bölgədə toqquşan maraqları, birlşdirən maraqlardan daha çoxdur; Astana anlaşmasının irəliləməsinin əsas səbəblərindən biri də bu idi; Baydenin terrorçulara dəstək verməkdən imtina etməməsi Ərdoğanı Türkiyə və İranı yenidən ortaq maraq ətrafında birləşdirməyə sövq edir və Cənubi Qafqazdakı əməkdaşlıq platforması Suriya məsələsinə də təsir edə bilər;

2. Ermənistanla problemin həlli: İrəvan-Ankara xəttində müsbət siqnallar mübdiləsi davam edir və Ermənistanın bölgədəki əməkdaşlıq platformasına gəlməsi həm Türkiyə ilə münasibətlərin qurulması, həm Azərbaycanın təqdim etdiyi sülh sazişini imzalaması imkanlarını artırır; Ərdoğan və Putin əməkdaşlıq platformasının qurulması istiqamətində əməli fəaliyyətə başlanılması üzərində razılaşa və bunun fonunda bölgənin gələcəyinin inşa edilməsinə qapı açacaq sülh sazişini müzakirə edə bilərlər; tərəflərin “dil tapması” cari planda Zəngəzur dəhlizinin inşasına başlanması ilə də nəticələnə bilər;

3. Qarabağ – Soçi masasında Bakının bölgədə istəkləri də müzakirə olunacaq:

– Ərdoğanın ABŞ-dan Putinə göndərdiyi mesajlarda Əliyevin bölgə və Türkiyə-Rusiya münasibətlərində önəminə diqqət çəkməsi bu kontekstdə təsadüfi deyildi;
– İlham Əliyevin Soçi görüşündən öncə həm Rusiya, həm Türkiyə mediasına müsahibələrində Moskvaya müsbət siqnallar göndərməsi, Ərdoğanla Əliyev iki gün öncə telefon söhbəti də Bakının gözləntilərindən xəbər verir;
– Bakı Qarabağda yaşayan erməni vətəndaşları ilə bağlı proqramını şifahi olaraq təqdim edib və Ərdoğan Putinə Azərbaycanın istəklərini çatdıracaq;
– bu məsələdə razılaşmanın indi əldə edilməsi ehtimalı zəifdir, hərçənd, Ankara-Moskva xəttində problemlərin aradan qaldırılması, xüsusilə Cənubi Qafqazda “altılıq (beşlik) formatı”nın qurulması Bakının Qarabağ planının icrasında önünü açacaq amildir;

Bütün bunların fonunda təcrübə ilə sabitləşən reallıq var:

– Ruslar anlayır ki, Türkiyə ilə anlaşmaq ABŞ, yaxud Çinlə anlaşmaqdan daha münasibdir: böyük gücün payı da böyük olur;
– Ankara da anlayır ki, Şərqi Avropadan Mərkəzi Asiyaya uzanan coğrafiyada, həmçinin, Yaxın Şərqdə istəyinə nail olmaq üçün ruslarla toqquşma yox, əməkdaşlıq sərf edir;
Və ABŞ-Çin əks qütbündə həlledici oyunçular olan Rusiya və Türkinənin tarixi təcrübəsi göstərir ki, toqquşada hər iki tərəf itirir.

Türkiyə-Rusiya xəttində son “atışmalar” əslində tərəflərin “döyüşə girməsi” yox, masadan güclü çıxmaq üçün bir-birinin zəif nöqtələrini vurmaq, bir-birinin “əlini yoxlamaq” gedişidir: görüş öncəsi Bakı və Ankaranın Moskvaya “silah alışı” ilə bağlı mesajları, Ərdoğanın “Türkiyə-Rusiya əlaqələrində önəmli bir qərar qəbul ediləcək” açıqlaması Soçi zirvəsinin həm Qafqaz, həm də Yaxın Şərqdə ciddi dönüş nöqtəsi ola biləcəyi gözləntisini artırır.

Asif Nərimanlı

Bənzər yazılar

Back to top button