“Polimer Sənaye Parkı”nda əmək haqqı qalmaqalı – MMC-nin rəhbərindən prokurora şikayət

by Aztoday Xəbər Portalı

Sumqayıtda fəaliyyət göstərən “Polimer Sənaye Parkı” MMC-nin bir qrup keçmiş işçisi sözügedən şirkətin İdarə Heyətinin sədri Rahim Maqsudovdan şikayətçidir.

Onlar Qaynarinfo-ya ünvaldıqları müraciətdə bildirirlər ki, 1 may 2020-ci ildən etibarən “Polimer Sənaye Parkı” MMC-də işləyiblər. Əmək fəaliyyətləri dövründə işlərində hər hansı nöqsan aşkar edilməyib. Lakin 1 sentyabr 2020-ci ildən satış bonusları və xərcləri, 1 yanvar 2021-ci ildən isə maaşları ödənilməyib:

“Dəfələrlə şifahi xəbərdarlıqlar etməyimizə baxmayaraq, heç bir ödəniş olmayıb. Bununla da Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəinin tələbləri pozulub. Həmin maddədə deyilir: “Aylıq əmək haqqı işçilərə, birqayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir”.

Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində isə deyilir: “İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir”.

Bütün bunlara baxmayaraq, əmək haqqımız ödənilməyib. 1 mart 2021-ci il tarixdə isə Kadrlar Şöbəsindən bizə bildirilib ki, heç bir əmək haqqı, bonus və xərclər ödənilməyəcək. Şöbədən deyilib ki, təlimat Rahim Maqsudovdan gəlib”.

Bundan sonra işçilər Rahim Maqsudovla görüşmək istəsələr də, MMC rəhbəri onları qəbul etməyib. İşçilər də buna cavab olaraq tətilə başlayıblar.

“Həmçinin satış ərazilərinin təhvil-təslim edilməsi prosesinin yalnız maaşlar, bonuslar və xərclər hesablandıqdan və təsdiq edildikdən sonra həyata keçiriləcəyini bildirdirdik. Bundan sonra bizi təhdid etməyə başladılar. Təhdid, təzyiq və şantajlara rəğmən mövqeyimizdən geri çəkilmədik. Bəyan etdik ki, tələblərimiz yerinə yetirilməyənə qədər işə çıxmayacağıq”, deyə şikayətçilər bildirir.

Müraciət müəlliflərinin sözlərinə görə, rəhbərlik onların haqlı tələblərini yerinə yetirmək əvəzinə, 9 mart 2021-ci il tarixdən başlayaraq əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verib. Şikayətçilər deyir ki, işdən çıxarılmaları barədə əmri ala bilmədiklərinə görə məhkəməyə müraciət edə bilməyiblər:

“Daha sonra aydın oldu ki, hər birimiz işə qəbul edilən zaman Kadrlar Departamenti tərəfindən sənədlər imzalanarkən qanunsuz olaraq tarix yeri boş buraxılmış “İşdən çıxma və heç bir haqq iddia etməmə” haqqında sənədi də imzalamışıq. Bunun Əmək Məcəlləsinin hansı maddəsinə uyğun olmasının əsaslandırılması barədə tələblərlərimiz də cavabsız qaldı.

Bu azmış kimi Rahim Maqsudov özünün maliyyə fırıldaqlarını ört-basdır etmək üçün müəssisənin Maliyyə Departamentindəki sənədləri saxtalaşdırıb, mənimsənilən pulları satış şöbələrində çalışan əməkdaşlara “yükləyərək” onları hüquq-mühafizə orqanlarının adı ilə təhdid edir.

Nəzərinizə çatdırırıq ki, müxtəlif dövrlərdə öz əməkdaşlarına və tərəfdaşlarına qarşı belə əməllərini davam etdirən Rahim Maqsudov barəsində hüquq-mühafizə orqanlarında araşdırmalar aparılıb. Mətbuatda da bu barədə dəfələrlə yazılıb”.

Hazırda məsələ Sumqayıt Şəhər Prokrorluğunda araşdırılır. Şikayətçilər şəhər prokuroru Müqəddəs Sultanova da müraciət edərək baş verənləri detalları ilə onun diqqətinə çatdırıblar. Həmin müraciəti Fuad Tahirov, Müşfiq Məmmədov, İqbal Qəniyev, Orxan Hüseynli, Fərid Məsimov, Akif Nuriyev, Xəyal Səlimov, Kamil Xəlilbəyli, Ceyhun Nəcəfov və Elnur Qənbərov imzalayıb.

Bənzər Yazılar