Ermənilərin son ümidi – İran (ŞƏRH)

by Aztoday Xəbər Portalı

Rusiya və Fransadan əlləri üzülən ermənilərin yeni ümid yeri İrandır. Ermənistanın ənənəvi mediasında və sosial medianın erməni seqmentində İran bölgədə geosiyasi dəyişikliklərə yol verməyəcək yeganə ölkə kimi təqdim olunur. Bu zaman İran ordusunun gücündən, malik olduğu silahlardan ağızdolusu bəhs edilir.

İranın Azərbaycanla sərhəddə 360 ədəd tank cəmləməsi, iranlı deputatın Türkiyənin və Azərbaycanın əleyhinə Twitter-də paylaşımlar etməsi ilə bağlı məlumatı da erməni mediası və politoloqları yayır.

Məsələn, İranşünas Artyom Tonayan iranlı deputat Artaşir Motaxarinin Türkiyə və Azərbaycanı hədəf alan iki tvit paylaşdığını yazır. İran parlamentində Əli Motaxari adlı depuatatın olduğunu bilsəm də, Artaşir Motaxari haqqında ilk dəfə eşidirəm.

Tonayanın paylaşımına görə iranlı deputat Artaşir Motaxari ilk tvitində belə yazıb: “Osmanlı İmperatorluğunun bərpası xəyallarından məst olan Türkiyə macəra ilə məşğuldur və odla oynayır. Bu çürük ipdən yapışan Azərbaycan da özünü cəhənnəm çuxuruna bənzəyən bir sınağın içinə atır”.

Tonayanın iranlı deputat Artaşir Motaxarinin ikinci tviti kimi təqdim etdiyi qeyddə isə Azərbaycana yönəlik açıq və birbaşa təhdid var: “Əgər şimal qonşumuz dostluq münasibətləri çərçivəsindən çıxmaq istəyirsə, bilməlidir ki, paytaxtı İran Silahlı Qüvvələrinin artilleriyasının zərbə məsafəsindədir”.

Ermənilərin yaydıqları bu məlumatların nə qədər səhih olduğunu sübut etmək mənim vəzifəm deyil. İranın Azərbaycandakı səfirliyi bu məsələlərə aydınlıq gətirməlidir.

İran isə Azərbaycanı hədələməkdən əl çəkməlidir. Biz Tehran rejiminin general Qasım Süleymaninin və nüvə alimi Möhsün Fəxrizadənin qətlinə görə İranın intiqamının sərt və amansız olacağı ilə bağlı İranın dini lideri Ayətullah Xamenei və o zaman prezident olan Həsən Ruhaninin verdikləri sözləri unutmamaşıq. Halbuki, həmin vədlərdən kifayət qədər vaxt keçsə də bu günə kimi vədlərin həyata keçirilməsi ilə bağlı heç bir məlumat yoxdur. İran həqiqətən güclüdürsə və cəsarəti çatırsa Azərbaycanı hədələməsin, Qasım Süleymaninin və Möhsün Fəxrizadənin intiqamını alacağı ilə bağlı vədinə əməl etsin. Amma Tehran rejimi heç zaman buna cəsarət edə bilməz.

Azərbaycan isə İranın düşmənçilik münasibətlərinə qarşı cəsarətli mövqe nümayiş etdirməlidir.

İsraildə Azərbaycanın səfirliyinin açılması dərhal kerçəkləşməli, İsraillə hərbi əməkdaşlıq dərinləşdirilməlidir. Bu erməni-fars işbirliyinə qarşı ən tutarlı cavab olar.

Xaqani Cəfərli, politoloq

Bənzər Yazılar