Seksual cinayət etdiyinə görə həbsdə olmuş şəxslə 46 min manatlıq müqavilə bağlandı

by Aztoday Xəbər Portalı

Gənclərin İnkişaf və Karyera Mərkəzi 40 nümayəndəliyində həyata keçirilməsi nəzərdə tutulan müxtəlif layihələr üzrə mal və xidmətlərin satın alınması üçün “Alono M” MMC ilə müqavilə imzalayıb.

Bu müqavilədə diqqət çəkən məsələ odur ki, onun altında təchizatçı kimi seksual xarakterli cinayət törətmiş şəxsin imzası var.

Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə “Alono M” MMC arasında sentyabrın 24-dən gələn ilin sentyabrın 24-ə qədər yerinə yetirilməli olan müqavilənin dəyəri 46 256 manat təşkil edir.

Tədarükçünün qanuni nümayəndəsi Nahid Nizami oğlu Kərimovdur. Mərkəzi Seçki Komissiyasının seçici bazasında bu adda adam haqqında məlumat yoxdur. 2013-cü ildə mətbuat yazırdı ki, 1984-cü il təvəllüdlü bu adda şəxs AR Cinayət Məcəlləsi ilə (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya digər seksual xarakterli hərəkətlərin edilməsi) 1,6 il müddətində həbs cəzası çəkib. Həbsxana administrasiyası qeyd edib ki, məhkumun qohumu Nahid Kərimova narkotik maddə ötürmək istəyib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi Ədalət Qasımov Turana bildirib ki, qanunvericilik kotirovka sorğularına qatılan iddiaçılar üçün bir sıra tələbləri müəyyən edir və onların arasında potensial mal (iş və xidmət) təchizatçısının texniki və digər imkanları ilə bağlı heç bir meyar yoxdur.

Həmçinin iddiaçının qanuni nümayəndəsinin şəxsiyyəti yoxlanılmalı deyil.

“Alono M” MMC (VÖEN: 1804324661) 2019-cu ilin fevralın 18-də Bakı şəhəri Sabunçu rayonundakı mənzillərin birində qeydiyyata alınıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, həmin günlərdə eyni mənzildə onun rəhbərliyi ilə daha üç şirkət (“Eniqma T”, “Qold ST” və “Optima N”) təsis edilib. Ümumilikdə o mənzildə 15 şirkət qeydiyyata alınıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzi Azərbaycan Respublikası Gənclər Fondu yanında yaradılıb. 2019-cu ilin oktyabr ayında prezident İlham Əliyev Mərkəzin regional nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi məqsədilə 4 milyon manatın ayrılması ilə bağlı sərəncam verib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin ölkənin şəhər və rayonlarında əsasən Heydər Əliyev Mərkəzlərində yerləşən 43 nümayəndəliyi var.

Bənzər Yazılar