Azərbaycanfob, türkəfob İranın Azərbaycanı ittiham etməsi – Ucuz siyasi stereotip, primitiv bəhanə

by Aztoday Xəbər Portalı

«Yeni Müsavat» qəzetininin «Azərbaycan İslam Partiyası» sədrinin müavini Hacı Akif və politoloq Vaqif Hüseyn arasında təşkil etdiyi canlı debatı maraqla izlədim. Qəzet qonşu İranın Azərbaycana qəzəbini «irançılıq türkçülüyə qarşı» prinsipi ilə əlaqələndirir. Bu fikirdə həqiqət vardı. Lakin digər və daha dərin səbəblər də mövcuddur.

Bu gün Azərbaycanda fəallşanlara “iranpərəst” deməyin. Özünüzü aldatmayın. Onlar uzun müddət konservasiya edilmiş gerçək hizbullahçılardır.

Azərbaycanın böyük qələbəsindən sonra məğlub Ermənistanı dəstəkləyən dövlətlər Azərbaycanda ictimai-siyasi sabitliyin, iqtisadi yüksəlişin formalaşmasında qətiyyən maraqlı deyillər. Onlar ölkəmizdə yeni gərginlik ocaqlarının, etnik, dini və ya məzhəblərarası qarşıdurmaların yaranmasında maraqlıdırlar. Etnik, dini məsələlərin, sünni-şiə «qarşıdurmasının» səbəbsiz gündəmə gətirilməsi, bu mövzuların mətbuat və sosial şəbəkə vasitəsilə ictimai dövriyyədə saxlanılması cəhdləri göz qabağındadır. Lakin bu məsələni hətta üzdən araşdıranda belə, yenidən «quyruq məsələsi» ortaya çıxır. Amma bu dəfə «şirin» deyil, xoruzun quyruğu görünür…

Əvvəlcə Hacı Akifin təmsil etdiyi «Azərbaycan İslam Partiyası» (AİP) haqqında. Bu təşkilat indi də qeyri-qanuni fəaliyyət göstərməkdədir. Onun qeydiyyatı hələ 90-cı illərin əvvələrində ləğv olunmuşdur. Azərbaycan Respublikasınının qanunvericilik aktlarına görə etnik və ya dini zəmində siyasi partiyaların yaradılması qadağandır. Bu məsələnin bir tərəfidir. Yəqin Hacı Akifin xəbəri yoxdur ki, 1990-cı ildə AİP Azərbaycanda Hizbullahın qanadı kimi yaranmışdı. Bunu İİR-in xeyrinə casusluq fəaliyyətndə ittiham olunmuş AİP rəhbərlərinin məhkəmə prosesində partiya funksionerləri də etiraf etmişlər. 1992-ci ildə Tehranın «Mərmər» hotelində adıbəlli SEPAH-ın generalı Hacı Mənsur Həqiqətpur (hazırda İran parlamentinin deputatıdır) onları məxfi əməkdaşlığa cəlb etmişdir. Onlar Azərbaycanda islam inqilabının baş qaldırması, İİR-də qeyri-qanuni dini təhsil alan gənclərin bu prosesə qoşulması, Azərbaycanın hərbi hissələri, mövqeləri, strateji neft, elektrik, qaz xətləri, dövlət məmurlarının ünvanlarının əldə olunması və sair barədə tapşırıqlar almışlar… Elə Hacı Akifin Azərbaycanın bütün dindarlarını nədənsə «islamçılar» adlandırması da həmin illərin terminoloji ənənəsinin qalığıdır. Onu da yada salmaq istərdim ki, Azərbaycan Respublikası Konstitusiyasında dinin dövlətdən ayrı olmasına dair müddəaya etiraz əlaməti olaraq, 1993-cü ildə Qum şəhərində etiraz mitinqi keçirilmiş və Azərbaycanın dövlət bayrağı yandırılmışdır. Həmin mitinqdə «Azərbaycan İslam Partiyasının» rəhbərləri də çıxış etmişlər. Görəsən, Hacı Akifin bundan xəbəri varmı?

Azərbaycanın qələbəsindən, öz ərazilərini erməni işğalçılarından təmizləməsindən sonra İran futbol termini ilə desək, «oyundankənar vəziyyətə» düşdüyünü və bunun gerçək səbəblərini yaxşı anlayır. Dərk edir ki, otuz il ərzində İran-Azərbaycan və İran-Ermənistan münasibətlərində «karusel siyasəti» yürütməsi, rəsmi İrəvanı hərbi-texniki, maliyyə-iqtisadi baxımdan açıq dəstəkləməsi, bununla da regionda həlledici sözə malik dövlət iddiasına düşməsi, Azərbaycanla əlaqələrində dəfələrlə qeyri-səmimilik nümayiş etdirməsi nəhayət ki, ona «qırmızı kartın» göstərilməsi ilə nəticələnmişdir. Bununla da İİR regionun yeni siyasi mənzərəsinin, yeni əməkdaşlıq formatının yaranması prosesindən kənarda qalmışdır. Onun bütün səylərində, hədələrində, əzələ nümayişi cəhdlərində məqsəd itirilmiş mövqeyini və nüfuzunu bərpa etməkdir. İranın Azərbaycan Respublikası ilə sərhədlərində hərbi təlim keçməsi isə «mən də burdayam, mənimlə də hesablaşın» deməkdir. İkincisi, İİR rəsmiləri açıq danışmasalara da, «Dağlıq Qarabağın» statusu məsələsində, ən pis halda Azərbaycanın bu bölgəsində yaşayan ermənilərə muxtariyyət verilməsində Ermənistanın açıq və gizli havadarları, hətta düşmən hesab etdiyi dövlətlərlə eyni mövqe nümayiş etdirirlər. Onlar da Azərbaycan Respublikası ərazisində gərginliyin, münaqişə zonasının daim saxlanılmasında, bu amildən xarici siyasi təzyiq vasitəsi kimi istifadə olunmasında maraqlıdırlar.

Qeyd edim ki, ötən illərdə Ermənistanın və Rusiyadakı separatçı təşkilatların ortaya atdığı sərsəm ideyanı – Azərbaycanın federativ dövlət olması və etnik baxımdan əvvəlcə regionlara, sonra isə “müstəqil dövlətlərə” bölünməsi fikrini dəstəkləyənlər arasında iranlılar da vardı. Azərbaycan ərazisindən indiyədək İrana qarşı istifadə olunmasa da, rəsmi Tehran əmindir ki, Azərbaycanın güclü, monolit dövlət olması İranın daxili proseslərinə təsir edə bilən örnəkdir. Bir daha xatırladım ki, İİR-in Azərbaycandakı diplomatik nümayəndəliyini hələ də rəsmi olaraq «İran İslam Respublikasının Bakıdakı səfirliyi» adlandırması deyilənlərə kiçik bir misaldır. Biz hələ «müsəlman qardaşlarımızın» erməni işğalı altında olan ərazilərdə bütün yaşayış binalarının, su borularının, elektrik dirəklərinin sökülüb İrana daşıması barədə susuruq. Halbuki, bu talan İran sərhədçilərinin gözü qarşısında və İran rəsmilərinin razılığı ilə baş vermişdir. Onu da bilirik ki, 44 günlük müharibə ərzində İran bəzi maraqlı dövlətlərin özəl hərbi kampaniyalarının döyüşçülərinin – muzdluların, terrorçu təşkilatların üzvlərinin təyyarələrlə Suriyadan Ermənistana daşınması üçün hava məkanından istifadə etməyə razılıq vermişdir. Müharbə ərzində isə İranın avtomobil karvanları erməni qardaşlarına yardım üçün fasiləsiz silah-sursat daşıyırdılar….

Eyni zamanda, 90-cı illərin əvvəllərindən etibarən narkotik maddələrin məhz İran ərazisindən məqsədli şəkildə Azərbaycana daşınması, hazırda «şüşə» və «patı» kimi tanınan psixotrop maddələrin hansı dövlətdən və nə üçün ölkəmizə gətirilməsi, vaxtilə 600-dən çox azərbaycanlı gəncin məhz «Azərbaycan İslam Partiyası» xətti ilə qeyri-qanuni İrana aparılması, Qum şəhərindəki məşhur əl-Mehdi mədrəsəsində «dini dərslər» adı altında beyinlərinin yuyulması, onlara anti-Azərbaycan ruhunun aşılanması, hizbullahçı kimi yetişdirilməsi, Azərşəhrdəki hərbi düşərgədə hərbi təlimlər keçməsi, 1992-ci ildə «iranlı hərbi müşahidəçilər» adı altında SEPAH zabitlərinin Azərbaycana gətirilməsi, başıboş yerli məmurların yardımı ilə «tanışlıq üçün» döyüş bölgələrinə müntəzəm göndərilməsi, mövqelərimiz barədə məlumatın isə Bakıdakı Naxçıvani küçəsində İİR səfirliyinin icarəyə götürdüyü mənzildən Tehrana və İrəvana ötürülməsi və sair barədə də hələlik susuruq.

Bütün bunlar İranın dini və dünyəvi liderlərinin Azərbaycanla dostluq və qardaşlıq barədə bəyanatları ilə bir araya sığmır. Odur ki, Azərbaycanfob, türkəfob İranın bu gün Azərbaycanı amerikapərəstlikdə, israilpərəstlikdə və ya islamofobiyada, «anti-şiəlikdə» ittiham etməsi, Zəngəzur dəhlizinin açılmasına etirazını bildirməsi əslində ucuz siyasi stereotip, primitiv bəhanədir. Halbuki, sirr deyildir ki, bu gün İran qapalı da olsa, həsəd aparılacaq səviyyədə həm Amerika, həm də İsrail ilə geniş əlaqələrə malikdir. Şəxsən mənim üçün Azərbaycan şəhidlərinin ruhuna səmimi dualar edən, göz yaşı tökən yəhudi ravvini, xristian keşişi işğalçı Ermənistanın Qarabağda gəbərdilən, əlləri minlərlə günahsız insanın – müsəlmanların qanına bulaşan erməni dığalarına «şəhid» deyən İran ayətulalarından qat-qat yaxındır.

Yeri gəlmişkən, 1999-cu ildə İranın xüsusi xidmət orqanlarının Azərbaycana qarşı təxribatlarından və pozuculuq fəaliyyətlərindən bəhs edən «Səssiz müharibə» kitabım işıq üzü görəndən sonra İİR-in səfirliyi yerli kütləvi informasiya vasitələrinə göndərdiyi bəyanatda söz tapmayıb məni «Amerika imperializminin və İsrail sionizminin agenti» adlandırmışdı…

O ki qaldı hacı Akifin müdafiə etdiyi Ərdəbilin imam cüməsi Həsən Amiliyə, burada da gizli heç bir şey yoxdur. Hər bir normal dövlətin öz jirinovskiləri – rəsmi dairələrin açıq deyə bilmədiyi mövqeyi dilə gətirən bambılıları, təlxəkləri olmalıdır. Amili də İranın Jirinovskisidir. Ona ağaları nə deyiblərsə, onu da dilinə gətirir. Çörəyi bundan çıxır. Gərək Hacı Akif bu sıraya qoşulmayaydı. Mən də hiss etdim ki, utana-utana danışır…

PS: Əbdürrəhim bəy Haqverdiyev «Marallarım» əsərində yazırdı: «Bu iranlılar qəribə millətdirlər. Haraya gedirlərsə, aftafaları ilə konsulları yanlarındadır». Konsulları ilə işim yoxdur, bu siyasi məsələdir. Amma Bakıdakı aftafaları hələ də yanlarındadır. Ən nəhayət, Azərbaycan şirin quyruğu ilə oynamır. Çünki şirin quyruğu «zanitdir» və başqa bir dövlətin əlindədir. Bir də kül o şirin başına ki, quyruğunu ələ verir…

Araz QURBANOV

Bənzər Yazılar