Səddamın ordusuna qarşı döyüşmüş azərbaycanlı zabit

by Aztoday Xəbər Portalı

Murad Rəhimov ABŞ Silahlı Qüvvələrində xidmət edib. ABŞ Silahlı Qüvvələrinin İraqda Səddam Hüseynin ordusuna qarşı keçirdiyi əməliyyatlarda iştirak edən Murad Fəllucə yaxınlığında – Ər-Rutbada həlak olub. Hərbi rütbəsi kapral idi. Murad Rəhimov ABŞ hərbi qüvvələrinin 2003-cü ildən 2011-ci ilədək davam edən hərbi əməliyyatlar zamanı həlak olmuş 4409 hərbçidən biridir. Eyni zamanda, İraq müharibəsində həlak olmuş yeganə azərbaycanlı hərbçidir.

Okeanın o tayına qaçış

Murad Rəhimov 1984-cü il aprelin 2-də Bakıda anadan olub. Azərbaycanın məşhur opera müğənnisi Sona Aslanovanın nəvəsidir.

Muradın ailəsi ABŞ-a o, dörd yaşında olanda – 1989-cu ildə köçüb. Həmin günlərdə SSRİ-nin bir sıra respublikasında olduğu kimi, Azərbaycanda da Milli Azadlıq Hərəkatı başlamışdı. Bu mürəkkəb vəziyyət Rəhimovlar ailəsini okeanın o tayına – Amerikaya mühacirətə getməyə tələsdirmişdi.

Orta təhsilini Kaliforniya ştatının San-Diyeqo şəhərində bitirən Murad 6 yaşında təhsilini kollecdə davam etdirib. Həm oxuyan, həm də işləyən Muradın fərqli arzusu vardı. Hələ kiçik yaşlarından hərbçi olmaq istəyən Muradın ən böyük arzusu ABŞ ordusunda xidmət etməkdi. Amma valideynləri oğullarının Dəniz Qoşunlarına yazılmaq istəyinə etiraz etmişdilər. Özləri də 1989-cu ildə SSRİ və Azərbaycanda ehtimal olunan vətəndaş müharibəsindən Amerikaya qaçmışdılar. Amma Amerika uğrunda döyüşməyi qarşısına məqsəd qoymuş Muradın seçiminə sonda təslim olmuşdular.

Valideynlərinin razılığını aldıqdan sonra ABŞ ordusunun sıralarına yazılır, ABŞ Dəniz Qoşunlarının San-Diyeqodakı Piyada Məktəbini fərqlənmə diplomu ilə bitirir.

Qum burulğanında

Murad Rəhimov ABŞ ordusu 2003-cü İraqa müdaxiləsindən bir neçə ay sonra orduya qatılıb. San-Diyeqoda hərbi düşərgədə təlimlərdən keçib. 2004-cü ilin fevral ayında Muradın xidmət etdiyi hərbi birləşmə təlimlər üçün Havay adalarına dislokasiya edilmişdi.

Pulemyotçu olaraq təlimdən keçdikdən sonra sentyabr ayında ABŞ Hərbi Dəniz Qüvvələrinin 1-ci Batalyonunun tərkibində İraqa göndərilib. Murad atasından İraqa göndərildiyini anasından gizlətməsini istəmişdi. Amma bu sirri az sonra açıldı. Anası ilə telefon söhbətində İraqda olduğunu söyləsə də, hərbi əməliyyatlara qatılmadığını deyərək, bunu ondan gizlətmişdi.

Murad Rəhimov İraqın Fəllucə şəhəri yaxınlığında – müharibənin ən qaynar nöqtələrindən birində xidmətdə olub. 2005-ci ilin fevral ayında ABŞ-a qayıtmalı idi. Amma bu qayıdış onun istədiyi kimi olmadı. Murad yanvarın 25-də Fəllucə yaxınlığında qum fırtınası vaxtı baş verən vertolyot qəzasında digər hərbçi yoldaşları ilə birlikdə həlak oldu. Murad həlak olanda 20 yaşındaydı.

Murad Rəhimov San-Diyeqoda yerləşən Fort-Rouzkrans Milli Qəbiristanlığında (Fort Rosecrans National Cemetery) dəfn edilib.

Ölümündən sonra Amerikanın hərbi komandanlığı tərəfindən medalla təltif olunub.

Vəd edilmiş arzu

Muradın valideynləri – Rüfət və Dinarə Rəhimovlar Kaliforniya ştatının San-Diyeqo şəhərində yaşayırlar.

Anası Muradın uşaqlıqdan olduqca həssas, üsyankar və azadruhlu olduğunu deyir. Dinarə xanımın dediyinə görə, Murad 15 yaşında özü pul qazanmağa qərar vermişdi, bir müddət bunun üçün kompüter təmiri ilə məşğul olmuşdu, 16 yaşında orta məktəbdən çıxıb kollecə daxil olmaq üçün kurslara yazılmışdı. Elə o günlərdə valideynlərinə ordu sıralarında vətənini müdafiə etmək istədiyini demişdi. Dinarə və Rüfət Rəhimovlar əvvəlcə buna etiraz etsələr də, sonda qazanan Murad olmuşdu.

Atası Rüfət Rəhimov oğlu ilə bu barədə söhbətini xatırlayır: “Səbəbini soruşduqda dedi ki, siz qəhvə içərkən, həyatınızdan zövq alarkən kimsə bu ölkəni qorumalıdır. Soruşurdum ki, Amerikaya kim hücum edəcək? Dedi ki, bunu heç vaxt bilməyəcəyik, amma bizi övladlığa götürmüş ölkəni qorumalıyam”.

Murad da, anası da onun qayıdacağına inanmışdı. Murad San-Diyeqoya qayıtdıqda 15 yaşlı bacısı Şaylaya qazandığı pulla avtomobil alacağına söz vermişdi. Anasına isə o sözü vermişdi ki, aprelin 2-də 21 yaşını onunla qeyd edəcək.

Dinarə Rəhimova Milad bayramı ərəfəsində ondan zəng gələndə dənizçi oğlunun hələ də Havayda olduğuna inanırdı. Amma bir neçə gün sonra Murad əslində İraqda olduğunu həftələrlə döyüşməsi haqda anasına danışdı. Amma bunun arxada qaldığını, artıq Amerikaya qayıtmağa hazırlaşdığını deyərək onu sakitləşdirmişdi.

“Mənə dedi ki, ana, indi sənə düzünü deyə bilərəm, çünki ən pisi artıq arxada qalıb. Daha heç bir təhlükə olmayacaq”, – Dinarə Rəhimova o günləri xatırlayanda deyir.

Müharibə – tale

Atasının Muradın o gün Dinarə xanımla telefon danışığı haqda bunu deyir: “Murad anası ilə danışanda müharibədən nifrət etdiyini söylədi. Yaşadıqlarından nifrət edirdi. Anası ondan soruşdu ki, sən kimisə öldürmüsən? Bu haqda danışmaq istəmədiyini dedi”.

Bu zəngdən bir neçə gün sonra əksəriyyəti ABŞ-ın Havaydakı hərbi dəniz bazasından olan 30 hərbçini daşıyan vertolyot Fəllucə şəhəri yaxınlığında qəzaya uğradı. Helikopterdən sağ çıxan olmadı. Bununla belə, məlum qəzada ölən yeganə hərbçinin 20 yaşlı Rəhimov olduğu iddiası da var.

Atası deyir ki, Muradın bir çox arzusu və hədəfi vardı, amma bunların heç birinə çata bilmədi: “Ən kədərlisi budur ki, o qədər çox hədəfi var idi, bunlara çatmaq istəyirdi. Ailə qurmaq arzusundaydı. Ürəyi xoş niyyətlərlə doluydu. Ondan niyə İraqda xidmət etmək istədiyini soruşdum, dedi ki, bunu taleyim üçün seçdim”.

Mənbə: Teleqraf.com

Bənzər Yazılar