Bizim seçimCəmiyyətİqtisadiyyatManşet

Azərbaycanlıların ömrünün azalması fonunda pensiya yaşı artırılır

Azərbaycan əhalinin uzunömürlülüyünə görə Gürcüstandan geri qalır. Gürcüstanda əhalinin hər 1000 nəfəri hesabı ilə 80 və daha çox yaşı olan 34, Azərbaycanda isə 13 nəfər yaşayır, deyə iqtisadçı Rövşən Ağayev Turan-a bildirib.

Hər iki ölkənin rəsmi statistikasının 2017-ci ilin əvvəlinə olan məlumatına görə, 80 və daha çox yaşı olan yaşlıların sayı 3.7 mln nəfər əhalisi olan Gürcüstanda 127 min nəfər, 9.8 mln. nəfər əhalisi olan Azərbaycanda 129 min nəfərdir.
Ekspertin sözlərinə görə, uzunömürlülük ölkədə sağlam həyat tərzi (xüsusilə sosial-psixoloji mühit), təbii-iqlim amilləri, səhiyyə sisteminin keyfiyyəti, əmək və məşğulluq şəraiti kimi çoxsaylı faktorlardan asılıdır.

Ümumiyyətlə, söhbət əhalinin həyat keyfiyyətini əks etdirən mühüm göstəricilərdən gedir. Alimlər inanırlar ki, insan həyatının orta yaşama müddəti 110-115, hətta 120-140 ildir. Ancaq bir çox bioloji və sosial-iqtisadi amillərin təsirləri bu göstəricinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır. Qeyd edək ki, Sovet dönəmində Azərbaycan uzunömürlülər ölkəsi hesab olundu.

İqtisadçı hesab edir ki, yaşlı əhalinin sayının az olması ölkənin pensiya sistemini kəskin maliyyə risklərindən də sığortalayır. Məsələn, Gürcüstanın durumu çox ağırdır – əhalinin 15%-ə yaxını 64-dən yuxarı yaşdadı. Bizdə bu göstərici 6.3%-dir…

Eyni zamanda, ölkədə nisbətən yüksək doğum səviyyəsi ilə yanaşı, 65 yaşdan yuxarı yaş qrupunda yüksək ölüm nisbəti də var.

Maraqlıdır ki, iyulun 1-dən 2017-ci ildən “Əmək pensiyaları haqqında” yeni qanun qüvvəyə minir. Ona əsasən, Azərbaycanda kişilərin pensiya yaşı 4 il, qadınlarınkı isə 10 il müddətinə 65 yaşa çatdırılacaq. Beləliklə, kişilərin pensiya yaşı 2021-ci ilə qədər, qadınlarınkı 2027-ci ilə qədər hər il 6 ay artacaq. Bu addımın əsas səbəbi odur ki, Dövlət Sosial Müdafiə Fondu maliyyələşməni təmin etmək gücündə olmaya bilər. Amma ömür uzunluğunun müqayisəli məlumatlarına baxsaq, Azərbaycanda 65 yaşdan sonra əhalinin ölüm səviyyəsinin yüksək olması hökuməti antihumanist addımdan çəkindirməyib.

Bənzər yazılar

Back to top button