Sağlamlıq

Koronavirusun 2-ci dalğası: “Bu, bizə çox ağır başa gələ bilər…” – Adil Qeybulla

“Biz sosial həyatın ayrı-ayrı sahələrini dondura bilmərik”.

AzToday.az xəbər verir ki, bunu professor Adil Qeybulla deyib. Professorun fikrincə, karantin rejimi uzun müddət davam edə bilməz:

“İnsanlar işləməlidir, yaşamalıdır, özlərini reallaşdırmalıdır. Ona görə də karantin rejimi tədricən yumşaldılma istiqamətində davam edir. Amma karantin davranışları sərt olmalıdır. Hava-damcı yolu ilə infeksiyaların yayılmasının əsas yolu kütləvi miqrasiya, sosial sıxlıq, təmaslar və antisanitariyadır. Qorunma yolu isə sosial izolyasiya və sanitar qaydaların gözlənilməsidir. Ya da biz gözləməliyik ki, infeksiya hər il koronavirusun əvvəlki ştamlarında olduğu kimi, özbaşına tüğyan etsin, ölən ölsün, sağalan sağalsın, kollektiv immunitet yaransın, artıq özünə yaşamağa müdafiəsiz canlı insan hüceyrəsi tapmayan virus tədricən sıradan çıxsın. İndiki halda bu, böyük tələfatla müşayiət oluna bilər”.

Adil Qeybulla bildirib ki, ən optimal variant bu gün dünyanın getdiyi yoldur:

“Ona görə də biz sosial məsafəni gözləmək, maskada gəzmək, sanitar qaydaları gözləmək kimi tədbirləri Dünya Səhiyyə Təşkilatı (DST) virusun dünyada yoxa çıxması haqda raport verənə qədər davam etdirməliyik. İkinci dalğanın olmasına yol vermək olmaz. Bu bizə ağır başa gələ bilər. Hər il dünyada respirator virus infeksiyalarından minlərlə insan dünyasını dəyişir. Builki COVID-19 sürprizi isə hər il yeni formada bizi fakt qarşısında qoya bilər. İnsanların sayı həndəsi silsilə ilə artır, buna bağlı problemlər (qidalanma, yaşam yerləri, sosial sıxlıq) də artmaqda davam edir. Ona görə də bu davranışa öyrəşməliyik”.

Professor təklif edib ki, ağız və burnu örtən, ağız-burun aerozolunun havaya atılmasının qarşısını alan yeni bir şərf forması icad edilsin:

“Əslində, bütün geyim formaları tələbatdan doğulub, icad olunub. Həmin şərf elə hazırlanmalıdır ki, onun ağız-burnu örtən hissəsinin iç tərəfində xüsusi cibi olsun. Oraya nanotexnologiyanın köməyi ilə hazırlanmış xüsusi filtrlər qoyula bilər. Hər halda modifikasiyalarınızı bildirə bilərsiniz. Yəqin ki, belə bir şərf və ya geyim forması icad olunmasına ehtiyac duyulacaq. DST gələcəkdə respirator virus infeksiyalarından qorunmaq üçün tərtib etdiyi alqotirmə bu formanı da sala bilər”.

Bənzər yazılar

Back to top button