MİLYONÇU MƏMURLAR HƏBSDƏ VİRUSDAN ÖLÜRSƏ… – Cəzaçəkmə müəssisələrində vəziyyət necədir?

by Aztoday Xəbər Portalı

Xəbər verildiyi kimi, keçmiş deputat, dələduzluq ittihamı ilə həbsə məhkum edilmiş Rəfail Cəbrayılov koronavirus səbəbindən vəfat edib. Penitensiar Xidmətin yaydığı məlumata görə, o Müalicə Müəssisəsində dünyasını dəyişib. Qurumdan bildiriblər ki, mərhum virus əleyhinə vaksin olunmaqdan imtina edibmiş.

Yüksək vəzifə tutmuş şəxsin həbsxanada dünyasını dəyişməsi ilk hadisə deyil. Sentyabrın 8-də Goranboy və Ağstafa rayonlarının icra başçısı olmuş Nizaməddin Quliyev də eyni səbəbdən vəfat edib.

Yevlax rayonunun həbsdə olan keçmiş başçısı Qoca Səmədov da iki həftə əvvəl səhhətinə görə görə azadlığa buraxılmışdı. Onun vəkili Elnur Vəliyev bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin ürəyində ciddi problemlər var. O, həm də kəskin hipertoniya və şəkərli diabetdən əziyyət çəkir. Vəkilin sözlərinə görə, sabiq icra başçısı həbs olunmazdan əvvəl onun üzərində açıq ürək əməliyyatı keçirilib və ürəyinə stend qoyulub. Həbsxanada isə Qoca Səmədov koronavirusa yoluxubSentyabrın 30-da səhhəti normallaşan keçmiş icra başçısı hakim qarşısına çıxarılıb və barəsində 7 il 3 ay həbs cəzası kəsilib.

İki həftə əvvəl Biləsuvar rayonunun həbsdəki keçmiş başçısı Mahir Quliyev isə ağır vəziyyətdə Dövlət Gömrük Komitəsinin ixtisaslaşmış hospitalına köçürülüb. Onun da cəza çəkdiyi müəssisədə virusa yoluxduğu açıqlanıb.

Bakı İstintaq Təcridxanasında saxlanılan İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin də vəziyyəti pisləşib. Sentyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmə iclası keçirilməliydi. Lakin V.Hacıyevi məhkəməyə gətirmək mümkün olmayıb. Hakim Azər Paşayev məlumat verib ki, sabiq icra başçısının ağciyərində pnevmoniya əlamətləri aşkarlanıb, bədən hərarəti də yüksəkdir: “Bu səbəbdən təqsirləndirilən şəxsin məhkəmədə iştirakı mümkün deyil”. Məhkəmə prosesi oktyabrın 8-nə təxirə salınıb.

 

 

Yüksək vəzifə tutmuş, varlı məmurların həbsxanada koronavirusa yoluxması və ya dünyasını dəyişməsi cəzaçəkmə müəssisələrində, habelə istintaq təcridxanalarında yoluxmanın kifayət qədər yüksək olmasından xəbər verir. Nəzərə alaq ki, imkanlı şəxslərin həbsdə saxlanma şəraiti, qidalanması, tibbi yardım almaq imkanları adi məhbuslardan qat-qat üstündür. Bununla belə onlar özlərini virusdan qoruya bilmirlər, Nizaməddin Quliyevin, Rəfail Cəbrayılovun vəfat etmələri həbsxanada ölüm riskinin də yüksək olduğunu göstərir. Azərbaycan həbsxanalarında 20 mindən artıq məhkum cəza çəkir, onların əksəriyyəti kasıb, imkansız insanlardır, bəziləri aylarla ailələrindən ərzaq, pul yardımı ala bilmirlər. Təbii ki, onların dava-dərman, tibbi yardım almaq imkanları da xeyli məhduddur.

Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, pandemiya dövründə ÜST və Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq dezinfeksiya işləri, qabaqlayıcı tədbirlər görülüb. Məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşlər, sovqatların ötürülməsi məhdudlaşdırılıb, əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılıb. Növbətçi hakimlər tərəfindən cəza müddətinin bitməsinə 3 ay qalan məhbusların azadlığa çıxmaqla bağlı müraciətlərinə təxirə salınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb.

Bundan başqa, 2020-ci ilin aprelin 7-də Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 175 nəfər yaşlı və xəstə məhkum azadlığa çıxıb. Onların sırasında MTN generalı Akif Çovdarov da yer alıb.

Qeyd edək ki, TƏBİB hər gün yoluxma, sağalma və ölüm statistikası ilə bağlı rəqəmlər açıqlayır. Bura ölkə üzrə əldə olunaraq ümumiləşdirilmiş informasiyalar daxil edilir. Onların sırasında məhbusların olub-olmadığı açıqlanmır.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov “AzPolitika.info”-ya açıqlamasında bildirdi ki, məhkumlar arasında yoluxma, ölüm və sağlamlıqla bağlı olan məlumatlar Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi tərəfindən açıqlanmalıdır: “Ora müraciət edin, bütün statistik məlumatları əldə edə bilərsiz”. Amma gün ərzində adıçəkilən idarənin telefonlarına zəng etsək də, dəstəyi qaldıran olmadı.

 

 

Həkim-farmakoloq Müşfiq Hüseynov vəziyyəti “AzPolitika.info”ya şərh edərkən bildirib ki, belə zəngin adamların bir çoxu həbsxana şəraitinə uyğunlaşa bilmir, stress, əsəb keçirir, bu da onların səhhətinə mənfi təsir göstərir: “Əlbəttə, onlar koronavirus infeksiyasına yoluxa bilərlər, amma düzənli həyata malik olan, maddi durumu yüksək olan şəxslər virusdan niyə ölsün ki?! Məndə olan məlumata görə, yoluxan məhkumları ya ixtisaslaşmış müalicə müəssisəsinə, ya da vərəmli məhkumların müalicə olunduğu korpusa aparırlar. Orada onların müalicəsi üçün ayrıca yer ayırılmışdı”.

Bənzər Yazılar