Siyasət

Səfir: “Ümid edirəm ki, Azərbaycan hakimiyyəti Almaniya siyasi fondlarının qayıtmasına razılıq verəcək” (MÜSAHİBƏ)

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Turan agentliyinə müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Söhbətimiz Almaniyanın milli bayramı – Alman Birliyi Günü ərəfəsində baş tutur. Almaniyanın tarixində bu əlamətdar hadisədən 31 il keçir. Ötən dövrü necə xarakterizə edərdiniz-nə əldə edilib və nələrə nail olunmayıb?

– 31 ildən sonra birliyi uğurlu hesab etmək olar. Keçmiş Qərblə keçmiş Şərq arasında həyat səviyyəsində həm maaşlarda, həm də pensiyalarda fərqin olduğu səsləndirilir. Bəzi analitiklər Almaniyanın cənub-şərq hissəsində bu yaxınlarda keçirilən ümumi seçkilərdə ultra sağ partiyanın uğurundan danışırlar və soruşurlar ki, bu, Almaniyanın şərq hissəsində yaşayan adamların etinasızlığın nəticəsi ola bilərmi? Ancaq mən vurğulamaq istərdim ki, 31 il sonra Şərq köklərinə malik bir çox gənc Qərbdə anadan olub və valideynləri Qərb kökənli olan uşaqların bir çoxu Şərqdə yaşayır.

Almaniya cəmiyyəti daha müxtəlif olub, bu, ən çox böyük şəhərlərdə hiss olunur, nəinki kənd yerlərində- Almaniyanın qərb və cənub regionlarında daha böyük şəhərlər var, nəinki şərq və şimalda (təkcə Berlin və Hamburqda iki milyondan çox əhali var) .

31 il ərzində formalaşmış cəmiyyət sayəsində Almaniya əsrlərin qovuşuğunda öz iqtisadi problemlərinin, 2008-ci ildə qlobal maliyyə böhranının, 2010-cu ildə avro böhranının və 2015-ci ildə Suriyada müharibə nəticəsində miqrantların böyük axını ilə bağlı problemlərin və sonuncusu, ancaq heç də az əhəmiyyətli olmayan problemin -2020-ci il pandemiyasının öhdəsindən gəlib.

– Almaniya Qərb və Şərq regionları arasında iqtisadi və sosial sahələrdəki fərqi tamamilə azalda bildimi?

– Yuxarıda qeyd edildiyi kimi, əməyin və pensiyaların ödənilməsində fərq qalır. Ancaq bu fərq orta hesabla 14 faizə enib. Lakin fərqin əsas səbəbləri birləşmənin nəticəsi deyil. Qərbdə Şərqin bəzi rayonlarına nisbətən daha aşağı məhsuldarlığa malik rayonlar və daha yüksək işsizlik var.

– Brexit və Avropa İttifaqının qeyri-müəyyən gələcəyi fonunda bu gün Almaniyanın xarici siyasətinin prioritetləri nədən ibarətdir?

– Sentyabrın 26-da keçirilən ümumi seçkilərdən sonra parlamentdə çoxluq hələ müəyyənləşdirilməyib. Siyasi partiyaların üç müxtəlif kombinasiyası mümkündür, lakin hələ də hökumətə sağ-mərkəzçi xristian demokratlara , yoxsa sol-mərkəzçi sosial-demokratların rəhbərlik edəcəyi məsələsi açıq qalır; istənilən halda hər ikisinin Yaşıllar Partiyasının (ekoloji-mülki hüquq) və liberalların dəstəyinə ehtiyacı var. Həmçinin xristian demokratlar və sosial demokratlar arasında yenilənmiş koalisiya variantı da mümkündür. Buna baxmayaraq, bütün hallarda Almaniyanın gələcək xarici siyasəti əminliklə ona əsaslanacaq ki, yalnız qaydalara əsaslanan dünya düzəni çərçivəsində, insan hüquqlarına və demokratik iştirak prinsipinə hörmətlə yanaşmaqla yeni və mövcud çağırışları uğurla həll etmək mümkün olacaq.

Avropa İttifaqına həm texnologiya, həm də təhlükəsizlik sahəsində öz suverenliyi lazımdır – bu, ancaq etimad şəraitində, yəni İttifaqın dəyərlərinin təkcə onun hüdudlarından kənarda deyil, həm də onun daxilində qorunması şərtilə vətəndaşlar üçün məqbul olacaq. Transatlantik alyans və onun fəaliyyəti balanslaşdırılmalıdır. Biz Çin və Rusiyanın iradlarına inandırıcı cavablar tapmalıyıq.

– Bu gün Azərbaycan Almaniyanın birləşməsinə bənzər bir proses yaşayır. Keçən ilin payızında Azərbaycan öz ərazisinin bir hissəsini azad etdi. Almaniya şirkətləri azad edilmiş ərazilərdə reabilitasiya layihələrində iştirak etməkdə maraqlıdırmı?

– Almaniya-Azərbaycan Ticarət Palatası birinci “Rebuild Karabakh” ticarət yarmarkasında Almaniya şirkətləri üçün birgə sərgi stendi hazırlayır. Sərgi 20-22 oktyabr 2021-ci il tarixlərində Bakıda keçiriləcək. Əminəm ki, Azərbaycanda iştirak edən Almaniya şirkətləri Cənubi Qafqazda bizim böyük ticarət tərəfdaşlığımızda fəal iştirakda maraqlıdırlar və bu imkana müsbət reaksiya verəcəklər.

– Gələn il Azərbaycan və Almaniya diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəklər. Siz ikitərəfli münasibətlərin tarixini necə qiymətləndirərdiniz, hesab edirsinizmi ki, bu əməkdaşlıq potensialından tam istifadə olunur?

– Bizim ümumi tariximiz 1992-ci ilin fevralında diplomatik və konsulluq münasibətlərimizin bərpasından xeyli uzundur. Mədəni və iqtisadi əlaqələr hələ 16-cı əsrdə qurulub, 200 il öncə alman mühacirlərin və XIX əsrdə ilk fəxri konsulların Azərbaycana gəlişilə ikitərəfli münasibətlərimiz daim yüksəlib. Birgə tarix ikitərəfli münasibətlərimizi göstərir: bu, təkcə hökumətlər arasında deyil, həm də xalqlarımız arasında olan münasibətlərdir. Burada real potensial var: ümid edirəm ki, yaxın vaxtlarda mədəniyyət, təhsil, elm, gənclər və idman sahələrində əməkdaşlıq haqqında yeni saziş imzalamaq mümkün olacaq.

Almaniyanın dövlət mədəniyyət müəssisələri- Gete İnstitutu, Alman Akademik Mübadilə Xidməti, Xaricdəki Alman Məktəbləri Mərkəzi Agentliyi, eləcə də Azərbaycanın Berlindəki səfirliyinin nəzdində yeni Mədəniyyət İnstitutu fəal əməkdaşlıq edəcəklər.

– Azərbaycan iqtisadiyyatının hansı sahələri almaniyalı invesorlar üçün maraqlıdır?

– Almaniya iqtisadi landşaftı kiçik və orta müəssisələrin olması ilə xarakterizə olunur. Buna görə də, onlar pul yatırmazdan öncə iki dəfə düşünməlidirlər. Lakin onlar biləndə ki, investisiya qoyuluşu üçün şərait rahatdır, o zaman qalırlar. Lakin onlara etibarlı hüquqi sistem, pulla ələ alınmaz hakimlər və şəffaf administrasiya, ixtisaslı işçilər lazımdır. Belə bir şəraitdə kənd təsərrüfatı, logistika, səhiyyə və turizm sektorlarında imkanlar görürəm.

– İki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın bərpası gözlənilirmi? Azərbaycan hakimiyyətilə Almaniya fondlarının (Nauman, Ebert, Adenauer) Azərbaycanda fəaliyyətinin bərpası məsələsi müzakirə olunurmu?

– Almaniya siyasi partiyalarının altı siyasi fondu (Konrad-Adenauer, Fridrix-Ebert, Fridrix-Nauman, Henrix-Böll, Hans-Zaydel və Roza-Lüksemburq fondları) unikaldır: onlar müharibədən sonra yaradılıblar. Əsas vəzifələri alman xalqını demokratik dəyərlər üzərində tərbiyə etmək idi. Xaricdə onlar Almaniya və digər ölkələr arasında münasibətləri möhkəmləndirmək üçün işləyirlər. Hökumət fondların müvafiq fəaliyyət növlərini maliyyələşdirir: sahibkarlarla əməkdaşlar arasında məhsuldar qarşılıqlı fəaliyyət üçün sağlam mühitin yaradılması və dəstəklənməsi; iqlimin və təmiz ətraf mühitin mühafizəsi barədə məlumatlılığın artırılması; administrasiyanın və parlamentarilərin kvalifikasiyasının artırılması.

Fondlar yerli tərəfdaşlarla – hökumətlər, parlamentlər, KİV, biznes assosiasiyaları, həmkarlar ittifaqları və s. ilə əməkdaşlıq edirlər. Xarici İşlər Nazirliyi və Almaniya səfirliyi ev sahibi olan ölkənin qanunvericiliyinin pozulmaması üçün mümkün nəticələri qiymətləndirirlər. Odur ki, ümidvaram ki, Azərbaycan hökuməti Almaniya siyasi fondlarının qayıtmasına razılıq verəcək və fəaliyyət üçün onlara lazımi məkanı ayıracaq. Bu, əlbəttə ki, “beşinci kolon” deyil.

– Almaniya Azərbaycanda azad KİV-lərin inkişafına hansı dəstəyi verə bilər?

-Azad KİV jurnalistlərin iqtisadi müstəqilliyinə və bacarıqlarına əsaslanır. Əgər KİV-in jurnalist məzmunu müəyyən maraqlı tərəflərin reklamı kimi iqtisadi məhdudiyyətlərlə bağlıdırsa, azadlıq məhdudlaşdırılır. İqtisadi baxımdan müstəqil olmaq üçün KİV sahiblərinin işğüzar bacarıqları vacibdir. Almaniyada bir böyük nəşriyyat qismən jurnalistlərə məxsusdur. Əlbəttə, belə tikintidə şirkətin idarə edilməsində müəyyən təcrübə qaçılmazdır. İkincisi, azad KİV-ə məsuliyyətli jurnalistlər lazımdır. KİV-lə vicdanla qarşılıqlı fəaliyyət göstərən, həmçinin tənqidi məqalələri qəbul edən hökumət ictimaiyyətə müraciət zamanı üstünlüyə malik olur. Şayiələr yaymayan, ancaq öz peşəsini yaxşı araşdırma bacarığı sayəsində bilən və yüksək maarifləndirmə standartlarına riayət edən vicdanlı jurnalistlər isə ölkənin siyasi elitası ilə yaxşı və etibarlı münasibətlərdən qazanırlar.

Təəssüf ki, son 18 ay ərzində pandemiya Azərbaycanda jurnalistlərin tədrisi üzrə kompleks proqrama başlamaq barədə Almaniya səfirliyinin təklifinin qarşısını alıb. Proqram siyasi sinif və kütləvi informasiya vasitələri arasında intensiv dialoqu da əhatə edir. Ancaq mən ümid edirəm ki, fiziki cəhətdən adamlarla görüşmək imkanlarının artmasını nəzərə alaraq, biz tezliklə bu proqrama başlaya biləcəyik.

– Bir tərəfdən Almaniya və Avropa İttifaqı insan əlaqələrinin və mübadilələrin genişlənməsini dəstəkləyirlər. Digər tərəfdən, hətta Avropada təhsil almaq istəyən Azərbaycan vətəndaşlarına da Şengen vizası almaq çətindir. Readmissiya haqqında müqavilə kontekstində bu cür maneələr nə dərəcədə məqbuldur?

– İnsan mübadiləsi, xüsusən gənclər, tələbələr, işçi-miqrant, eləcə də onların ailələrinin mübadiləsi, Avropa İttifaqı və Azərbaycan arasında mübadilə qonşuluğumuzun möhkəmlənməsi üçün həlledici əhəmiyyətə malikdir. Hətta pandemiya və bütün dünyada səyahətlərə məhdudiyyətlər zamanı Almaniya vizalar, xüsusilə də Almaniyaya viza ala bilən tələbələrə və ixtisaslı mütəxəssislərə vizalar verməyə başladı.

Almaniya və Azərbaycan Avropa İttifaqı ilə Azərbaycan arasında readmissiya haqqında sazişin daha yaxşı həyata keçirilməsinə kömək edəcək readmissiya protokolunu imzalamağı planlaşdırırlar. Bu sazişlər səfərlərin gələcəkdə daha da asanlaşdırılmasına və qısamüddətli səfərlər üçün viza tələblərinin ləğvinə yol açmaqda kömək edəcək.

Bənzər yazılar

Back to top button