“İran Azərbaycanı gələcəyin şiri olaraq görür” – Politoloq İranın son təhdidlərinin səbəblərini açıqladı

by Aztoday Xəbər Portalı

Politoloq Araz Aslanlı İranın Azərbaycana qarşı son təhdidlərini şərh edib.

AzToday.az xəbər verir ki, politoloq İranın son siyasətinin dərin strateji səbəbləri ilə yanaşı 44 günlük müharibədən sonrakı mərhələyə dair 2 xüsusi səbəbi olduğu fikrindədir:

1. Adətən çox peşəkarca idarə olunan İran xarici siyasəti Yaxın Şərqdə arxa-arxaya aldığı zərbələrin (xüsusilə sui-qəsdlər) üstünə Azərbaycanın İran üçün gözlənilməz olan zəfəri də gəlincə bir qədər “sərsəmlədi” və ilk dəfə bu qədər strategiya böhranı yaşayır.

2. İranın hədəfi bu günkü Azərbaycan deyil, gələcəkdəki Azərbaycandır: ərazi bütövlüyünü bərpə etmiş, qalib, inkişaf potensialı yüksək olan Azərbaycan. İran Ermənistanın bacarmadığını etməyə çalışır: Azərbaycan Respublikasını onun üçün çox təhlükəli səviyyəyə gəlmədən gərginliyin içinə çəkmək, güc itkisinə səbəb olmaq.

1994-cü ildən sonrakı mərhələdə Azərbaycanın getdikcə gücləndiyini anlayan Ermənistan dəfələrlə Azərbaycanı təxribata çəkərək vaxtından öncə güc itkisinə səbəb olmaq istədi. 2020-ci ildəki Şuşa təxribatı və iyuldakı Tovuz təxribatı Ermənistanın son təşəbbüsləri oldu. Amma bacarmadı. Azərbaycan tarixi məqamı gözlədi, Ermənistan istədiyi zaman deyil, özünü hazır hiss etdiyi zaman, Ermənistanın son təxribatına lazımı cavabı verdi.

İran əslində özünü şir olaraq görmür. Azərbaycanı gələcəyin şiri olaraq görür. Xəyalında gələcəkdəki Azərbaycanı özü üçün təhlükəli görərək təxribata çəkməyə çalışır. İran-Azərbaycan gərginliyindən zövq alan bəzi xarici dövlətlər bunu təhrik edir, İran da yanlış strategiya ilə bu tələyə düşür.

Halbuki, Azərbaycan bütün qonşuları ilə normal münasibətlərə malik olmaq istədiyini deyir. Bunu dəfələrlə də siyasəti ilə sübut edib. İran üçün məqbul olan Ermənistandan fərqli olaraq yanlışlarından mümkün qədər tez dönməsidir.

Orxan Məmmədli

AzToday.az

Bənzər Yazılar