Hadisə

120 manat ödəyib, həkim otağına daxil ola bilərsiniz…

Son iki il ərzində sanki xəstəliklə, ölümlə çiyin-çiyinə yaşamalı olmuşuq. Əvvəllər adi qripdir deyib ayaq üstə keçirdiyimiz xəstəlik bu gün ən qorxulu kabusumuza çevrilib.

Vay o gündən ki, yüngülvari boğaz ağrısı, halsızlıq hiss edək. O dəqiqə düşürük işə-başa ki, birdən o zəhrimara tuş gəlmiş olarıq, xəbərimiz olmaz. Bu səbəbdən də xəstəxanalara günün hansı saatı yaxınlaşsaq, insan axınının şahidi oluruq. Xəstəxanalar isə bu axını görüb “fürsət bu fürsətdir” deyərək vəziyyətdən yaxşıca yararlanırlar.

Heç birimizə sirr deyil ki, dövlət xəstəxanalarında özbaşınalıq, “görüm-baxım” halları çox olduğu, barmaqla sayılacaq qədər yaxşı həkim qaldığı üçün insanların bu xəstəxanalara inamı ölüb. Böyük bir kütlə dərdinin çarəsini, əlacını tapmaq üçün özəl xəstəxanalara üz tutmalı olur.

Özəl xəstəxanalar isə tam bir soyğunçuluqla məşğuldur. Bir neçə il əvvəl özəl xəstəxanalarda həkim müayinəsi 40 manat idisə, artıq bu gün 60 manat və daha yüksək məbləğə qalxıb. Bir kəlmə söz belə soruşmaq istəsəniz, mütləq 60 manatı kassaya ödəyib sonra həkimin otağına daxil ola bilərsiniz.

Hətta hər ay yoxlanışı mütləq olan körpələr üçün də bu məbləğ tələb olunur. Əgər bir ailədən iki uşaq aparırsınızsa, düşünməyin ki, sizi nəzərə alıb, hansısa endirim edəcəklər. Kassaya birbaşa 120 manat ödəyib, sonra həkim otağına daxil ola bilərsiniz.

Təbii ki, bu rəqəmlər təkcə həkim konsultasiyası üçün nəzərdə tutulub. Analizlər, uzilər, kardioqramlar və s. qiyməti daha yüksəkdir. Məsələn, bir çox xəstəxanalarda uşaq üçün eko-kordioqramın qiyməti 110 manatdan başlayır və bu rəqəm daha da yüksək ola bilir.

Bu xəstəxanalara isə heç bir qurum tərəfindən nəzarət olunmur. Bir sözlə, insaların həyatı taleyin ümidinə buraxılıb. Ona görə də çalışaq, sağlam olaq!

Bizimyol.info

Bənzər yazılar

Back to top button