Ani hücum olarsa, Azərbaycan qələbə qazana bilər (TƏHLİL)

Print Friendly, PDF & Email

Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağın mənsubiyyəti ilə bağlı hərbi münaqişənin güclənməsi qaçılmazdır. Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin ekspertlərinin “Fırtına gözləyərkən: Cənubi Qafqaz” adlı məruzədə əks olunan rəyi belədir, xəbəri RBK yayıb.

Mərkəzin analitikləri Azərbaycan və Ermənistan arasında münaqişənin gərginləşməsi ehtimalının yüksək olduğu barədə xəbərdarlıq edirlər. Həm də, ekspertlərin fikrincə, azərbaycanlıların ermənilərdən hərbi üstünlüyü getdikcə daha aydın görünür.

Münaqişə bir neçə səbəbdən: Azərbaycanın texniki üstünlüyü, neft qiymətlərinin artması ehtimalı, demoqrafik tarazsızlıq, habelə ermənilərin işğal etdikləri Qarabağ ətrafındakı Azərbaycan ərazilərini hüquqi cəhətdən təsbit etməsinin qeyri-mümkün olması ilə əlaqədar kəskin şəkildə gərginləşə bilər.

Qarabağ münaqişəsindən (1991-1994) sonra on il ərzində bir tərəfdən Azərbaycan, digər tərəfdən isə Ermənistan və tannmamış “Dağlıq Qarabağ Respublikası” (“DQR” – dırnaq işarəsi bizə aiddir) arasında tarazlılıq var idi. 1990-cı illərdə Azərbaycana silah ixracına qoyulmuş Amerika embarqosu və Rusiyanın Ermənistanı dəstəkləməsi Cənubi Qafqaz regionunda qüvvələri bərabərləşdirirdi.

2000-ci ildə – neftin qiyməti kəskin şəkildə bahalaşdıqdan sonra dəyişiklik baş verdi, deyə mərkəzin ekspertləri qeyd edirlər. Qüvvələr nisbəti Azərbaycanın – neft hasilatı inkişaf etmiş ölkənin xeyrinə dəyişdi. Neft dollarları axını Azərbaycana hərbi xərclərini və ordunun sayını artırmağa imkan verdi. Məruzə müəlliflərinin hesablamalarına görə, 2001-ci ildə ölkənin hərbi büdcəsi 300 mln. dollar təşkil edirdisə, 2013-cü ildə 3,7 mlrd. dollara çatıb və Ermənistanın bütün dövlət büdcəsinə bərabər olub, deyə məruzədə qeyd edilir.

Military Balance-ın məlumatına görə, 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sayı 126 min nəfərə çatıb. “İdari hissələri, prezident qvardiyasını və müxtəlif hərbi birləşmələri, habelə mülki heyəti nəzərə almaqla, Azərbaycanda əli silahlı insanların ümumi sayı ən az 250 min nəfər təşkil edir”, deyə Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzi qeyd edir.

Ermənistanın Silahlı Qüvvələri 2002-ci ildən bu günə qədər təxminın 45 min nəfər təşkil edir. “Dağlıq Qarabağ müdafiə ordusu”nun sayı təxminən 20 min nəfərdir, onların yarısı Ermənistandan çağırılan əsgərlərdir.

Neft pullarının axını Azərbaycan ordusunun yenidən genişmiqyaslı silahlanmasına başlamağa imkan verib. Çox sayda Müasir əsas tanklar, zirehli döyüş maşınları, zenit raket kompleksləri, təyyarələr, helikopterlər, tank əleyhinə idarə olunan raketlər, artilleriya sistemləri, aşkar etmə vasitələri (gecə görüş cihazları, lazer kəşfiyyat cihazları, termal görüş alətləri) və pilotsuz uçan aparatlar alınıb. Əsas tədarükçülər İsrail, Ukrayna, Belarus, Gürcüstan, Türkiyə və Rusiya olub. Bakının yeni imkanları “aprel müharibəsi” (2016-cı ilin aprelində Dağlıq Qarabağda dörd günlük müharibə) zamanı nümayiş olunub: qarşıdurmalar göstərib ki, müasir texnika ilə təchiz edilmiş Azərbaycan qoşunları gecə döyüş əməliyyatlarında üstünlüyə malikdir.

Azərbaycanın güclənməsi Rusiyanın reaksiyasına səbəb olub, 2013-cü ildən ölkə Ermənistana silah ixracını artırıb. 2016-cı fevralında ona silah alınması üçün 200 mln. dollar məbləğində kredit verilib. İxracata “Smerç” yaylım atəşli raket sistemi qurğuları və onların raketləri, daşınan zenit raket kompleksləri, radiotexniki kəşfiyyat vasitələri, “TOC-1A” odsaçan sistemlər, yüngül silahlar və piyada silahları daxil idi. Bundan başqa, “aprel müharibəsindən” sonra Yerevan “DQR”-də çatışmayan fərdi gecə görüş cihazları və termal görüş alətləri, hərəkət ötürücüləri, lazer kəşfiyyat cihazları və pilotsuz uçan aparatlar alıb.

Və baxmayaraq ki, dünyada neft qiymətlərinin düşməsi ilə əlaqədar Azərbaycanda hərbi xərclər azalmağa başladı və 2015-ci ildən 1,55-1,7 mlrd. dollar təşkil edir, orta və uzunmüddəli gələcəkdə Ermənistan tərəfi üçün bu xərclər əlçatmazdır, Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin ekspertləri belə hesab edirlər. 2017-ci ildə Ermənistanın hərbi xərcləri 440 mln. dollar, 2016-cı ildə 436 mln. dollar təşkil edib.

Müəlliflər demoqrafik tarazsızlığı da qeyd edirlər.

Demoqrafik tendensiya dəyişməsə, Ermənistan əhalisi 2030-cu ildə 3 mln. nəfərə və 2050-ci ildə 2,7 mln. nəfərə qədər azala bilər. BMT-nin hesablamalarına görə, Azərbaycan əhalisi 2030-cu ilə qədər 10,7 mln., 2050-ci ilə qədər 11 mln. nəfərə qədər artacaq, deyə analitiklər qeyd edirlər.

Bakı demoqrafik artımla da əlaqədar olan, artan sosial gərginliklə üzləşir, deyə məruzədə bildirilir. Həyatını qura bilməyən kənd gənclərinin şəhərlərə axını ciddi daxili siyasi risk amilidir.

Ermənistanın istənilən zəiflik nümayiş etdirməsi Bakı üçün Dağlıq Qarabağda yeni hərbi əməliyyatlara başlamaq üçün bəhanə ola bilər. Və hücum ani olsa, Bakı qələbə qazana bilər. Hələik münaqişənin hüquqi yolla həllinə ümid etmək olmur, Mərkəzin analitikləri belə hesab edirlər. “Qarabağın mənsubiyyəti məsələsinin müzakirəsinin özündə Azərbaycan tərəfindən keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin tərkibinə daxil olmayan ərazilərin onlara qaytarılması şərti irəli sürülür. Bu arada hətta yalnız Ağdam və Füzuli rayonlarının qaytarılması ehtimalı belə ermənilərin müdafiəsini xeyli zəiflədərdi, Laçın və Kəlbəcər rayonlarının qaytarılması isə onu tamamilə sarsıdar”, deyə məruzə müəllifləri izah edirlər.

“Qarabağın faktiki statusu beynəlxalq aləmdə leqallaşdırılmayıb, Ermənistan tərəfi, müqayisəolunmaz iqtisadi və demoqrafik resursları olduğu halda, daim Azərbaycanla silah yarışına məhkumdur”, hərbi ekspertlər belə nəticəyə gəlirlər. Rusiya amilinə gəlincə, Moskva dəyərli tərəfdaşı və mütləq müttəfiqi ilə münasibətlərində tarazlığı qorumaq kimi mürəkkəb məsələni həll edir və Suriya və Donbassın ardınca, daha bir münaqişəyə çox ağır hərbi müdaxiləsinə yol verməməyə çalışır.

Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzi Rusiyanın müdafiə və təhlükəsizlik sahəsində geniş məsələlər spektrinin – dünya ölkələrinin silahlı qüvvələrinin strukturu və vəziyyəti, müdafiə sənayesi, hərbi-texniki əməkdaşlıq kimi məsələlərin araşdırılması ilə məşğul olan aparıcı elmi araşdırma təşkilatıdır. (Turan)